Helikopterə yüklənmiş mərmilər partlayıb? - Qəzadan sağ çıxanlar danışdılar VİDEO

Dövlət Sərhəd Xidmətinin hərbi helikopterin Xızıdakı "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması ilə bağlı müxtəlif ehtimallar səsləndirilir. Qəzanın səbəbi kimi irəli sürülən fikirlərdən biri də odur ki, helikopter döyüşə, yəni təlimə hazır vəziyyətdə olub. Nasazlıqdan yanğın baş verdiyi üçün helikopterdəki mərmilər də partlayıb və nəticədə göyərtədə olan 14 hərbi qulluqçu həlak olub, 2-si isə yaralanıb.

Dominant.az xəbər verir ki, qəzadan sağ çıxan şahidlər "BAKU.TV"yə müsahibə veriblər. Hazırda Dövlət Sərhəd Xidmətinin qospitalında müalicə alan Palkovnik-leytenanat Emil Cəfərov və kapitan Ramin Ədilov hadisənin detallarını danışıblar. Palkovnik-leytenanat Emil Cəfərov bildirib ki, helikopter yerə eniş edərkən qəzaya uğrayıb, uçuş zamanı helikopterdə heç bir nasazlıq, təhlükəli vəziyyət, təhlükəli metioşərait olmayıb, məhdudiyyətlər aşılmayıb.

Yaralı kapitan Ramin Ədilov isə helikopterin mərmi yüklü olması və qəza zamanı həmin mərmilərin partlaması ilə bağlı ehtimallara aydınlıq gətirib. Onun sözlərinə görə, təyyarə səhər saat 10:15-də Qaraheybət istiqamətində poliqon atışlarını yerinə yetirmək üçün hərəkətə başlayıb: "Helikopter enişi yerinə yetirib, hərbi heyəti düşürdükdən sonra döyüşə hazırlanacaqdı, atışı yerinə yetirəcək heyətlə birlikdə havaya qalxaraq atışı yerinə yetirəcəkdi. Qaraheybət poliqonunda əvvəlcədən seçilmiş meydançaya eniş edərkən anidən helikopter sürətlə idarəetməni itirdi və yerə çırpıldı. Enişə gəldiyimizə, hündürlük az olduğuna görə heç bir manevr etmək mümkün olmadı".

Sözügedən materialın videosunu da təqdim edirik:

Qeyd edək ki, qəza ilə bağlı dərhal cinayət işi açılıb, Baş Prokurorluq, Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidmətinin peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb. Baş prokuror hadisəni xüsusi nəzarətə götürüb. Qəzaya uğrayan hərbi helikopterin elə dünən "qara qutu"su tapılıb. Helikopterin qəzaya uğraması faktında hər hansı kənar müdaxilənin olması istisna olunur.

Mənbə: dominant.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31