Mediatorlar üçün daha bir təlim keçirilib- ÖZƏL

Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının aparıcı dəstəyi ilə mediatorlar üçün daha bir təlim keçirilib. "Olaylar" xəbər verir ki, Azərbaycan Respublikasında məhkəmə-hüquq islahatları çərçivəsində mediasiya institutunun inkişafı istiqamətində 4 may 2026-cı il tarixində mediatorlar üçün nəzərdə tutulmuş silsilə onlayn maarifləndirici təlimlərin daha biri uğurla həyata keçirilib.
Təlim Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının aparıcı dəstəyi ilə Azərbaycan Respublikasının Mediasiya Şurası və AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən təşkil olunub. Seminarların əsas məqsədi mediatorların peşəkar bilik və bacarıqlarının artırılması, mediasiya prosesinin effektivliyinin yüksəldilməsi, barışıq sazişlərinin keyfiyyətinin artırılması, qarşıya çıxan məsələlərin hakimlər tərəfindən qanunvericiliyin tələblərinə uyğun istiqamətləndirilməsi və məhkəmələrlə mediasiya institutları arasında əməkdaşlığın gücləndirilməsidir.
ZOOM platforması üzərindən onlayn formatda təşkil olunan təlimi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Fuad Hüseynov aparıb. Təlimdə moderator qismində Mediasiya Şurası İntizam Komissiyasının sədri Mayıl Bayramov iştirak edib.
Təlim zamanı mediatorlarla geniş və interaktiv müzakirələr keçirilib. Təlim mediatorların böyük marağına səbəb olmaqla yanaşı, onların mediasiya praktikasında rastlaşdıqları peşəkar hüquqi suallara dair dolğun məlumat əldə etməsinə imkan yaradıb. Mediatorların sualları cavablandırılıb, barışıq sazişlərinin keyfiyyətinin artırılması ilə bağlı məsələlər müzakirə olunub.
Seminar çərçivəsində Fuad Hüseynov tərəfindən mediatorlara mülki məhkəmə icraatında mediasiyanın rolu, məhkəmə təcrübəsində aşkar edilən nöqsanlar və problemlər barədə geniş izah verilib, ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bu kimi təlimlər Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının aparıcı dəstəyi ilə Azərbaycan Respublikasının Mediasiya Şurası və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən mütəmadi olaraq keçiriləcəkdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31