VƏTƏN SƏRHƏDİNİ QANI İLƏ ÇƏKƏN İGİD

Əminə YUSİFQIZI,
Respublikanın əməkdar jurnalisti  

Cahanşümul Qələbəmizlə dünyaya səs salan 44 günlük Vətən müharibəsi zamanı misilsiz qəhrəmanlıq və şücaət göstərməklə şəhidlik zirvəsinə yüksəlmiş həmyerlimiz Kərimov Cavid Mərdan oğlu 23 fevral 1999-cu ildə axarlı - baxarlı Əlican çayının ləpədöyənində qərar tutmuş Aşağı Bucaq kəndində doğulub. Bir jurnalist olaraq Vətən üçün cəsur, mərd və rəşadətli oğul tərbiyə edib böyütmüş bu ailəni xalqımıza daha dərindən tanıtmaq istəyi ilə həmin kəndə yollandım. Cavidin atası Mərdan kişi ilə elə həyət qapısının ağzındaca görüşdüm. İlk öncə üzrxahlıq edə-edə "başınız sağ olsun" dedim. Şəhidimizə Allahdan rəhmət, ruhunun şad olmasını arzuladım. O isə  "Vətən sağ olsun, Ali Baş Komandan İlham Əliyev sağ olsun!" - cavabını verməklə ürək sözlərimizi daha dolğun tamamladı. Evə dəvət etdilər. Həyat yoldaşı Alidə xanım da ona qoşularaq Cavid barədə xeyli acılı-şirinli xatirələrini danışdılar. Otuz ildən artıq müqəddəs torpaqlarımızı işğal altında saxlayan mənfur erməni silahlı birləşmələrinin məhv edilməsinə öz qanı bahasına töhfə vermiş oğlanlarının hərbi geyimdə müxtəlif vaxtlarda çəkdirdikləri şəkilləri mənə göstərərək,- bax bu enlikürək, xoş simalı, cəngavər görkəmli Cavid oğlumuz Qənbərdən sonra ailəmizin ikinci övladı, sonbeşiyi idi,- dedilər.   
Qayğısız uşaqlıq və yarımçıq gənclik illəri kənddə keçən Cavid, ulu öndərin vaxtilə tez-tez qonağı olduğu, həmçinin müntəzəm diqqət və qayğısı ilə keçmiş SSRİ məkanında şöhrətləndirdiyi Xaldan kənd kompleks tam orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılanadək müxtəlif peşə-sənətə sahiblənmişdi. Kənddə həmişə yaşca özündən böyüklərlə oturub-durar, dostluq edər, hamıya qarşı mehribanlığı və əlindən gələn yaxşılığı göstərməklə həmyaşıdlarından fərqlənərmiş. Suvaqçı, tənəkəçi, bənna kimi gözəl əl qabiliyyəti varmış. Onun sənətkar əllərinin izi, qəlbinin hərarəti  işlətdiyi əmək alətlərinin, həyətlərində tikdiyi, qurduğu, dəmirdən hazırladığı məişət əşyalarının, mişar daşı ilə hördüyü barıların üzərində qalmaqdadır. 
Mərdan kişi ilə Alidə xanım Cavidin vətənpərvərliyindən də sonsuz  qürur hissi ilə söz açdılar. Xüsusilə həqiqi hərbi xidmətini başa vurub qayıtdıqdan sonra tamamilə dəyişdiyini, çox qayğılı göründüyünü dedilər. Hətta Bakı şəhərində mühafizəçi kimi işə düzəlsə də könüllü olaraq yenidən Milli  Ordumuzun sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmağı üstün tutdu. Elə  də etdi. "N" saylı hərbi hissədə təcrübəli və peşəkar döyüşçü kimi hücum batalyonunun tərkibində Vətənə xidmətini davam etdirdi. 
Mərdan kişi qürurla danışırdı. İnanıram ki , əgər ölüm ayağında bircə kəlmə deməyə macal tapa bilmişdisə mütləq "Vətən sənə qurban olum" demişdi. Tüstü-tüstü, alov-alov yansalar da ailənin necə vətənpərvər olduqları insanı kövrəldirdi. 
