İctimai asayişin pozulmasını planlayanlar ən sərt şəkildə cəzalandırılmalıdırlar
2 Dekabr 2021 17:11 SosialAzərbaycan çox həssas bir dönəmdə yaşayır. Hazırda ölkə, dövlət olaraq elə bir mərhələdəyik ki, Azərbaycanın uğurunu, gücünü, potensialını, ən əsası 44 günlük Vətən müharibəsindəki tarixi zəfərini qəbul edə bilməyən xarici antiazərbaycan qüvvələr və onların daxildəki əlaltıları Azərbaycana qarşı istənilən məkirli, çirkin oyunlrdan istifadə etməklə onu zəiflətməyə çalışırlar. Son günlərdə ölkənin icimai-siyasi həyatında baş verənlər fonunda bunu aydın görmək mümkündür.
Ölkədə cərəyan edən proseslər xaricdə də diqqətlə izlənilir və Azərbaycandan kənarda yaşayan soydaşlarımız da dövlətimiz, dövlətçiliyimizə qarşı yönıələn təhdidləri kəskin pisləyirlər. Fransada siyasi mühacir həyatı yaşayan, bir müddət əvvəl, daha doğrusu Vətən müharibəsində tarixi zəfərimizdən sonra dövlət başçısına etdiyi müraciət əsasında Azərbaycana gəlməsinə icazə verilən Elnur Məcidli də ölkə daxilində baş verənləri müşahidə edərək müəyyən qənaətə gəlib: "Bəlkə siz də şahidi olmusunuz, baxçada, məktəbdə elə öz evinizdə bəzən görürsən ki, bir uşaq nəyisə qurmağa çalışır, yaxud plastik kvadratları (legolar) üst-üstə yığır, digər uşaq gəlib onun qurduğunu dağıdıb qaçır. Öz övladınız belə, bunu etsə, bu çox əsəb pozucudu.
Azərbaycanda son baş verənləri də elə bu fonda dəyərləndirmək lazımdır. Hakimiyyət daxilində bir qrup, səbrlə, böyük əzmlə, min-bir maneəni aşaraq islahatlar aparmağa çalışır, bir çox halda böyük fədakarlıqlar ortaya qoyurlar ki, ölkədə hansısa bir proses müsbətə doğru dəyişsin, ictimai məmnunluq yaransın. Bir də, qudurğan, harınlaşmış, öz kreslosuna yapışan, qatı korrupsionerləşmiş qruplaşma var, onlar hər vəchlə islahatlara mane olurlar, sədd çəkməyə çalışırlar".
Elnur Məcidli deyib ki, birinci qrupun gördüyü işləri, ikinci qrup bir göz qırpımında darmadağın etməyə, yeniləmə və yeniləşmə prosesini dayandırmağa çalışır: "Hikkədolu, özünübəyənmiş, harın və qudurğan tiplərin formalaşdırdığı ikinci qrupa, heç bir halda, hər nə olursa olsun, tolerantlıq göstərmək olmaz. Onlar hər etdikləri mundarlığı, qanunazidd və qanundankənar hərəkətləri dövlətçilik şüarının arxasında gizlətməyə çalışa bilərlər, ancaq etdiklərinin heç bir dövlətçilik, hüquqi-siyasi-vicdani normayla əlaqəsi yoxdur. Bu adamlar 30 ildə, bir gün belə olsun, Azərbaycanın, dövlətçiliyimizin maraqlarını düşünməyiblər, ölkəmizin inkişafı, xalqımızın rifahı üçün çalışmayıblar, ancaq öz ciblərini doldurmaq, dövlət büdcəsini talamaq və onlara göstərilən siyasi etimada xəyanət etməklə məşğul olublar. Onlar üçün vəzifə, xalqa və dövlətə xidmət yox, dövlət büdcəsini mənimsəmək, bu yolda xalqı incitməkdir".
Elnur Məcidli qeyd edib ki, son iki ildə aparılan siyasi islahatlar fonunda, bu qruplaşmanın başında olanların xeyli hissəsi ölkə prezidenti tərəfindən vəzifələrindən uzaqlaşdırıldı, lakin hələ də onlara dərs olmayıb: "Bundan sonra, bu qruplaşmaya qarşı daha sərt davranılmalı, burunları ciddi şəkildə sürtülməlidir, bu gün edilən zorakılıqların adı, dövlətə qarşı təxribatdır. Helikopter qəzasında həlak olan, şəhid zabitlərimizin yasını tutarkən, bu qəzanın səbəblərini sorğularkən, gündəmin zoraki manipulasiya və təxribatlarla dəyişdirilməsi cəhdini də görməliyik. Azərbaycan dövlətçiliyinə, stabilliyinə təhlükə törədəcək hər bir addım, ictimai asayişin pozulmasını, daxili vətəndaş qarşıdurmasını planlayanlar, vətəndaşı mövqeyi nə olursa olsun, incidərək, ictimai narazılığın artmasına cəhd edənlər, ən sərt şəkildə cəzalandırılmalıdırlar".
Elnur Məcidli onu da qeyd edib ki, islahat prosesi, öz-özlüyündə çox ağrılı və sancılı prosesdir, hər kəsi razı salmaq mümkün deyil: "Vəzifəsindən uzaqlaşdırılanların qisas və təxribat cəhdlərinin qarşısı həmən alınmalı, bu yöndə ən sərt tədbirlər görülməlidir. Bu baxımdan, gələcək təxribatları önləmək üçün, Azərbaycan dövlətinin içinə sızmış, kök salmış bu irticai qruplaşmanın kökü qazınmalı, dövlət resurslarıyla dövlətçiliyimizə zərbə vurmalarına imkan verilməməlidir".
Məhəmməd