İnfeksionist: “Karantin qaydaları bir az sərtləşdirilsə, yoluxmada azalma müşahidə olunar”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada koronavirusa yoluxanların sayı 199,46 milyon nəfəri keçib, onlardan 4,2 milyondan çoxu dünyasını dəyişib. Johns Hopkins Universitetinin məlumatına görə, dünyada 200 milyondan çox insan yoluxmuş, 4.2 milyondan çox adam ölmüşdür. Təsdiqlənmiş yoluxmaların sayına görə (35.3 milyon insan) ABŞ lider olaraq qalır. Johns Hopkins Universitetinin məlumatına əsasən Hindistan ikinci (31,7 milyon), üçüncü - Braziliya (20,06 milyon), dördüncü - Rusiya, Fransa - beşinci (6,3 milyon) yerdədir.

Bu arada, COVİD-19 koronavirus infeksiyasına qarşı peyvənd kampaniyasını öyrənən bir qrup ingilis alimi "Delta" ştammının mutasiyası səbəbindən COVİD-19 əleyhinə peyvəndlərin effektivliyinin 50% -dən aşağı düşdüyünü təsbit edib. Onların fikrincə, yoluxma hallarının artmasının qarşısını almaq üçün yeni peyvəndlər hazırlamaq və azyaşlılara peyvənd etmək lazımdır.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adanom Gebreyesus koronavirusa qarşı peyvənd çatışmazlığı səbəbindən yenidən peyvənd edilməsinə moratorium tövsiyə edib. Onun sözlərinə görə, ÜST may ayında dünyanın hər bir ölkəsində əhalinin ən azı 10%-nə peyvənd vurmağı qarşısına məqsəd qoymuşdu və yüksək inkişaf etmiş ölkələrdə bu məqsəd yüksək səviyyədə yerinə yetirilib. Belə ki, avqust ayında yenidən peyvəndləmə nəzərə alınaraq hər 100 nəfərə təxminən 100 dozaya qədər yüksəlib.

ABŞ səlahiyyətliləri isə ÜST-in koronavirusa qarşı yenidən peyvənd edilməsinə moratorium tətbiq etmək təklifini "yanlış seçim" hesab ediblər. Ağ Ev, ehtiyac duyulan ölkələrə öz ölkələrində yenidən peyvəndləmə proqramını dayandırmadan əlavə dozada peyvəndlər təqdim edə biləcəklərini söyləyib.

Yaponiyada isə son bir gündə koronavirus infeksiyasına yoluxma sayı rekord həddə çatıb, 14207 nəfər virusa yoluxub. Əvvəlki rekord say 31 iyulda 12 337 nəfər olub.

Gürcüstanda da vəziyyət kritik olaraq qalır, ölkədə koronavirusa yeni yoluxanların 80 faizində "Delta" ştamı aşkarlanıb. Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbərinin müavini Paata İmnadze deyib ki, "Delta" ştammına yoluxma ən çox Tiflis və Batumidə qeydə alınıb.

Rusiya Səhiyyə Nazirliyi isə koronavirus infeksiyasının "Delta" variantı ilə xəstəliyin gedişatının daha sürətli və daha ağır keçdiyini xəbərdar edib: "Xəstələrdə orta, ağır, daha az asemptomatik və mülayim formalar üstünlük təşkil edir. Bu xəstələrin daha uzun müalicəyə ehtiyacı var və virusun 14-29 yaş arası gənclərə yoluxma ehtimalı daha yüksəkdir".

Azərbaycanda da son günlər epidemioloji vəziyyət heç də ürəkaçan deyil. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, koronavirus infeksiyasına 996 yeni yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb. İndiyədək ölkədə ümumilikdə 346 878 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 694 nəfər müalicə olunaraq sağalıb, 5039 nəfər vəfat edib, aktiv xəstə sayı 8145 nəfərdir. Göründüyü kimi, yoluxma sayı artıq 4 rəqəmliyə doğru çoxalır. Bizdə də sərtləşdirmə tədbirləri olmalıdırmı? Yoluxmanın qarşısını necə almaq olar? 

Mövzu ilə bağlı infeksionist-hepatoloq Mərdan Əliyev "Yeni Müsavat"a bildirib ki, koronavirusa sürətlə artım narahatlıq doğurur: "Artıq bütün dünyada "Delta" ilə əlaqədar pandemiyanın yeni dalğası baş qaldırıb. Bu bizim ölkəyə də öz təsirini göstərir. Həm "Delta" ştammının, həm də karantinin yumşaldılması hesabına, həm toylara icazələrin verilməsi və ən önəmlisi, əhali tərəfindən maskaların taxılmasına biganəliklə bağlıdır. Bütün bunların səbəbindən COVİD-19 sürətlə artmaqda davam edir. Düşünürəm ki, ən azı toyların qadağan olunması, maskaların taxılmasına nəzarətin artırılması, böyük ticarət mərkəzlərində, xüsusən idarələrdə maskaların taxılmasına ciddi əməl olunmasına nəzarət olunmalıdır. Əgər karantin qaydaları bir az sərtləşdirilsə, birdən-birə olmasa da, tədricən yoluxmada azalma müşahidə oluna bilər. Çünki burada həm vaksinasiya prosesi gedir, həm də  yoluxub sağalanların sayı kifayət qədər çoxdur. Bunlar hamısı əhalinin xeyrinədir və buna görə əvvəlki dalğalardakı kimi olmayacaq və karantin qaydaları bir az sərtləşdirilsə, bütün sektorlarda yox, müəyyən qədər vacib yerlərdə hansı ki, yoluxmaya daha çox təkan verir. Həmin yerlərdə sərtləşdirilərsə və bəzi məhdudiyyətlər tətbiq olunsa, say azalmağa doğru enəcək".

Bizimlə söhbətdə infeksionist-hepatoloq İlahə Vəliyeva deyib ki, son günlər müraciət edən xəstələrin sayında artım var: "Ötən ayla müqayisə etsək, görərik ki, bir ailədən 5-6 nəfər yoluxmuş xəstə müraciət edir. Son statistik məlumatlardan da bəllidir ki, açıq-aydın görünür ki, yoluxma sürətlə artır. Bu da onunla bağlıdır ki, əvvəlki kimi sosial məsafə və digər qaydalara əməl olunmur. Nə qədər ki, qaydalara əməl olunmur, statistik olaraq göstəricilər də artacaq.  Normal şəkildə həyatmıza davam etmək istəyiriksə, qaydalara əməl etmək lazımdır. Kim özündə hər hansı simptom hiss etsə, dərhal həkimə müraciət etsin, analiz versin. Nə özlərini, nə də başqalarının vəziyyətini ağırlaşdırsanlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31