Qələbəmiz qəhrəmanlıq və milli ruh hesabına əldə edildi

Vətənpərvər Azərbaycan gənci canını Vətən yolunda fəda etməyə hazırdır

Vətənpərvər Azərbaycan gənci canını Vətən yolunda fəda etməyə hazırdır

İllərin sımağı, təcrübəsi bir daha göstərdi ki, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ən vacib məsələlərdən biridir. Elə bu amal nəzərə alınaraq ölkədə gənclərin vətənpərvər ruhda tərbiyyə olunması istiqamətində ciddi addımlar atıldı. Ailələrdən, orta məktəblərdən başlayaraq həyata keçirilən vətənpərvərlik tərbiyyəsi nəhayət 44 günlük Vətən müharibəsində öz nəticəsini göstərdi. Sübut olundu ki, Azərbaycan gənci sözün əsil mənasında vətənpərvərdir və yeri gəldikdə canını Vətən yolunda fəda etməyə hazırdır.  Xüsusən İkinci Qarabağ müharibəsinin gedişi deməyə əsas verir ki, doğrudan da  bu sahədə  böyük uğurlar əldə edilib. Aydındır ki, vətənpərvərlik tədbirləri təkcə maarifləndirici-tərbiyəvi fəaliyyətlə bitmir. Bunun üçün siyasi sabitlik, iqtisadi inkişaf və ordu quruculuğu vacib şərtdir. İnsafən qeyd edilməlidir ki, ötən 30 il ərzində Ali Baş Komandan, Prezident  İlham Əliyevin birbaşa rəhbərliyi altında ordunun maddi-texniki təchizatı, döyüş qabiliyyəti, peşəkarlığı, xidmət şəraiti, hərbçilərin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində çoxsaylı addımlar atılıb. Məhz bunun nəticəsidir ki, müstəqil Azərbaycanın elə güclü ordusu yaranıb ki, bu ordunu adı dünyanın ən güclü on ordusu sırasında çəkilir. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Nəticədə düşmən tərəfinin 30 il ərzində möhkəmləndirdiyi müdafiə xətləri yarıldı, hərbi resursları məhv edildi. Düşmənin canlı qüvvələri isə, sözün həqiqi mənasında, mövqelərini qoyub qaçdılar. Nəzərə almaq lazımdır ki, Azərbaycan Ordusu 30 il ərzində havadarları tərəfindən döyüş təlimlərində "möhkəmlənmiş" bir ordu ilə döyüşmək məcburiyyətində qalıb. Hansı ki, Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşmən insanlıq əleyhinə və müharibə cinayətlərinə əl atıb, o cümlədən döyüş bölgəsindən uzaqda olan ərazilərə raket zərbələri endirib, dinc sakinləri qətlə yetirib. Lakin bütün sadalananlara baxmayaraq qəhrəman Azərbaycan əsgəri düşmənin hücumuna sinəsini sipər çəkərək onu məhv etməyi bacarıb. Artıq qətiyyətlə demək olar ki, İkinci Qarabağ savaşından sonra isə ordumuzun reyrinqi daha da irəliləyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında qeyd edib ki,İkinci Qarabağ müharibəsi də bizim gücümüzü göstərdi, müasirliyi göstərdi:  "Çünki biz XXI əsrin müharibəsini aparmışıq və bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, bizim uğurlarımız, Qələbəmiz öyrənilir. Dünya mətbuatında artıq dəfələrlə məlumat verilmişdir ki, dünyanın aparıcı ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və inkişaf etmiş digər ölkələr İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər. Öz ordularını müasir standartlara, müasir tələblərə uyğunlaşdırmaq istəyirlər. Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və istədiyimizə nail olduq, düşməni torpaqlarımızdan qovduq".

Etiraf edilməlidir ki, işğal olunmuş torpaqlarımızın azad edilməsində Azərbaycan hərbçilərinin rolu kifayət qədər böyük oldu. Hər an döyüşə hazır olan gənclərimiz 44 günlük Vətən müharibəsində əsil qəhrəmanlıq nümunəsi göstərdilər. Belə qəhrəmanlardan biri də Sehran Nizami oğlu Vəliyevdir. II Qarabağ müharibəsinin cəsur döyüşcülərindən biri olan, igid kəşfiyyatçı Sehran Nizami oğlu Vəliyev Yardımlı rayonunun qəhrəman övladlarındandır.

