Azərbaycan gəncliyi bölgədə öz vətənpərvərliyi, milli mənlik şüuruna sahib olması ilə həmişə sayılıb-seçilib

Azərbaycan gənclər ölkəsidir. Ölkə əhalisinin 60 faizdən çoxunu gənclər təşkil edir. Bu nöqteyi-nəzərdən yanaşdıqda gənclərin qarşısında dayanan vəzifələr daha qabarıq şəkildə özünü büruzə verir.

Azərbaycan gənclər ölkəsidir. Ölkə əhalisinin 60 faizdən çoxunu gənclər təşkil edir. Bu nöqteyi-nəzərdən yanaşdıqda gənclərin qarşısında dayanan vəzifələr daha qabarıq şəkildə özünü büruzə verir.

Bu birmənalıdır ki, gənclərin milli-mənlik şüurunun formalaşdırılması, onlarda vətənpərvərlik hisslərinin artırılmasında dövlətin üzərinə mühüm vəzifələr düşür. Əslində dövlətin əsas prirotetlərindən biri bu olmalıdır. Sevindirici haldır ki, Azərbaycanda dövləti bu prosesi uğurla həyata keçirir. Müstəqilliyin ilk illərindən Azərbaycanda bu istiqamətə xüsusi diqqət və qayğı göstərilir, daim dövlət gənclərin daha sağlam, Vətəninə, dövlətinə, xalqına layiq ruhda böyüməsinə çalışır, bu istiqamətdə zəruri addımlar atır. Bu gün Azərbaycan gənclərinin tam mənada milli şüura malik, vətənpərvər ruhda olması, eyni zamanda gələcək nəsillərin də bu ruhda tərbiyə olunması məhz dövlətin bu istiqamətə olan diqqət  və qayğısının nəticəsidir.

Ümumiyyətlə, gənclərə diqqət və qayğının dövlət siyasətinin əsas tərkib hissinə çevrilməsi də onlara olan etimaddan irəli gəlir. Gənclərin vətənpərvər ruhda yetişdirilməsi hər bir ölkə üçün başlıca məsələdir. Vətənpərvərlik hissi öncə ailədən başlanır və davam etdirilir. Vətən sevgisi daxili bir hiss olaraq qəlbdə alovlanır və heç zaman sönmür. İnsan bu hiss ilə yaşamalı, Vətəninə, xalqına xidmət etməlidir. Ümummilli lider Heydər Əliyev çıxışlarında gənclərin vətənpərvər ruhda böyüməsinin və yüksək biliklərə malik olmasının vacibliyini hər zaman vurğulayıb. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.  Vətənə məhəbbət hissi gənclərin dövlət dilinə, milli musiqiyə, folklora, mənsub olduğu dini dəyərlərə, tarixi ənənələrə bağlılığında, ölkə ərazisinin bütövlüyünün qorunmasına hazır olduğunu əməli işlə sübut etməyində öz təzahürünü tapmalıdır. Vətənin tərəqqisi naminə çalışmaq üçün gənclərin müəyyən sənətə, peşəyə sahib olması, dövlət quruculuğunda fəal iştirak etməsi, yüksək peşəkarlığa, təhsilə və elmə yiyələnməsi, geniş dünyagörüşə malik olması, əməyi sevməsi və onunla məşğul olması və təşəbbüskarlığı vacibdir. Vətənin maddi və mənəvi sərvətlərini qorumaq, iqtisadi qüdrətinin yüksəlməsinə nail olmaq, baş verə biləcək iğtişaşlara, təxribatlara və təbii fəlakətlərə qarşı həmişə mübarizə iqtidarında olmaq lazımdır.

Əminliklə deyə bilərik ki, gənclik zamanın, dövrün hərəkətverici qüvvəsidir. Hər bir cəmiyyətin sağlam düşüncəli, təfəkkürlü gənclərə böyük ehtiyacı var. Bu gənclərin yetişməsi üçün isə, cəmiyyət özü zəmin yaratmalıdır. Milli mənlik şüuruna malik olan gənclərin formalaşması üçün beş-on il bəs etmir, bunun üçün illər lazımdır. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi ideoloqların qarşısında duran böyük bir vəzifədir. Bütün cəmiyyətlərdə bu ali hissin yüksək səviyyədə tərbiyə edilməsi tələb olunur. Azərbaycan da istisna deyil. Azərbaycan gəncliyi bölgədə öz vətənpərvərliyi, milli mənlik şüuruna sahib olan gənclər kimi həmişə sayılıb-seçilib. Deyərdim ki, çox zaman başqalarına nümunə olub. Baxmayaraq ki, maddiyyatın mənəviyyatı ötüb keçdiyi bir dövrdə yaşayırıq. Ancaq gənclərimizin heç də hamısı pul qazanmaq naminə dəyərlərimizin üstündən xətt çəkmir. Sağlam ruhlu gəncləri cəmiyyət yetişdirir, ictimaiyyət tərbiyə edir. Cəmiyyətdə nöqsan varsa, bu istər-istəməz, gənclərin əxlaqına, onların vətənpərvərlik hisslərinin zədələnməsinə səbəb olur. Hər bir gənc öz doğulduğu ailənin, yaşadığı mühitin ab-havasına uyğun böyüyüb tərbiyə alır. Tərbiyə insanın bütün yaş dövrləri üçün gərək olan yüksək bir keyfiyyətdir. Övladlarının tərbiyəli böyüməsi, vətənpərvər, yurdsevər olması hər bir valideynlərin arzusudur. Azərbaycan xalqı milli adət-ənənələrə, dəyərlərə sadiq qalmağı sevir. Yəni həyat tərzi də, vətənpərvərlik hissləri də, milli mənlik şüurunun inkişaf etdirilməsi də ənənəvilik çərçivəsində həyata keçirilir. Daha doğrusu, yaşlılar bunu təlqin edir. Azərbaycan  imperiya zəncirlərindən azad olunub. Müstəqil dövlət kimi formalaşıb. Bu on illiklər ərzində Azərbaycanda milli mənlik şüuruna yüzlərlə vətənpərvər gənc yetişib. Onların çoxu ana dilimizə, soy-kökümüzə, vətənimizə münasibətini Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində başlayan 2-ci Qarabağ müharibəsində bildirdi. Bu cavanlar "uf" demədən öz canını, sağlamlığını, gələcəyini ana torpağa fəda etdi. Bu faktın özü göstərir ki, Azərbaycanda sağlam şüura malik gənclərin yetişdirilməsi üçün şərait var. Amma təlimatçılar, ideoloqlar hansısa səbəbə görə bu missiyanı yerinə yetirmək istəmir. Hər halda, bu belə görünür. Dövlətimizin gənclər siyasəti bəllidir. Bu siyasət aidiyyəti qurumlar tərəfindən həyata keçirilməlidir.

