Heydər Əliyev və müasir Azərbaycan dövlətçiliyinin əsasları - ÖZƏL
15:24 Siyasət"Hər şeydən öncə xüsusi vurğulamaq istərdim ki, Heydər Əliyev istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycanda milli dövlətçilik və milli kimlik məsələlərinə xüsusi önəm verib. O, əlindən gələni edib ki, hətta sovet işğalı altında olduğumuz dövrdə belə xalqımız milli kimliyindən, milli-mənəvi dəyərlərindən uzaq düşməsin və bunu uğurla bacarıb."
Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:
"Bununla yanaşı, milli kadrların yetişdirilməsinə mühüm töhfələr verib. Azərbaycanlıların həm sovet məkanında, həm də beynəlxalq səviyyədə tanınması və irəli çəkilməsi üçün mümkün olan bütün addımları atıb.
Müstəqillik dövründə isə xüsusilə 1990-cı illərdə ölkəni xaosdan və parçalanma təhlükəsindən çıxarmağı bacarıb. Həmin illərdə Azərbaycanın vəziyyətinin son dərəcə ağır olduğunu hamımız yaxşı xatırlayırıq. Bir tərəfdən xarici təcavüz və torpaqlarımızın işğalı, digər tərəfdən isə ölkə daxilində separatçı və bölücülük cəhdləri müşahidə olunurdu. Üstəlik, bu proseslərə xarici qüvvələrin də təsiri açıq şəkildə hiss edilirdi.
Belə mürəkkəb şəraitdə Heydər Əliyev ölkədə sabitliyi təmin edə bildi, dövlətçiliyin əsaslarını möhkəmləndirdi və Azərbaycanın sabit iqtisadi inkişaf yoluna qədəm qoymasına nail oldu. Məhz onun yaratdığı siyasi və iqtisadi təməllər sonrakı inkişaf mərhələsinin əsasını təşkil etdi.
Bu gün İlham Əliyev tərəfindən qurulan güclü və qüdrətli Azərbaycan dövləti də məhz Heydər Əliyevin müəyyən etdiyi strateji xətt və yaratdığı möhkəm təməllər üzərində inkişaf edir. Əslində bugünkü Azərbaycanın gücü və beynəlxalq nüfuzu böyük ölçüdə həm sovet dövründə, həm də müstəqillik illərində Heydər Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir.
Təməllər sağlam qurulduğu üçün Azərbaycan bu gün güclü və sabit dövlət kimi inkişafını davam etdirir. Ümummilli Liderin anadan olmasının 103-cü ildönümündə onu hörmət, ehtiram və minnətdarlıqla anırıq. Azərbaycanın ən çətin və taleyüklü dönəmlərində belə bir liderə sahib olması xalqımız üçün mühüm tarixi şans olub."
İbrahim Məmmədli