TANRI CƏNNƏTİN AÇARINI VERDİYİ CƏNGAVƏR

Əminə YUSİFQIZI,
Respublikanın əməkdar jurnalisti

Niyəsə dünyanı həmişə ümumi evimiz, hər kəsi, elə özümü də qonaq hesab etmişəm. Yaşadığı evdə baş verənlərə kim laqeyid qalar ki? Nə qədər  qonaqpərvər olsaq da kim qonağın evimizdə özbaşınalıq etməyinə tab gətirər? Heç kim. Qonaq cağrılmamış olanda isə səbrimiz aşıb-daşır. Ən yaxşı halda ona qapı göstəririk. Bunu edirik də. Belə deyirlər ki, bir dəfə Həzrət Əli bilmədən bir qarışqanı tapdalayır, sonra nə qədər calışırsa, qarışqa hərəkətə  gəlmir, bunu görüb halı pisləşir. Əli yuxusunda gecə HZ. Məhəmmədi görür. Peygəmbərimiz bildirir ki, həmin qarışqaya görə neçə gündür göylər matəm  içindədir.
Döyüş yoldaşları danışırlar ki, şəhidimiz Quliyev Nicat Nuşirəvan oğlu böyüklərdən  eşitdiyi bu  hədisi  tez-tez təkrar etməyi xoşlayırdı. Sonra əlavə  edirdi: Əlin qurusun, düşmən. Necə qıyırsan bəs igid oğulları  məhv etməyə? Niyə qanına yerikləyirsən bu cəngavərlərin? Bizi də məcbur edirsən, sizləri öldürək.  Fərqimiz budur ki, biz dünyada alçaqların sayını azaldırıq. Siz isə qeyrətli igidlərin. Ermənilərə nifrəti sonsuz idi. Dahilərin, mütəfəkkirlərin onlar haqqında dediklərinin çoxunu əzbərdən bilirdi. Aleksandr Dümanın bu fikri ona ləzzət edirdi: "Ermənilər həmişə erməni dinindən fərqli dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə onlar öz fikirlərini, hisslərini və məramlarını gizlədən vücudlara, habelə dələduzlara və fırıldaqçılara çevrilmişlər".
Nicat belə misallardan çox çəkirdi. Bütün dünya onların alçaqlığından xəbərdardır,-söyləyirdi.    
Quliyev Nicat Nuşirəvan oğlu 8 aprel 1985-ci ildə Yevlaxda anadan olub. 2 nömrəli tam orta məktəbdə təhsil alıb, şəkli həmişə "Şərəf lövhəsi"ni bəzəyib. Tərbiyəsi, təlimi ilə secilib. Fənn olimpiadalarında yer tutub. Valideynləri  məktəbdən həmişə oğulları haqqında eşitdikləri xoş sözlərə görə sevinclə qayıdıblar. Elə Şahmat məktəbində də şəkli daim şərəf lövhəsində olub. Məktəbi qurtardıqdan sonra 2005- ci ildə borcunu yerinə yetirmək ücün hərbi qulluga yola düşüb. Qayıtdıqdan sonra Su-Kanal İdarəsində çalışıb. Öz  zəhməti  ilə, alın təri ilə  calışan bir ailədə tərbiyə alıb Nicat. Atası  Nuşirəvan taksi sürür. Anası Şükufəni yaxşı tanıyıram. Mən gənc jurnalist idim. O, isə mətbəədə mürəttib, yəni şrift yığan. Ən əziyyətli işi yerinə yetirirdi Şükufə. İki oğul böyüdüblər. Şəhidin qardaşı Ruslan müxtəlif evlərdə ustalıq edir. İki övladı var. Ata-anası ilə birlikdə yaşayırlar.
Nicatın ailəsi darısqallıqdan həyat yoldaşı­nın anası Solmazgildə yaşayır. Elə qızının  bu oca­ğa düşməsi də onun razılığı ilə baş tutub. Cavanlar da bir- birini bəyəniblər. Aynur xanımla söhbət etdikcə Nicat Quliyevi daha yaxından tanıyıram. Cox ailəcanlı olub. Həyat yoldaşına, balalarına çox bağlı imiş.  Çavuş idi orduda. Heç vaxt heç nədən çəkinməyib. Üç dəfə yaralansa da  müharibəni tərk etməyib. Ali Baş Komandanın "Biz bu gün xalqımızın yeni tarixini  yazdıq, şanlı tariximizi yazdıq" sözləri onu elə fərəhləndirirdi ki. Deyirdi: Cənab Prezidentimiz  bizə çox güvənir. Biz bu güvəni doğrultmalıyıq.
2010-cu ildə anadan olmuş Cavidan, 2011-ci ildə anadan olmuş Şəbnəm  gözlərinin önündən heç vaxt getmirdi. Xəyalına gətirirdi onların qəhrəman  ataları  ilə fəxr edəcəyi günü. Axı, 2015-ci ildən müddətdən artıq  həqiqi  hərbi xidmət qulluqçusu işləyirdi. Hərbin bütün əziyyətlərinə qatlaşmışdı.  Sentyabrın 27-dən Murovdağ istiqamətində cox igidliklər göstərmişdi. Kəşfiyyatçı kimi tez-tez ermənilərin icinə girməyi bacarırdı. Zəfər gününə cəmi beş gün qalmış Nicat düşmən snayperinin əli ilə həyatına əlvida dedi. Çox sevdiyi həyat yoldaşına zəng etmişdi. Lap az qalıb, axırlarına çıxmışıq bu dığaların,- demişdi. Qoy bu döyüşdən sağ çıxım, sənə  söylənəsi o qədər  sözlərim  var, Aynur, demişdi.


Aynur xanımın şəhiddən ötrü necə alışıb-yandığını görməmək mümkün deyildi. 2021-ci il aprelin 8-də Aynur şəhidin yadigarları olan 2 övladı və ŞİH rəsmiləri ilə birlikdə Şəhidlər xiyabanında idi. Canından artıq sevdiyi Nicatın bu dəfəki ad gününü onun məzarı başında keçirmək qisməti imiş bu kədərli qadının.
Bəli, sözünə əməl edə bilməmişdi Nicat. Nəşi 2 gün neytral zonada qalmışdı. Noyabrın 2-də adına layiq Şəhidlər xiyabanında dəfn edilmişdi. 


Bəli, otuz ildir səbr edən, dözüm göstərən Azərbaycan oğulları bir andaca  səfərbər oldular, tək yumruq oldular, düşmənin başına od ələdilər. 
Son atəş də, son zərbə də səninkidir.
Oğul əsgər, əsgər oğul, mərd igiddir.
Mərd ölsə də mərdlik  ölmür, əsgər  ölmür.
Hünər  ölmür, mərdlik  ölmür, əsgər ölmür.
Elədir, Məmməd Araz, elədir, ulu şair. Vətən əsgərinə oğul deməklə, eyni zamanda qəhrəmanlıgı ilə də qürur duyur. Onların arasında tanrı cənnətin  acarını verdiyi Quliyev Nicat Nuşirəvan oğlu da var.
Quliyev Nicat Nuşirəvan oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Sonsuzadək ürəyimizdə yaşayacaqdır!
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31