Uşaq və gənclərin mənəvi və fiziki tərbiyyəsini təmin edən amillər

İstiqamət: uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Uşaq və gənclərin mənəvi və fiziki tərbiyyəsini təmin edən amillər

Məlum olduğu kimi uşaqların fiziki tərbiyəsi onların sağlamlıq vəziyyətinin və fiziki inkişafının yaxşılaşdırılmasına, inkişaf edən orqanizmin funksional imkanlarının artırılmasına, eləcə də hərəkət vərdişlərinin və hərəkət keyfiyyətinin formalaşdırılmasına yönəldilməlidir. Sirr deyil ki, uşaqların fiziki tərbiyyəsinin təşkili uşaq baxçaları və orta məktəblərdən başlanmalıdır. Çünki, məktəbəqədər yaş dövrü uşağın həm fiziki, həm psixofizioloji, həm də şəxsiyyət sahəsində inkişafının keyfiyyətcə dönüş dövrüdür. Elə bu səbədən də uşaq bağçalarının böyük əksəriyyətində uşaqların həm mənəvi, həm fiziki cəhətdən mükəmməl inkişaf etməsi üçün böyük şərait yaradılıb. Əksər uşaq bağçaları təlim-tərbiyə vəsaitləri, qurğularla, hətta kompüterlə, stolüstü elektron oyun vəsaiti ilə təmin edilib. Bu da uşaqların ağıllı, tərbiyəli, vətənpərvər yetişməsinə təkan verir. Lakin bütün görülən işlərə, həyata keçirilən tədbirlərə baxmayaraq hələ də uşaq və gənclərin fiziki və mənəvi inkişafına mənfi təsir göstərə biləcək amillər qalmaqdadır. Birinci Qarabağ Müharibəsi iştirakçısı, ehtiyatda olan kapitan Nofəl Abbasov bildirib ki, çox təəssüf ki, hələ də uşaqların bir çoxu uşaq baxçaları, məktəbəqədər təhsil müəssisələrinin imkanlarından yararlana bilmirlər. Nəticədə həmin uşaqlar erkən yaşlarında zərəli vərdişlərin aludəçisinə çevrilirlər. Belə ki, hazırda uşaqların internet və gecə klublarına maraqlarının artması, erkən yaşda nikaha daxil olmaq, uşaq və gənclərin müxtəlif zərərli dini cərəyanlara cəlb edilməsi təhlükəsi ciddi problemə çevrilib. Bu baxımdan, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün alternativ xidmətlərin yaradılması, erkən nikah və qızların təhsildən yayınmasının qarşısının alınması, baxımsız uşaqların və küçə həyatına məruz qalmış uşaqların reabilitasiyası, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası kimi məsələlərə xüsusi diqqət yetirilməlidir: "Heç şübhəsiz ki, ölkədə uşaq və gənclərin fiziki və mənəvi inkişafını təmin etmək Azərbaycan dövlətinin diqqəti mərkəzindədir. Ancaq o da  faktdır ki, uşaq və gənclərin fiziki və mənəvi inkişafının təmin edilməsində valideyinlərin də rolu xüsusi əhəmiyyət kəsb edir. Elə bu səbədən də valideyinlərin üzərinə böyük məsuliyyət düşür. Lakin bir çox hallarda valideyinlər özəri uşaqların mənəvi inkişafına əks təsir edən addımlar atmaqda bulunurlar. Belə halların qarşısının alınması məqsədilə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində ciddi addımlar atılmaqdadır. Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" qanuna əlavə edilən yeni maddə də bu məqsədə xidmət edir. Dəyişikliyə görə, Azərbaycanda yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanması sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin öz vəzifələrini yerinə yetirməməsi məsuliyyətə səbəb olur".

N.Abbasov qeyd edib ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti də sağlam və intelektual nəslin formalaşmasına səbəb olub. "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir" - deyən Ümummilli lider tərəfindən həyata keçirilən tədbirlər gənclərin intellektual, kreativ və mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərin həllinə, faydalı məşğulluğun təmin edilməsinə imkan yaratdı. Görülən tədbirlərin nəticəsində sağlam və vətənpərvər ruhda yetişən Azərbaycan gəncləri milli-mənəvi dəyərlərin qorunmasında, elmi, intellektual potensialın reallaşdırılmasında əhəmiyyətli rol oynamağa, dövlət institutlarında təmsil olunmağa başladı, dövlət müstəqilliyinin keşiyində duran vahid qüvvə kimi formalaşdılar. Etiraf edilməlidir ki, bu gün prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri də gənclərə dövlət dəstəyinin gücləndirilməsi, onlara hərtərəfli diqqət göstərilməsidir. Xüsusən, son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib. Məhz bu kimi tədbbirlərin nəticəsidir ki,  Azərbaycan gənci, Azərbaycan əsgəri 44 cəmi gün ərzində məğlubedilməz obrazı yaradılmış erməni ordusunu darmadağın etdi. Məhz Azərbaycan gənclərinin fədakarlığı, qəhrəmanlığı sayəsində  tarixi ədalət bərpa edildi. Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərdi və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bir sözlə, Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpağımızı işğalçılardan azad etdi. Ölkə başçısının Şuşadan qeyd etdiyi kimi "Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi". Təkcə bu baxımdan qeyd etmək olar ki, Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan vaxtilə qeyd etmişdi: "Mən görürəm ki, yeni, müasir nəsil yetişir. Müstəqillik dövründə doğulmuş və ya formalaşmış nəsil yetişir. Müasir, vətənpərvər və mənəvi cəhətdən sağlam yeni nəsil ölkəmizin gələcəyini müəyyən edəcək. Ölkəmizin müstəqilliyi, firavanlığı onlardan asılı olacaq. Onlar milli maraqları bizim qədər, heç nəyə baxmadan müdafiə etməlidir. Heç bir təzyiqə, hədə-qorxuya, əsassız ittihamlara baxmayaraq, Vətən məhəbbəti və milli dəyərlər onlar üçün hər şeydən üstün olmalıdır. Amma buna nail olmaq üçün onlar milli ruhda tərbiyə almalıdırlar. Əgər qloballaşma adı ilə bizə yad olan və faktiki olaraq manqurtlaşma, eyniləşmə siyasəti idxal ediləcəksə, onda bizim gənclərimiz gələcəkdə ölkəmizin maraqlarını qoruya bilməyəcəklər. Bu, təkcə Təhsil Nazirliyinin vəzifəsi deyil, bu prinsiplər, ilk növbədə, ailələrdə, məktəbdə, uşaq bağçasında, ali məktəbdə, orduda və cəmiyyətdə üstünlük təşkil etməlidir". Dövlət başçısının məhz bu çağırışı gənclərin milli ruhda, xalqımızın ənənəvi dəyərləri əsasında inkişafına zəmin yaratdı ki, nəticədə qalib Azərbaycan gənci formalaşdı".  

Alim Hüseynli

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31