İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” təmin edilir

44 günlük müharibədə möhtəşəm qələbə qazanaraq öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edən qüdrətli Azərbaycan yeni mərhələdə də strateji hədəflərini ardıcıl olaraq gerçəkləşdirir. Heç şübhəsiz ki, postmüharibə dövrünün reallıqları ölkəmizin qətiyyətli mövqeyini, siyasi-diplomatik nailiyyətlərini əks etdirir. Bu naliyyətlərdən biri də işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışdır ki, hazırda bu proses həyata keçirilməkdədir. Xatırladaq ki, Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı səsləndirdiyi fikirlər də bu gerçəkliyin üzərinə işıq salır. Dövlət başçısı birmənalı şəkildə əmin etdi ki, Böyük  Qayıdış ən yüksək  səviyyədə təmin ediləcək. Azərbaycan Prezidentinin həmin səfər zamanı ifadə etdiyi fikirlər ölkəmizin işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq və zəruri infrastrukturun yaradılması, o cümlədən Böyük Qayıdışla bağlı işləri ən yüksək  səviyyədə təmin etmək iqtidarında olduğunu göstərdi. Dövlət başçısı görülən işlərdən və bu istiqamətdə qarşıda duran vəzifələrdən, gələcək  hədəflərdən bəhs etdi. Bu, qalib Azərbaycanın qətiyyətli liderinin siyasi iradəsinin və ölkəmizin iqtisadi gücünün ifadəsi idi.

Xatıtladaq ki, hələ 2016-cı ilin Aprel döyüşləri nəticəsində 2 min hektardan artıq ərazimiz və strateji əhəmiyyətli yükəskliklər, o cümlədən, Lələtəpə yüksəlıiyi ordumuzun nəzarətinə keçəndən sonra Böyük Qayıdışın əsası qoyuldu. Belə ki, sözügedən ərazilərin düşmən tapdağından azad edilməsilə  Cocuq Mərcanlıda yaşamaq təhlükəsi aradan qaldırıldı. Qısa müddət ərzində bu kənddə hər cür infrastruktura malik 50 ev inşa edildi, yollar əsaslı şəkildə yenidən quruldu, məktəb, uşaq bağçası tikildi, yeni iş yerləri açıldı. Həmin kəndin sakinləri böyük həvəslə ata-baba yurdlarına qayıtdılar. Sonra­dan daha 100 ev tikildi və artıq Cocuq Mərcanlını dünya tanıdı. Bununla da bütün məcburi köçkünlərdə öz ocaqlarına qayıdacaqları barədə inam yarandı. Bu inamı Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, polad iradəsi və uğurlu xarici siyasəti yaratmışdı. Hər dəfə məcburi köçkünlər üçün yeni qəsəbələr salınanda dövlətimizin başçısı və birinci xanım açılış mərasimlərində iştiak edir, yurd-yuvalarından didərgin salınmış soydaşları əmin edirdilər ki, onlar öz doğma el-obalarına qayıdacaqlar. Deyilənlər, verilən vədlər artıq reallığa çevrildi. 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan və Rusiya prezidentlərinin, eləcə də, Ermənistanın baş nazirinin noyabrın 10-da birgə imzaladıqları bəyanat bu qayıdışı daha da sürətləndirdi. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistanın rəhbərliyi Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtlərinə razılığını verdi. Bununla da Qarabağa Böyük Qayıdışın əsası qoyuldu. Sözügedən Bəyanatın 7-ci bəndi bu faktı bir daha təsdiqləyir: "Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır". Bu isə o deməkdir ki,  Böyük Qayıdış təhlükəsiz həyata keçiriləcək. Dövlətimizin başçısı xalqa müraciətində də bildirib ki, məcburi köçkünlər üçün hər cür şərait yaradılsa da, onların əsas arzusu doğma torpaqlara qayıtmaqdır və məndən xahiş edirdilər, cənab Prezident, qaytar bizi: "Mən də hər dəfə onlarla görüşəndə həm onlarda güclü iradə görürdüm, yenilməzlik görürdüm, dövlətə sədaqət görürdüm, eyni zamanda, onların gözlərində nisgil, həsrət görürdüm. Buna son qoyulub, əziz soydaşlarım, gözünüz aydın olsun, siz qayıdırsınız, biz qayıdırıq, Azərbaycan qayıdır! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir. Bundan da böyük xoşbəxtlik ola bilərmi?!"

