"Putin ən yüksək səviyyədə qorunur"-Qırmızı meydanda parad hazırlığı: Xarici qonaqlar Moskvaya gəlir

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov 9 May Qələbə günü ərəfəsində mühüm bəyanatlarla çıxış edərək, cəbhədəki vəziyyət və diplomatik gərginliklərə aydınlıq gətirib.

Musavat.com xəbər verir ki, Peskov Rusiyanın təşəbbüsü ilə elan edilən atəşkəs rejiminin mayın 8-i və 9-u tarixlərində qüvvədə olacağını təsdiqləyib. Bununla belə, o vurğulayıb ki, Ukrayna tərəfinin daha əvvəl elan etdiyi "sükut rejimi"nə Rusiya tərəfindən heç bir rəsmi reaksiya verilməyib. Mətbuat katibi Moskvada, Qırmızı meydanda keçiriləcək hərbi paradın planlaşdırıldığı kimi baş tutacağını və mərasimdə xarici qonaqların iştirak edəcəyini bildirib. Peskov həmçinin qeyd edib ki, hazırda amerikalı diplomatlar tamamilə İranla aparılan sülh danışıqlarına fokuslanıblar və bu, Vaşinqtonun digər istiqamətlərdəki aktivliyini azaldıb.

Polşanın və digər Avropa ölkələrinin Rusiyanı "əsas təhdid" kimi qələmə verməsini qətiyyətlə rədd edən Kreml rəsmisi, Avropa İttifaqını qitədə gərginliyi süni şəkildə artırmaqda və qarşıdurmaya zəmin yaratmaqda ittiham edib.

Prezident Putinin təhlükəsizliyi məsələsinə də toxunan Peskov, onun dünyadakı bütün dövlət başçıları kimi ən yüksək səviyyədə və ciddi şəkildə qorunduğunu vurğulayıb. Moskva həmçinin Ukrayna böhranının nizamlanması üçün üçtərəfli danışıqların davam etdirilməsinə ümid bəslədiyini bəyan edib. Hazırda Rusiya rəhbərliyi xarici mediada ölkəyə qarşı səsləndirilən "əsassız" ittihamları şərh etməyə ehtiyac görmür və bayram tədbirlərinin təhlükəsiz şəraitdə keçirilməsi üçün bütün tədbirləri görür. Avropada artan hərbi ritorika isə Moskvanın fikrincə, birbaşa Qərb paytaxtlarının məsuliyyətidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31