Uşaqları virusdan NECƏ QORUYAQ?

İlk öncə bunu deməliyəm ki, bir çoxumuz sosial baxımdan bizdən tələb olunan məsuliyyətə əməl etmirik. Hər şeydən dəhşətlisi hər gün onlarla xəstə test cavabı "pozitiv" olduğu halda küçəyə çıxır. Beləliklə, yüzlərlə insanın həyatını riskə atır. Bu xəbərlər DİN tərəfindən təsdiqlənməsəydi, inanmaq istəməzdik. Hansı haqla bunu edə bilər bir vətəndaş?  Bu qaydalara əməl etmək hər bir vətəndaşın digər vətəndaşlar qarşısında olan borcudur.  
Biz koronavirusa qarşı, virus isə bizə qarşı mübarizə aparır. "Delta" ştammı isə ən sürətli yayılan ştammdır. Təbii ki, digər ştammlarda olduğu kimi bunu da ciddiyə almırıq və ya almaq istəmirik. Hər birimizin ətrafında "yalan söhbətdir", "virus yoxdur" deyən şəxslər olub. Təəssüf ki, virus çoxumuzdan yan keçmədi. Acı da olsa, bu gerçəkliklə razılaşmalı olduq. Anamızı, atamızı, qohumumuzu, nənəmizi, babamızı və bir çoxlarımızı bu bəlaya qurban verdik. Bəs övladlarımız? Bizim üçün onlardan daha dəyərli kim var? Təəssüf, bu ştamm onların da həyatını riskə atır. Dünyada "Delta" ştammından sonra minlərlə azyaşlı virusa yoluxub, hətta həyatını itirib. Ölkəmizdə də keçən  illə müqayisədə uşaqlar arasında yoluxma sayı kəskin artıb. Virusun meydana gəldiyi ilk dövrdən bu yana "uşaqlara yoluxmur" kimi şablon fikir formalaşıb hər kəsdə. Buna görə uşaqların maska taxıb taxmamasına diqqət yetirilmir, ictimai yerlərdə gigiyenik qaydalara nəzarət olunmur. Uşaqlar üçün oyun zalları, əyləncə məkanları fəaliyyətə başlasa, bu rəqəmlər bizi qorxudacaq dərəcədə artacaq. Azyaşlılara gigiyenik qaydaları öyrətmək lazımdır. Ən əsası isə  koronavirusun onlar üçün törədəcəyi fəsadları bildirməliyik.  Sosial məsuliyyəti dərk etməli, getdiyi market, kitabxana və.s kimi yerlərdə hər şeyə toxunmamalı, əlini tez-tez ağzına aparmamalıdır. 
Artıq dünya ölkələri  azyaşlılar arasında yoluxmaya qarşı tədbirlər görməyə başlayıblar.  Bu mövzu haqqında həkim-infeksionist İlhamə Şirinova Olaylar.az-a açıqlamasında bunları deyibi: "Türkiyədə artıq 15, xroniki xəstəliyi olan uşaqlar isə hətta 12 yaşından etibarən peyvənd olunacaq. Mən bu qərarı dəstəkləyirəm. Çünki bir çox xəstələr, virusun ilk zamanlarında da daşıyıcı şəxs uşaqlar idi. Əvvəlki ştammları uşaqlar çox yüngül keçirirdi. 1-2 gün qızdırma, halsızlıq olurdu və keçirdi. Valideyn yoluxub, bilmədən başqalarına yoluxdururdu. Bu hallar qısa müddət özünü göstərdiyi üçün valideyn övladının virus daşıyıcısı olduğundan şübhə duymurdu. Ancaq uşağın daşıyıcı olduğunu unutmamalıyıq. Bütün bu səbəblərdən ötrü 15 yaşından etibarən yeniyetmələrin peyvənd  olunması qərarını düzgün hesab edirəm. Ümid edirəm, ölkəmizdə də bu qərara baxılar və tətbiq olunar. Hər bir ailədə böyüklərlə birlikdə uşaqlar da peyvənd olsunsa, kollektiv immunitet yaranar. Nəticədə biz bu bəladan qurtularıq.  Lakin hazırda vəziyyət çox acınacaqlıdır. Maskadan istifadə olunmur, vaksinasiya bizi qane edəcək səviyyədə deyil. İnsanların vaksinasiyaya cəlb olunması üçün qoyulan şərtlər müsbət nəticələr verəcək. Təbliğat güclü olmalıdır. Hər kəs vaksin olunmalıdır. Vaksin olunmaq o demək deyil ki, biz yoluxmayacağıq. Yoluxsaq da, yüngül keçirəcəyik. Hazırda reanimasiyada olan xəstələr vaksin olunmayan xəstələrdir. Kəskin xəstəliyi olan şəxslər, müalicə olunub sağaldıqdan sonra peyvənd oluna bilərlər. Valideynlərə məsləhətimiz budur ki, övladlarını qapalı məkanlardan uzaq tutsunlar. 5 yaşından yuxarı uşaqların maska istifadəsinə nəzarət etsinlər. Uşaqda narahatlıq, halsızlıq baş verdiyi zaman sahə pediatrına müraciət etsinlər. Bol maye və vitamin qəbuluna diqqət ayırsınlar"

Əfsanə  Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31