TRIPP layihəsi: Cənubi Qafqazda ABŞ və Aİ-nin yeni rəqabət meydanı? – ÖZƏL

"EUObserver" nəşrinin məlumatına görə, Avropa İttifaqı (Aİ) Rusiyadan yan keçən və Ermənistanın regional logistikaya inteqrasiyasını nəzərdə tutan "TRIPP" nəqliyyat dəhlizi layihəsinə maraq göstərir. Brüssel hesab edir ki, Orta dəhlizin səmərəli işləməsi Çindən Avropaya yükdaşıma müddətini 42 gündən 12-13 günə qədər azalda bilər. Lakin ekspertlər Aİ-ni strateji lənglikdə tənqid edərək bildirirlər ki, bu təşəbbüs daha çox ABŞ-nin Cənubi Qafqazda artan fəallığına verilən gecikmiş reaksiyadır.

Aİ-nin TRIPP layihəsinə marağının əsas səbəbi nədir? TRIPP uğrunda ABŞ və Aİ arasında rəqabət kəskinləşə bilərmi?

"TRIPP nəqliyyat dəhlizi layihəsinə Avropanın maraq göstərməsinin əsas səbəbi ondan ibarətdir ki, siz də bilirsiniz, uzun illər ərzində Avropa ilə Asiya arasındakı əsas logistika yolları Rusiyadan keçirdi. Lakin Rusiya-Ukrayna müharibəsindən sonra Rusiya ilə Avropa İttifaqı arasında yaranmış gərginlik, həmçinin Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar alternativ marşrutların əhəmiyyətini daha da artırıb. Təbii ki, Avropa üçün Asiyaya və Qlobal Cənub ölkələrinə çıxış baxımından alternativ logistika marşrutlarının olması olduqca vacibdir. Məhz buna görə də Avropa bu layihəyə ciddi maraq göstərir və onun iştirakçısı olmaq istəyir. Çünki Avropa İttifaqı bunun vasitəsilə dünyanın ən böyük iqtisadi güc mərkəzlərindən biri olan Çinlə iqtisadi-ticari əlaqələrini daha da gücləndirmək niyyətindədir. Eyni zamanda Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişaf etdirilməsi də Avropanın əsas maraq dairəsinə daxildir".

Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, hazırda Avropa bu bölgədə öz təsir imkanlarını və maraqlarını daha da genişləndirmək istəyir. Bu baxımdan ən əlverişli marşrut və logistika xətti məhz bu layihə hesab olunur. Avropa Birliyi Cənubi Qafqaz üzərindən keçən bu marşrut vasitəsilə regiondakı iqtisadi və geosiyasi maraqlarını daha da gücləndirməyə çalışır. ABŞ ilə Avropa arasında rəqabətin kəskinləşməsi məsələsinə gəldikdə isə, sözsüz ki, indiki mərhələdə, xüsusilə Donald Tramp hakimiyyəti dövründə Avropa-Amerika münasibətlərində müəyyən gərginliklərin artması fonunda belə bir ehtimal mümkündür. Əgər TRIPP layihəsində əsas investisiya və nəzarət Amerika şirkətlərinin əlində cəmləşərsə, bu, Avropa üçün iqtisadi baxımdan müəyyən çətin şərtlər yarada bilər. Çünki Amerika Birləşmiş Ştatlarının da əsas maraqlarından biri həmin logistika marşrutlarına nəzarət etməkdir. Bu həm Rusiyaya qarşı rəqabət baxımından, həm də Avropa İttifaqı ilə iqtisadi rəqabət kontekstində ABŞ üçün strateji əhəmiyyət daşıyır. Ona görə də gələcəkdə bu istiqamətdə müəyyən rəqabətin yaranması mümkündür. Ən önəmli məqamlardan biri isə odur ki, burada əsas rollardan birini Azərbaycan oynayır. Azərbaycan üçün bu marşrut olduqca vacibdir və strateji əhəmiyyət daşıyır. Azərbaycanın marağı ondan ibarətdir ki, bu layihə böyük güclərin rəqabət meydanına çevrilməsin, əksinə, ticarət, iqtisadi əməkdaşlıq və logistika platforması kimi fəaliyyət göstərsin.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31