Şəhidlərimizi tanıyaq!

Röyad Famil oğlu Məmmədov 2000-ci il oktyabr 25-də Masallı rayonunun Mahmudavar kəndində anadan olub. 2018-ci ildə Mahmudavar kənd tam orta məktəbini bitirir və Qərbi Kaspi Universitetinin nəzdində yaradılmış Qərbi Kaspi Kollecinə daxil olur. 1 ay təhsil aldıqdan sonra həqiqi hərbi xidmətə çağırılır.

Röyad Məmmədov 2018-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.  2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 8-də Laçından Şuşaya gələn yolu ələ keçirmək uğrunda döyüşlər zamanı şəhid olub və Mahmudavar kəndinda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən  ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən   ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Şəhidin döyüş yoldaşı çavuş Səid Abdullayev deyir:
"Röyad müharibə başlayan ilk gündən cəld, mərd, hər şeyə igidcəsinə yanaşan döyüş yoldaşım olub. Ağırlıq, çətinlik demədən 27 sentyabrdan 31 oktyabra kimi Füzuli və digər ətraf rayonlarda döyüşdük, taboru mühafizə etdik. 31 oktyabrda keçid olundu, qarşımızı götürdük və arxadan gələnlərə təhvil verdik. Növbəti döyüş tapşırığına gedəcəyimiz üçün 2 gün arxada, yolda yatdıq. Ondan sonra Xocavəndin Tuğ qəsəbəsinə getdik və orada 3 gün qaldıq. Bu müddətdə erməni olan kəndlərə gedirdik, düşməni məhv edirdik. 3 günün tamamında bizə Şuşaya gedəcəyimizi dedilər və yola düşdük. Buludlu, yağışlı havada gecəni səhər açılana qədər irəliləmişdik. Yol deyildi, sadəcə işğaldan azad edə-edə meşəlikdən, sıldırım yollardan irəlilədik. Şuşaya çatandan sonra gecə saat 10 olardı, yola düşdük. İstiqamət Şuşa-Laçın koridoru idi. Oranı düşmən üçün Şuşaya təminat, tank və digər silahlar gəlməsin deyə saxlamalı idik. Biz minaatan, 49 kq mərmisi, 35 kq yüklər ilə bir yerə qədər getdik. Saat 2-də yağış altında 3 saat dincimizi aldıq və yola düşdük. 3 gün belə ac qaldıq, su isə ancaq qabağımıza çay çıxanda içirdik. Çatandan sonra Şuşa-Laçın koridoruna 1 günə yerləşdik. Səhəri ermənilər meşədən və yoldan gəlməyə başladılar. Aramızdakı məsafə yol ilə 500 metr idi və biz əks dağda yolu pusmuşduq. 5-6 maşın gəldi, pusquya salıb vurduq. . Yazdıqlarım noyabrın 8-i baş vermişdi. Axşamüstü  bizim yerimizi öyrəndilər və minaatanlarla, toplarla  vurmağa başladılar. Həmin zaman Röyad şəhid oldu.  Röyad son nəfəsinə kimi mərd, sayıq, igid və qəhrəman döyüş yoldaşımız olub.

Şəhidlər ölməz, vətən bölünməz!"

Nayib Akif oğlu Qasımov 12 iyun 1997-ci il Masallı rayonunun Mahmudavar kəndində anadan olub. 2004-2014-cü illərdə Mahmudavar kənd tam orta məкtəbində təhsil alıb.

2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət edib. Hərbi xidmətini bitirəndən sonra isə müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. 2017-ci ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edib.

2016-cı ilin Aprel döyüşlərində və 2020-ci ilin Tovuz döyüşlərində savaşan, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin çavuşu olan Nayib Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə də iştirak edib. Nayib Qasımov oktyabrın 6-da Cəbrayıl döyüşləri zamanı şəhid olub. Döyüşlər zamanı səngərdə "baş çavuş" rütbəsi alıb və Masallı rayonunda dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nayib Qasımov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad edilməsi uğrunda", "Azərbaycan ordusunun 100 illiyi", "Azərbaycan ordusuna xidmət etdiyinə görə" və "Cəsur Döyüşçü" medalları ilə təltif edilmişdir.

Afərin Müqəddəs oğlu Qulamzadə 13 iyul 1999-cu ildə Lənkəran rayonunun Mamusta kəndində anadan olub. 2016-cı ildə Mamusta kənd tam orta məktəbini bitirən Afərin 2017-ci ilin iyulunda hərbi xidmətə yola düşür. 2019-cu ilin yanvar ayında hərbi xidmətini başa vurub təxris olunur. Lakin, çox keçməmiş digər igidlərimiz kimi Afərin də sentyabr ayının 21-i Səfərbərlik üzrə yenidən hərbi qulluqçu kimi Ağcabədi rayon hərbi hissəyə çağırılır. Azərbaycan Ordusunun əsgəri olan Afərin Qulamzadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Xocavənd istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. 

Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Afərin Qulamzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlk və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Afərin Qulamzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31