Hörmüz böhranı və OPEC çatlağı: Dünya “bahalı neft” erasına girir- ÖZƏL
15:47 Siyasət"OPEC-in hasilatının 20,55 milyon barelə düşməsi və BƏƏ-nin alyansı tərk etməsi kartelin tarixində dönüş nöqtəsidir, amma bu hələ "OPEC-in sonu" demək deyil. OPEC-in gücü həmişə iki şeyə əsaslanıb: ehtiyat güc və bazarı qorxutmaq qabiliyyəti. İndi hər ikisi zəifləyib.
Hasilatın 1990-cı illərin səviyyəsinə enməsi texniki olaraq iki səbəbdən baş verir. Birincisi, Körfəzdə riskdi. Hörmüz boğazı dünyanın neftinin 20 faizini daşıyır. Gəmilər sığortalanmır, tankerlər boğaza girməyə çəkinir, Səudiyyə və İraq könüllü olaraq hasilatı azaldır ki, anbarları partlatmasınlar. Küveytin ixracı sıfırlaması da məhz budur. Mina təhlükəsi, pilotsuz uçuş aparatlarının hücumları, limanların bağlanması ixracı fiziki olaraq mümkünsüz edib. İkincisi, siyasi parçalanmadı. BƏƏ-nin çıxması OPEC+ daxilində Səudiyyə-Rusiya tandeminin diktəsindən narazılığın göstəricisidir. BƏƏ hasilatı artırmaq istəyirdi, kvota vermirdilər. İndi çıxıb sərbəst oynayacaq, amma boğaz bağlıdırsa, yenə ixrac edə bilmir".
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlamasında söyləyib:
" Bu vəziyyət OPEC-in tənzimləyici rolunu bitirmir, amma ciddi zəiflədir. Əvvəl Səudiyyə kranı açıb-bağlamaqla qiyməti 10 dollar tərpədirdi. İndi kranı açsa da, neft dənizə çıxa bilmir. Yəni kartelin "ehtiyat gücü" işləmir. Üstəlik, BƏƏ kimi gündə 3 milyon barel potensialı olan oyunçu çıxanda OPEC-in bazar payı 27 faizdən 22 faizə düşür. ABŞ, Qayana, Braziliya, Kanada isə hasilatı artırır. 2026-da qeyri-OPEC hasilatı artıq OPEC-i üstələyir. Belə olan yerdə qiyməti təkbaşına diktə etmək olmur.
Təchizatın kəskin azalması qısa müddətdə qiyməti partladır. 20,55 milyon barel OPEC-in tələbatı ödəmək üçün lazım olan səviyyədən 4-5 milyon barel aşağıdır. Ehtiyatlar işə düşsə də, bazar panikaya girir. Brent 110-130 dollar dəhlizinə çıxa bilər. Hörmüz tam bağlansa, 150 dollar psixoloji hədd deyil, texniki hədd olur. Çünki bazardan gündə 17 milyon barel çıxır.
Küveytin ixracı dayandırması ayrıca şokdur. Küveyt sabit təchizatçı idi, əsasən Asiya NPZ-lərini yedizdirirdi. Onun 2 milyon bareli sistemdən çıxanda Çin və Hindistan spot bazarda dizel, təyyarə yanacağı almağa məcbur qalır. Bu da məhsul qiymətlərini xam neftdən də bərk qaldırır.
Qlobal inflyasiyaya təsir birbaşa və dolayı olur. Birbaşa təsir yanacaq qiymətidir. Dizel 1.80 dolları keçəndə yükdaşınma, taxıl, ərzaq avtomatik bahalaşır. Avropa və Asiyada nəqliyyat xərci 30 faiz qalxır. Dolayı təsir isə mərkəzi banklardır. Neft 120 dolları keçəndə FED və ECB faiz endirimini dayandırır, hətta qaldırmağa məcbur olur. Kredit bahalaşır, iqtisadi artım yavaşıyr, amma qiymətlər düşmür. Staqflyasiya riski yaranır. İnkişaf edən ölkələr üçün ikiqat zərbədir: həm yanacaq idxalı bahalaşır, həm dollar kreditləri.
Bəs OPEC bitdimi. Xeyr, amma əvvəlki OPEC deyil. İndi üç ssenari var. Bir, boğaz açılır, BƏƏ qayıdır, Səudiyyə-İran gərginliyi azalır. Onda OPEC yenidən 28-30 milyon barelə qayıdıb bazarı tarazlayır. İki, münaqişə uzanır, OPEC parçalanır. Səudiyyə, İraq, İran hərəsi öz başına hasilatı idarə edir, kartel kağız üzərində qalır. Qiyməti artıq ABŞ şistçiləri və tələbat dağıdılması müəyyən edir. Üç, ən pis ssenari: Hörmüz aylarla bağlı qalır. Onda nə OPEC, nə qeyri-OPEC, heç kim qiyməti idarə edə bilmir. Bazar fiziki qıtlıq yaşayır, qiymət 200 dolları da görə bilər.
Yaxın 6 ay üçün real görünən budur. Boğaz tam bağlanmasa da, risk qalacaq. Gəmilər dolayısı ilə Ümid burnu ilə gedəcək, bu da 15 gün əlavə yol və 4 dollar əlavə xərcdir. OPEC 20-22 milyon barel dəhlizində qalacaq. Brent 95-125 arası oynayacaq. Küveyt və BƏƏ ixracı bərpa etməsə, qışa doğru dizel qıtlığı Avropada 2022 ssenarisini təkrarlaya bilər.
Nəticədə OPEC-in "bazar jandarmı" rolu bitməyib, amma əlindəki dəyənək qısalıb. BƏƏ-nin çıxması kartelin monolit olmadığını göstərdi. Əsas sözü indi geosiyasət deyir, kvota yox. Təchizat şoku inflyasiyanı yenidən qaldıracaq, xüsusilə yanacaq və ərzaqda. Qiymət sabitliyi yalnız Hörmüz boğazı sakitləşəndən və Küveyt yenidən yük vurandan sonra mümkündür. O vaxta qədər dünya "bahalı neft- zəif artım" dövrünə girir".
Zeynəb Mustafazadə