Azərbaycanda əsl yazıçılar kimlərdir? – Oğuz Ayvaz yazır
5 Oktyabr 2021 18:06 SosialOğuz Ayvaz
Azərbaycan ədəbiyyatında nə qədər desən yazıçı, şair var. Hələ hər gün artan gənc yazarlardan danışmıram. Özünün, istedadının harda olduğunu müəyyən edə bilməyən adamlar sığınacaq kimi ədəbiyyatın qapısını kəsdirirlər. Ədəbiyyat hansısa peşə, karyera deyil ki, onu seçəsən. Ədəbiyyat həm də taleyüklü məsələdir.
Azərbaycanda üç tip yazıçı var:
- Əsl yazıçılar - Onların qiymətini zaman verəcək.
- Kütləvi yazıçılar - Onların müəyyən kütləsi var, sevilir və oxunurlar. Kütləsiz yaşaya və yaza bilməzlər. Zərərli deyillər, amma ədəbiyyat da deyillər.
- Özünü yazıçı elan edənlər - Onlar heç vaxt yazıçı olmayacaqlar. Sadəcə yazıçı kimi görünməyə aşiqdirlər. Oxuduqları kitabların təsirindən yazıçı olmaq istəyinə düşüblər. Və onlara elə gəlir ki, yazıçılıq əyləncəli və maraqlıdır. Heç vaxt yaradıcı əzabdan xəbər tutmaycaqlar. Və təəssüf ki, bu epidemiya gənclərin arasında sürətlə yayılmaqdadır.
Əsl yazıçılardan başlayaq. Onların dəyəri ölümlərindən sonra bilinir. Ciddi ədəbiyyat onsuz da kütləviləşmir. Ağıllı, hazırlıqlı oxucular əsl yazıçıların dəyərini sağkən də bilir, qiymətləndirir.
Gələk kütləvi yazıçılara. Onlar üçün ədəbiyyat heç vaxt bədii-estetik hadisəyə çevrilmir. Yazdıqları mətnlər ya ağladır, ya da əyləndirir. Bura ən çox da detektiv janrında yazanların adlarını qeyd eləmək olar. Bu kimi yazıçıların əsərlərində qırmızı xətt oxucunu tora salmaq, onun təxəyyülündə gəzişməkdi. İndi deyə bilərsiniz ki, bu kimi mətnlər dünya ədəbiyyatında da var. Əlbəttə, dünyanın hər yerində detektiv yazan məşhur yazıçılar mövcud olub. Kitab satışları rekord qırır, televiziyada, sosial şəbəkələrdə aktiv, cəmiyyət içində hörmətli müəllifdir onlar. Onların oxucuları da günü-gündən artmaqdadır. Lakin bu oxuculara heç cürə izah edə bilməzsən ki, bu müəllif əsl yazıçı deyil. Yazdığı əsər ciddi ədəbiyyat deyil. İş ondadır ki, bu tip yazanlar özlərini bulvar yazıçısı da hesab etmirlər. Bu yerdə sükut bayrağımı qaldırır, növbəti abzasa düşürəm.
Sonuncu kateqoriyadan olan yazıçılar isə gənclərdir. Bu gənclər oxuduqları kitabların, əsərlərin təsirindən çıxa bilmirlər. Həyatlarında yaşadıqları boşluq, uğursuzluq onları ədəbiyyata aparır. Elə bilirlər ki, ədəbiyyat onları dahi edəcək. Oxuduqları əsərlər onlara kamillik, mənəviyyat verməkdənsə böyük eqo aysberqi ötürür. Bu gənclərdən ad çəkmək istəmirəm. Çünki adlarını yazmağa ehtiyac yoxdur.
Böyük yazıçılar həyatlarını ədəbiyyata, sənətə qurban veriblər. Onlar üçün yaşamaq ədəbiyyatla bağlı olub.
Tolstoy ömrünü ədəbiyyata sərf etdi və sonda şaxtalı havada canını tapşırdı. "Kazaklar"ı, "Hacı Murad"ı, "Anna Karenina"nı, "Hərb və sülh"ü yazan yazıçı mütləq yaşamaq həvəsini öldürməli idi.
Dostoyevskinin, Bulqakovun, Platonovun, bizim yazıçı və şairlərdən Sabirin, Mirzə Cəlilin, Məhəmməd Hadinin, Mikayıl Müşviqün, Cavid əfəndinin, Namiq Abdullayevin və digərlərinin həyatı puça dönməmişdimi?
Ədəbiyyat qatil kimi bir şeydir - onun əlinə keçən ya məhv olmalı, ya da uğursuzluğa düçar olmalıdır.
Ədəbiyyat, içində istedad yanğısı olan insanların yazdığı əsərə canını tapşırmağını, ruhunu ona həvalə etməsini tələb edir.