VƏTƏNÇÜN ÖLMƏYİ ŞİRİN VƏ ŞƏRƏF SAYAN İGİD

Əminə YUSİFQIZI,
Respublikanın əməkdar jurnalisti 

Salahlı kənd qəbristanlığında uyuyan 4 şəhiddən biridir Muraz Məhərli.
İkinci Qarabağ müharibəsinin ilk şəhidlərindəndir Məhərli Muraz Baxşalı oğlu.


1993-cü ilin 21 dekabrında rayonun Salahlı kəndində anadan olan Muraz kənddəki tam orta məktəbdə təhsil alıb.
Hərbi xidmətini başa vuran gənc müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi 2016-cı ildən Zaqatalada yerləşən daxili qoşunlarda 3 il xidmət edib. Müqaviləsi bitdikdən sonra Yevlax rayonunda "N" saylı hərbi hissədə öz qulluğuna davam edib. O, İkinci Qarabağ müharibəsinə də il yarım xidmət etdiyi hərbi hissədən gedib.
Bu, ürəyi arzu, gələcəyi ilə bağlı xoş xəyallarla dolu olan gəncin bir neçə sətirə sığan tərcümeyi-halıdır. Amma yüksəldiyi məqam onun adını xalqının qəlbinə yazıb - qəhrəman kimi.


Muraz müharibənin ilk günü, Tərtər rayonunun Çaylı kəndi istiqamətində gedən döyüşdə həyatını itirib. Düşmənin iki postunu aldıqdan sonra erməni snayperi tərəfindən sinəsindən aldığı yara ilə şəhid olub.
Kənddə kimdən xəbər alsan, Murazın ailəsi haqqında, özü barəsində xoş sözlər eşidərsən.
Ailədə iki qardaş olublar. Elçin və Muraz. Atalarını erkən itiriblər. Ana Nahidə Həsənova sevimli oğlunun itkisi açısını, yoxluğu dərdini tək çəkməli olub. Murazının ölümündən keçən müddət ərzində gözünün yaşı qurumayan, dilinin ağısı, oxşaması, laylası dayanmayan ana aylardır ki, həm də kənd qəbristanlığına gedən yolun daimi yolçusudur. Onu nə əsən külək, nə yağan yağış yolundan edə bilmir.
Evə dönəndə isə ayırıb öz əlləri ilə bəzədiyi, Murazının əşyalarının yer aldığı otaq olur yeri. O otaqda hər şey Murazı xatırladır.
...O günü, Murazının ölüm xəbərini aldığı dəhşətli tarixi belə anladır Nahidə xanım:
- Balam elə müharibənin başladığı gün, sentyabrın 27-də düşmən gülləsinə tuş gəlib. Müharibənin başlanması xəbəri kəndimizdə də həyəcan yaratmışdı. Adamlar dəstə-dəstə toplaşır, rəsmi, qeyri-rəsmi alınan xəbərləri bir-birinə deyir, orduya necə yardım etməklə bağlı fikir söyləyirdilər. Murazın döyüşlərdə iştirak etdiyini bildiyimdən evdə-eşikdə, həyət-bacada özümə yer tapmırdım, ürəyim səksəkədə idi. Səhər-səhər qardaşı ilə telefonla danışmışdı, demişdi ki, bura dəhşətdir.
Şər qarışdı, iş-güclə başımı qatmağa, fikrimə pis şeylər gətirməməyə çalışırdım. Gecə  saat 12, ya bir az gec olardı, həyət darvazamızın qarşısında səslər eşitdim. Yaxınlaşdım, amma qapını açmadım, adamların asta-asta danışıqlarından bir şey anlamasam da, təcili tibbi yardım maşınının səsindən nə olduğunu başa düşdüm, evə doğru qayıtdım və içəridəkilərə səsləndim ki, durun, evim yıxılıb, Murazım yoxdu.
Şəhid anası yetimçiliklə böyütdüyü oğlunun xeyirxah, yardımsevər, böyük-kiçik yerini bilən biri olduğunu deyir:
- Əl tutub, yardım etdiyi neçə insan qardaşının yanına gəlib, onun ölümünə inanmadıqlarını deyib. Zaqataladan, vaxtilə bir yerdə xidmət etdiyi hərbçilər gəlmişdilər başsağlığına. Yevlax Şəhər İcra Hakimiyyətindən çox diqqət gördük. Hər kəsə minnətdaram.
Anadan onu da öyrənirik ki,  I Qarabağ müharibəsinin iştirakçısı olan və göstərdiyi xidmətlərə görə Milli Qəhrəman adına layiq görülən, yaxından tanıdığımız, hər birimizin böyük hörmət bəslədiyi Fariz Mədətov Murazın dayısıdır. Fariz Mədətov hazırda Rayon Polis Şöbəsində çalışır.
Ürək istəyir ciyərparasını itirmiş, qəlbi yaralı analarla həmsöhbət olmaq. Onların selə dönən göz yaşlarına, sinəsindən qopan naləyə duruş gətirmək özü əzabların ən böyüyüdür. Amma bir balaca toxtayanda da yaşadığı qüruru dilə gətirmələri, övladları ilə duyduqları qüruru ifadə etmələri Azərbaycan qadınının möhtəşəmliyidir. Mən bu möhtəşəmliyi şəhid Muraz Məhərlinin anası Nahidə xanımda da gördüm.
          Səbrli ol, şəhid oğulun anası! Murazının itkisi, ayrılığı sinəni göynətsə də, unutma ki, o, ŞƏHİDdir! ŞƏHİDLƏRsə ölmürlər!
Məhərli Muraz Baxşalı oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda",  "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur. Sonsuzadək ürəyimizdə yaşayacaqdır!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31