Tez-tez evə zəng edər, ata-anasına sevinclə bildirirmiş ki, möhtərəm  Prezidentimiz,  Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənabları hərbi texnikaların son nailiyyətləri ilə təchiz olunmuş elə qüdrətli ordu  formalaşdırıb ki, onun qarşısında heç bir qüvvə tab gətirə bilməz. İnşaallah, özü demiş, nəyi necə, nə vaxt, hansı şəraitdə yerinə yetirməyi düzgün dəyərləndirməyi bacaran ölkə başçımızın rəhbərliyi ilə mənfur ermənilərin    işğalı altında inləyən müqəddəs torpaqlarımızı azad etməyə, hətta bu yolda  ölümə getməyə belə hazırıq.
Mərdan kişi dediklərinə sübut kimi, Cavidin döyüş meydanına yola düşərkən yazdığı və "SMS"lə evə ünvanladığı bir şeiri də oxudu:
"Mən Cavidəm, mən zirvəyəm,
Həm torpağam, həm vətənəm.
Vətən mənim anamdır,
Üçrəngli bayrağımdır. 
Mən Cavidəm, qələbəyə, 
Köklənmiş bir şəhidəm..."
Müharibə başlayandan cəmi dörd gün keçmiş - oktyabrın 1-də 21 yaşında ikən, məhəbbət bulağından su içməmiş, cavan- sütül çağında Vətənə sevgisini  təsdiq etmək naminə Vətənin azadlığı uğrunda Ballıqaya ətrafında gedən döyüşlərə  atılaraq  düşmənin  xeyli  canlı  qüvvəsini və hərbi texnikasını  məhv edərək qəhrəmanlıqla həlak olub. Cavid balamızın mübarək nəşi şəhərdəki Şəhidlər xiyabanında torpağa tapşırıldı. Pandemiya dövrünə uyğun olaraq karantin rejimi gözlənilməklə Yevlax Şəhər İcra Hakimiyyəti rəhbərliyinin, bir sıra dövlət rəsmilərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə digər şəhid  balalarımız kimi, Cavid də ana qədər  sevdiyi ana vətənin  qucağına sığındı.
Cümlələrinin əvvəlini də, axırını da "Təki Vətən sağ olsun!" ifadəsi ilə  başlayan Mərdan kişi və Alidə xanım Azərbaycan xalqına böyük, türk dünyasına baş ucalığı gətirən İlham Əliyev cənablarına ölkəmizin hər bir vətəndaşına, xüsusilə şəhid, qazi və muharibə veteranlarının ailələrinə göstərdiyi yüksək diqqət və qayğıya görə dərin minnətdarlıqlarını çatdırmağı xahiş etdilər. Onu da dedilər  ki, rayon rəhbərliyi, yerli özünüidarəetmə orqanlarının təmsilçiləri, millət vəkillərimiz Əli Hüseynli və İlham Məmmədov da müntəzəm olaraq biz şəhid ailələri ilə maraqlanır, köməkliklərini  əsirgəmirlər. Çox sağ olsunlar. Bizim üçün ən yüksək mükafat yağı düşmən üzərində qazandığımız heç nə ilə müqayisə olunmaz Zəfər, şəhidlərimizin  ölməz və müqəddəs  ruhuna Dövlət və ümumxalq səviyyəsində göstərilən dərin ehtiramdır.
Bu ailədən, Cavidin ruhu dolaşan bu həyət-bacadan hansı təəssüratla   ayrıldığımı, hansı hissləri keçirdiyimi bir Allah bilir. Duyğulandımmı, kövrəldimmi, kədərləndimmi - deyə bilmirəm. Yalnız onu deyə bilirəm ki, belə valideynlərdən tərbiyə alanlar Vətənə canlarını qurban edənlərdir.
Bir daha qapıları qara xəbər döyməsin. Heç kəsin ürəyinə bala dağı çəkilməsin.
Kərimov Cavid Mərdan oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur. Sonsuzadək ürəyimizdə yaşayacaqdır!        

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31