“ABŞ-ın diqqəti Yaxın Şərqə yönəlir”- Rusiya bundan necə istifadə etməyə çalışır?- ÖZƏL
15:13 SiyasətRusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib ki, Rusiya Ukrayna ilə bağlı danışıqlardan imtina etməyib və konkret nəticələrə gətirib çıxara biləcək təmaslara hazırdır. Rusiya Xarici İşlər Nazirliyi rəsmisi vurğulayıb ki, Moskva danışıqlar prosesi konsepsiyasına sadiqdir və nəticəyə yönəlmiş görüşlərin keçirilməsini mümkün sayır. O, həmçinin qeyd edib ki, ABŞ nümayəndələri hazırda daha çox Yaxın Şərqdəki vəziyyətlə məşğuldur.
Rusiyanın bu açıqlaması real danışıqlara hazırlıqdır, yoxsa? Hazırkı şəraitdə tərəflər arasında real kompromis mümkündürmü? Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib:
" Burada məsələ ondadır ki, Rusiya özünə sərf edən, özünə uyğun olan danışıqlar şəraitinin yaradılmasını istəyir. Rusiya istəyir ki, hələ də onun istəkləri, onun tələbləri nəzərə alınsın və hansısa şəraitdə Rusiyanın istədiyi kimi, onun tələbləri Ukrayna tərəfindən qəbul edilsin. Bunun üçün də əsasən ABŞ-dan təzyiq vasitəsi kimi istifadə edilirdi. Çalışırdılar ki, ABŞ Ukraynaya təsir göstərsin və Rusiyanın şərtlərini qəbul etməyə məcbur etsin. Ancaq görünən odur ki, bu təzyiq lazım olan qədər effekt verməyib. Ən azından ABŞ dəfələrlə çalışsa da, Ukraynanı razılığa gətirə bilməyib. Ukrayna isə burada siyasi manevrlərlə hər dəfə bundan yayınmağa çalışır.
Eyni zamanda nəzərə alsaq ki, Böyük Britaniya və Avropa İttifaqı da Ukraynanın Rusiyanın şərtləri ilə razılaşmamasına çalışır və Donald Trampın şəxsən sülh yaratmaq missiyasına müəyyən mənada mane olur, burada başqa bir vəziyyət yaranır. Digər tərəfdən, ABŞ üçün əsas prioritet İran məsələsidir. Yaxın Şərqdə gərgin vəziyyət mövcuddur. Bu da ABŞ-ın diqqətinin Ukraynadan yayınmasına səbəb olur və nəticədə Ukraynaya lazım olan siyasi aktivlik və təzyiq göstərilə bilmir.
Məsələ ondadır ki, Rusiya yenə də danışıqlara hazır olduğunu bildirir. Bu, diplomatik dildir. Rusiya hətta münaqişənin davam etməsini istəsə belə, yenə də belə bir açıqlama verməlidir, sülh istədiyini göstərməlidir. Amma eyni zamanda reallıq da var ki, faktiki olaraq həm Rusiya, həm də Tramp tərəfindən Ukraynaya qəbul etdirilmək istənilən sülh planı mövcuddur və Ukrayna bunu qəbul etmədi. Ona görə də Rusiya uyğun şərtlərlə yenidən danışıqlara oturmağa hazır olduğunu bildirir. Hədəf isə ABŞ-ın əsas diqqətinin Ukraynadan Yaxın Şərqə, İran məsələsinə yönəlməsidir. İstər-istəməz Ukrayna üzərində təzyiq azalır və bu da Rusiyanın Ukraynaya diktə etmək istədiyi şərtlərlə sülhün və ya atəşkəsin hazırlanması prosesinə təsir edir".
Zeynəb Mustafazadə