“Mədəniyyət Nazirliyində bir neçə kadrla söhbət etdim, təəssüf ki, bu sahədən xəbərsizdirlər...”
12 Sentyabr 2021 13:40 SosialƏməkdar incəsənət xadimi, professor İlham Rəhimli Moderator.az-a bildirib ki, məni həyatda sevindirən və narahat edən məqamlar çoxdur. Məsələn, pandemiyaya görə teatrların bağlanması məni narahat edir. Mədəniyyət Nazirliyində yeni kadrlar var və onların bir neçəsiylə ünsiyyətdə olmuşam bunların ümumiyyətlə, mədəniyyətdən xəbərsiz olmaları məni çox təəssüfləndirir. Xüsusən kitabla bağlı bir işçiylə danışdım və inanın ki, nə Yusif Vəliyevi, nə Məlik Dadaşovu, nə də Səməndər Rzayevi tanıdı. Hamısının da haqqında məlumat verib dedim ki, hansı filmlərdə çəkiliblər. Bu, aktyorların heç birisini tanımır, amma bütün respublikada mədəniyyət sahəsində kitab işini istiqamətləndirən adam olacaq. Bu isə məni çox ağrıdır. Vaxtilə böyük vəzifələrə rus dilini bilənləri götürürdülər. İndi isə ingilis dilini bilirsənsə, aidiyyatı yoxdur, sən bütün vəzifələrdə işləyə bilərsən. Bu yanaşma isə məni çox ağrıdır".
Professor deyib ki, teatrda indiki pandemiya dövründə tamaşalar göstərmək imkanları var:
"Teatrda məşq otaqları çoxdur. Hətta rejissor aktyorlara öz tapşırığını verəndən sonra məşq zamanı aktyorları üç-dörd nəfərə bölmək mümkündür. Bir də ki, səhnə genişdir, böyükdür. Hansı ki, ünsiyyətli səhnələri isə sözlə ifadə etmək mümkündür ki, Allah qoysa xəstəlik olmayanda bunları real şəkildə göstərə bilərlər. Yəni teatrın bu cür vəziyyətdən çıxış imkanları çoxdur. Ona görə də mənə təsir edir. Açığını deyim ki, Mədəniyyət Nazirliyində bir neçə kadrla söhbət etmişəm və məni ağrıdan odur ki, bunlar mədəniyyətdən xəbərsizdirlər. Hətta Mədəniyyət Nazirliyinə təzə götürülən işçilərin əksəriyyəti yüz faiz deyərəm ki, heç bir teatrda tamaşaya baxmayıblar. Azərbaycanda 30-a qədər teatr var və onun beşinin adını çəkə bilsələr, onda deyərəm ki, bunlardan gələcəkdə maraqlı işçi ola bilər. Ona görə də mədəniyyət sahəsi çox ağrılı, kövrək sahədir. Orda bir addım səhv olanda əlli addımdan sonra onu düzəltmək mümkün olur. Kiminsə ingilis və ispan dilini bilməsinə etirazımız yoxdur, amma bununla yanaşı, işlədiyi ixtisası gərək əla bilsin. O, bilsin ki, Hökümə Qurbanova, Ələsgər Ələkbərov, rəssamlıqda Tahir Salahov, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Mircəlal kimdir. Bunları bilməyəndə sonra çox çətin olur. Tetarların yanında keçəndə elə bilirsən ki, qaramat basıb oranı, adama ağır gəlir. Hətta bəzi teatrlarda işçiləri belə teatra buraxmırlar, qadağa qoyulub. Aktyorlar işi olmayanda da teatra gəlib, o havanı alıb sonra işlərinə davam edirdilər. Çünki teatrın qəribə bir maqniti var, aktyoru çəkir. Özü də ki, aktyor gündə səhnədə yeriməlidir, həyatda yerimək səhnədə yerimək deyil. O vərdişlər isə artıq itir. İtməsə də, köhnəlir. Bütün bunlar isə aktyorun potensial imkanlarına təsir göstərir".