Heç şübhəsiz ki, bundan sonra da işğaldan azad edilmiş ərazilərimizdə aparılacaq abadlıq-bərpa işləri, bərpa ediləcək infrastruktur soydaşlarımızın doğma yurd-yuvalarına qayıtmaları üçün münbit şərait yaradacaq. Zəngilan, Laçın, Füzuli hava limanlarının inşa edilməsi və istismara verilməsi soydaşlarımızın geri dönüşü ilə yanaşı, bölgənin də canlanmasına gətirib çıxaracaq. Prezident İlham Əliyevin təbiri ilə desək "Azad edilmiş bölgələrin - Şərqi Zəngəzurun, Qarabağın bərpası, insanların buraya, bu zonaya qaytarılması üçün yeni imkanlar açılacaq. İndi demək çətindir, bu inşaat nə qədər zaman aparacaq. Ancaq, əlbəttə, biz istəyirik ki, maksimum qısa müddətdə aparılsın. Lakin bildirmək istəyirəm ki, mal-materialların gətirilməsi üçün logistik problemlər var. İndi yay başa çatır, bir müddətdən - oktyabr ayından sonra buralarda qar yağacaq. Mən bunu demək istəməzdim - yollardan istifadə çətinləşəcək. Hər halda, bu gün bu tarixi hadisə baş verir, biz Laçın Beynəlxalq Hava Limanının tikintisinə start veririk. Hesab edirəm ki, bu, bir çoxları üçün gözlənilməz oldu. Bəziləri bunu möcüzə hesab edirdilər. Çünki sovet dövründə heç vaxt bu bölgədə - Kəlbəcər-Laçın zonasında hava limanı olmayıb. Məhz bu səbəbə görə. Çünki çox bahalı bir layihə ola bilərdi və məqbul yer də tapmaq mümkün deyil. Ancaq biz müstəqil Azərbaycan dövlətiyik, buna texniki imkanlarımız da, maliyyə imkanlarımız da və güclü iradəmiz də var".

Qeyd edək ki, hazırda işğaldan azad edilmiş ərazilərin sərhədlərində mövqelərimizin möhkəmləndirməsi işləri aparılır. Paralel olaraq yenidənqurma, bərpa işləri davam etdirilir. Prezident İlham Əliyev qeyd edib ki, keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaq da gündəlikdə duran məsələdir: "Mən artıq bildirmişəm, Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlər yerləşəcək. Eyni zamanda, Ağdam, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarında da pilot kəndlər seçildi. Artıq işlər gedir ki, o kəndlərin bərpasına start verək və vətəndaşları oraya qaytaraq. Ağdam şəhərinin baş planı təsdiqləndi, digər şəhərlərin baş planının təsdiqlənməsi yaxın aylarda nəzərdə tutulur". Prezidenti İlham Əliyev həmçinin "CNN Türk" televiziya kanalına müsahibə: "Biz indi o bölgələrə jurnalistləri, ictimai xadimləri, digər yerli və xarici vətəndaşları dəvət edirik və getməyə imkanlar yaradırıq. Eyni zamanda, o yerlərdə yaşamış insanları da yaxın gələcəkdə biz oraya aparacağıq ki, onlar o yerləri görsünlər. Ancaq qayıdış üçün bizə zaman lazımdır. Çünki 30 il ərzində ermənilər o yerləri dağıdıblar və bu gün oranı bərpa etmək, əlbəttə ki, vaxt tələb edir. Bizim burada əsas rəqibimiz zamandır. Çünki Qarabağın və Şərqi Zəngəzurun bərpası üçün kifayət qədər maliyyə vəsaiti toplanıb və səfərbər olunub. Amma bizim əsas rəqibimiz zamandır və hər kəs anlamalıdır ki, burada da zamana ehtiyac var. Lakin biz vətəndaşlarımızı ən qısa müddət ərzində qaytaracağıq. Birinci pilot layihə artıq gerçəkləşir, Zəngilan rayonunda 3 kəndi birləşdirən bir layihə bu ilin sonuna, ya da ki, gələn ilin əvvəlinə hazır olacaqdır. Bu yaxınlarda yenə də bir neçə kəndin planı mənə təqdim edildi, təsdiqləndi. Yaxın gələcəkdə o kəndlərin də layihələri icra ediləcək və tədricən biz insanları o bölgələrə qaytaracağıq".

Alim Hüseynli

Yazı Azərbaycan Respublikasının Medianın inkişaf Agentliyinin  maliyyə dəstəyi ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31