Şiddət mövzusuna cəmiyyətin "DAYAĞI"

şiddət mövzusuna dayaq vuran da var, dayaq olan da...

Dayan! Bu mövzuya necə laqeyd yanaşa bilərsən? Axı, şiddət sənin,mənim, hər birimizin bir addımlığındadır. Təəssüf ki, şiddət mövzusuna dayaq vuran da var, dayaq olan da...Qarşı çıxanların gördükləri "işlər" ortadadır. Pankart açmaq, aksiya keçirmək və.s. Nə dərəcədə işə(və kimin) yarayır, demək çətindir. Axı hansısa ucqar kənddə fiziki, psixoloji şiddət görən bir qıza mənim Bakının mərkəzində açdığım pankart necə fayda verə bilər? Bütün bunlara görə məsələnin indiki zamanda həlli mənə uzaq görünür. Şirkətlərin Marsda  yaşam üçün yarışa girdiyi bir zamanda nəyə görə bu coğrafiya(lar)da şiddət bitmir?  Bütün bunlara səbəb beynimizə yeridilən şablonlar, çeynənməmiş, heç bir əsası olmayan fikirlərdir. Bir qadın olaraq əgər bu şablonlardan kənara çıxsan, ya şiddət görəcək, ya da öldürüləcəksən.  Həyatı boyu "qızını döyməyən, dizini döyər" prinsipi ilə yaşayan valideyn, qızının məzarı başında nəinki dizinə, hətta başına döyür. "Biçarələr ayaqlarınıza düşüb yalvaranda ki, ata, qurban olum, məni bu adama vermə. Dinləmədiniz". Tanış gəlir bu söz? Düz bir əsr əvvəl deyilmişdi. Bəs indi? Heç nə dəyişmədi. Yenə medianı şiddət və cinayət xəbərləri zəbt edir.  Hər kəs öz azadlığını özü qazanır. Heç kim başqa biri üçün azadlıq hədiyyə edə bilməz.  "Ərin nə deyir odu", "atan xəstədi, boşansan, ürəyi partlayar", "qardaşının ailəsi var, sənə necə baxacaq?" deyib, qadını yük kimi görən, hər zaman kimdənsə asılı olmaq məcburiyyətində qalan  bir canlı kimi qələmə verən zehniyyətli insanlar olduqca, bu xəbərlərin ardı- arası kəsilməyəcək. Bizim gördüyümüz aysberqin bir qismidir. Səsini çıxara bilməyən, ölənə qədər bu acılara qatlanan, onlarla, hətta minlərlə qadın var. O qadınlar bilməlidir ki, "uşaqlara görə dözüb oturmaq" övlada edilən ən böyük pislikdir. Qadın şiddətə övladlarına görə qalib gəlməlidir. Şübhəsiz, boşanan ana -atadan daha çox anaya əl qaldıran atanı görmək övlada ən böyük travmanı yaşadacaqdır. Psixoloqlar bu cür ailələrdə böyüyən uşaqların gələcəkdə çox böyük problemlər yaşadığını təsdiq edir. "Ərim məni qısqanır, çünki məni sevir", "məni döyür, çünki məni qısqanır" kimi ifadələr kökündən yanlışdır. Şiddət və güvənsizlik əsla sevgi ola bilməz. Yazıb pozduqca ağlıma məcbur evləndirildiyi üçün intihar edən Günel gəldi. Ailəsi onu "Vağzalı" ilə dəfn etmişdi.  Bəzən intihar etməyimiz belə bu təfəkkürü qəflət yuxusundan ayılda bilmir. Buna görə ən yaxşı yol yaşamaq və yaratmaqdır.  Ətrafımızdakı insanları maarifləndirmək.  Və ən əsası təhsil. Təhsil alan qadının qarşısına şiddət göstərəcək bir insan çıxa bilməz? Əlbəttə, çıxar. Ondan sonra isə qadının öz ayaqları üstündə durmaq istəyi, cəsarəti girər ortaya. İlk öncə maddi bağımsızlığını təmin edər və şiddət göstərən şəxsdən hüquqi yollarla qurtular.  Buna görə hər bir qadın hüquqi bərabərliyinin sonuna qədər arxasında durmalı, ömrünü və övladlarının gələcəyini şiddətə qurban verməməlidir. Şiddətsiz, cinayətsiz bir toplum olmaq üçün ən başda ətrafımızdan başlamalı, toplumsal məsələləri əsla qulaqardına vurmamalıyıq. 

Azərbaycanda tarix boyu mübariz  qadınlar yaşayıb, yaradıb. Tağıyevin oxutduğu ilk ali təhsil alan, buna görə daşlanan qadınlar, 2-ci dünya müharibəsində  qadın pilotumuz Züleyxa Seyidməmmədova, azadlıq deyəndə ağıla gələn Füyuzatçı Nigar xanım böyük nümunələrdir. Azadlıq elə bir anlayışdır ki, cinsiyyətə ayırmaq çox səhv yanaşmadır. Hər kəsin azadlığı  digər şəxsin azadlıq çərçivəsində bitir. Hər bir övlad cəmiyyətin gələcəyi üçün önəmlidir. Onlara verəcəyiniz ən böyük hədiyyə-TƏHSİLDİR!

Yeri  gəlmişkən bir məsələni də  deməsəm, ölləm! Onu ki, guya sizin müdafiəniz üçün meydana çıxan əynində elə əyni olan, əllərində  əxlaqsız şüarlar tutan o qadınlar çox çirkli bir siyasi  oyunun icraçılarıdırlar.Alət olmayın!

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31