Yuxarıda qeyd edilənləri ümumiləşdirərək belə bir qənaətə gələ bilərik ki, Azərbaycan gəncləri Vətən müharibəsindən şərəflə çıxdılar. Bununla da gənclərimiz Ulu Öndər Heydər Əliyevin tövsiyələrini yerinə yetirdilər, Prezident İlham Əliyevin gözləntilərini layiqincə doğrultdular. Ümumiyyətlə, Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin daim önündə olub. Bu, ondan irəli gəlir ki, Azərbaycan dövləti gənclərə hər zaman malik olduqları bacarıq, qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi çıxış edir, bu təbəqəyə daim böyük diqqət və qayğı ilə yanaşır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin yeni mərhələyə qaldırdığı dövlət gənclər siyasəti respublikamızda gəncliyin inkişaf yoluna işıq salıb, onun dövlət quruculuğunda və idarəçiliyində, bir sözlə, cəmiyyət həyatının bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin edib. Bu baxımdan Pezident İlham Əliyevin gənclərlə iş sahəsində həyata keçirdiyi tədbirlər Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş gənclər siyasətinin  uğurlu davamı kimi cəmiyyət tərəfindən təqdir edilir.

44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Gənclərimiz həm döyüş meydanında, həm də kompüter arxasında informasiya müharibəsində vətənpərvərlik hisslərini nümayiş etdirdilər. Dövlətimizin başçısı İlham Əliyevin "İrəli, Azərbaycan əsgəri!" çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağmızı dalğalandırdılar. Azərbaycan əsgəri yazdığı yeni tarixlə xalqımızın qürurunu özünə qaytardı. Dövlətimizin başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında gənclərin milli ruhda tərbiyəsinin prioritet xarakter daşıdığını önə çəkərək partiyanın nəzdincə yeni yaradılan Veteranlar Şurasının bu işə böyük töhfələr verəcəyini xüsusi qeyd etmişdir. Ölkəmizdə təcrübə ilə gənclərin dinamizmi arasında vəhdətin yaradılması  hər dövrün tələblərinə uyğun addımların atılmasına yol açır.

44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə yeni bir səhifəni-Zəfər Gününü yazdı.  Hələ müharibəni şərtləndirən amillər, Azərbaycanın hərb təcrübəsi ilə bağlı kitablar yazılacaq, bu tarix dərsliklərdə xüsusi yer alacaq, gələcək nəsil bu tariximizlə qürur duyaraq artıq torpaqlarımızın işğalı deyil, işğaldan azad olunduğu günü qeyd edəcəklər.

Bütün bunlara, əldə edilən uğurlara baxmayaraq yenə də gənclərlə daimi şəkildə işləmək lazımdır. Müstəqilliyini bərpa etmiş dövlətimizin ideologiyasının, həmçinin Azərbaycançılıq və yurdsevərlik ideyalarının gənclər arasında təbliğ olunmasına böyük ehtiyac var. Azərbaycanımız üçün əsl vətəndaş yetişdirmək, böyük gələcəyimiz naminə ən mühüm vəzifə kimi təhsilimizin və mədəniyyətimizin qarşısında durur. Dövlətçilik, vətəndaşlıq təkcə orta məktəb dərsliklərində və ya hansısa əyani vasitələrdə əks olunmalı deyil, bütün sahələrdə təbliğ edilməli, sevgi və ehtiram hədəfinə çevrilməlidir. Bu baxımdan təbliğatın uğurlu və təsirli olmasında KİV yeri və xidməti əvəzolunmazdır. Televiziya və KİV ilk növbədə mənəvi tərbiyə ocağı kimi, bədii vasitələrlə, sənətkarlıqla, xüsusi incəliklə bu müqəddəs amalları aşımalı və sevdirməlidir. Həyat gerçəkliyinin bədii inikası elə bir səviyyədə olmalıdır ki, gənc təkcə təbliğatın deyil, həmçinin estetik cəhətdən zəngin, yüksək istedadlı sənətkarlıqla tanış olsun. Bu cəhət KİV və televiziya sənətçilərinin məsuliyyətini birə-iki artırır, onların qarşısında yeni vəzifələr qoyur. Hər bir sənətkar, ziyalı özünün cəmiyyətdə daşıdığı funksiyasını düzgün qiymətləndirməli və bu məsuliyyəti şərəflə icra etməlidi.

Süleyman İsmayılbəyli

Yazı  Azərbaycan  Respublikasının  Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31