Sehran Nizami oğlu Vəliyev 23.02.1993-cü ildə Biləsuvar rayonunun Nəsimi kəndində anadan olub. Babası Xosaxan Vəliyev qardaşı Vəli ilə 1948-ci ildə Yardımlı rayonunun Hamarkənd kəndindən Biləsuvar rayonuna köçərək Notroski, indiki Nəsimi kəndində məskunlaşıblar. Sehran 2000-ci ildə yaşadığı Nəsimi kəndinin Rafiq Uzayev adına orta məktəbinin 1-ci sinfinə gedib. 2008-ci ildə o, Biləsuvar rayonundakı İ.A. Dəmirov adına Peşə Liseyinə daxil olub və oranı 2011-ci ildə 1-ci dərəcəli traktorçu-maşinist və 1-ci dərəcəli dəmirçi-çilingər ixtisası almaqla bitirib. Sehran 2008-ci ildən kiqsboksinq idman növü ilə məşğul olmağa başlayıb və bir neçə dərəcə əldə edib. 20.04.2011-ci ildə hərbi xidmətə çağırılması ilə əlaqədar idman məktəbindən ayrılıb və 28.04. 2011-ci ildən Dövlət Sərhəd Xidmətində qulluğa başlayıb. O, 2012-ci ildə hərbi xidmətini müvəffəqiyyətlə başa vurduqdan sonra doğma kəndinə qayıdıb və yenidən idmanla məşğul olub. Bir neçə dəfə ölkə üzrə yarışlarda nailiyyətlər əldə edib. Buna baxmayaraq, Sehranın hərbi sahəyə marağı onu yenidən bu çətin və məsuliyyətli işə qaytarıb. Onun müraciəti razılıqla qarşılanıb və 2016-cı ildə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin əmri ilə ona gizir rütbəsi verilib. Sonra ona kəşfiyyat manqasının komandiri kimi məsuliyyətli bir iş tapşırılıb. O, Silahlı Qüvvələrin təlim və tədris mərkəzində (TTM) 27.07. 2016-cı il tarixindən 24.09. 2016-cı il tarixinə qədər "fəaliyyət göstərən qoşun kəşfiyyatı taqım komandirinin müavini-qurup komandiri" kursunu bitirib. Buranı bitirdikdən sonra N saylı hərbi hissəyə təyinat alıb və burada kəşfiyyat manqasının komandiri işləyib. Burada üç il xidmət etdikdən sonra əldə etdiyi nailiyyətlərə görə onu kəşfiyyat taqımının komandiri vəzifəsinə təyin ediblər. 27.09.2020-ci il Fizuli, Ağdərə, Qubadlı istiqamətindəki əməliyyatlarda və döyüşlərdə iştirak edib və 02.10.2020-ci ildə Fizuli istiqamətindəki ağır döyüşlərin birində qəhrəmanlıqla vuruşaraq şəhidlik zirvəsinə ucalıb. Sehran ailəli idi. 10.08.2014-cü ildə ailə həyatı qurmuşdu. Oğlu Nihadın 5, qızı Nurayın isə 3 yaşı var. Üçüncü övladı Hədiyyə isə yanvarda dünyaya gəlib.Ölümündən sonra ikinci qarabağ müharibədə göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə "Vətən uğrunda","Qubadlının azad olunmasına görə" "Fizulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Vətən müharibəsində əsil qəhrəmanlıq göstərən gənclərimizdən biri də Şəhid Sadiq Feyziyevdir. Feyzli Sadiq Tahir oğlu 01-09-1993-cü ildə Yardımlı rayon  Zevin kəndində anadan olub, 2000-ci ildə həmin məktəbin  1-ci sinfinə daxil olub. 2011-ci ildə həmin məktəbin 11sinfini  bitirib və Bakı hərbi tibb texnikomuna qəbul  olunub. 2013-cü ildə texnikomu bitirib Müdafiə Nazirinin Sərancamı ilə Tərtərdə yerləşən N saylı Hərbi hissədə işə başlayıb. 2016-ci il aprel döyüşlərində iştirak edərkən  yaralanıb. Göstərdiyi şücaətə görə korpus komandiri  tərəfindən fəxri fərman və ordenlə təltif edilib. 18-11-2020-ci  ildə ikinci Qarabağ müharibəsində döyüşərkən şəhid olub. Doğulduğu Zevin kəndində dəfn edilib. Atası Feyziyev Tahir deyir ki, Sadiq evin kiçik övladı idi, çox mehriban bir uşaq idi: "Mən onu çox istədiyimdən övladına öz adımı vermişəm". Anası Şükürova Gültamam bildirib ki,  Sadiq evimizin yanan bir çırağı idi: "Həmişə bu sözü deyərdi: ana, səni aparıb özümlə saxlayacam. Sadiqin bu sözü ölüncə məni yandıracaq. Niyə Sadiq verdiyi sözə əməl edə bilmədi". Həyat yoldaşı Nüşabə xanım deyir ki, Sadiq gözəl bir ailə başçısı idi: "Bu 3 il ərzində aramızda heç bir söz söhbət olmamışdı. Çünki biz öz sevgimizlə ailə qurmuşduq, amma vəfasız dünya bizi bir-birimizə yaman çox gördü. Allahdan Sadiqə rəhmət diləyirəm, məkanı cənnət olsun". Söhbətə qoşulan ilk müəllimi Əzizağa Qarayev deyir ki,  2000-ci ilin sentiyabr ayında məktəbə gələn birinci sinifin qəbulunu mənə tapşırmışdılar: "Uşaqlarla yanaşı cılız bir oğlan sinifə daxil oldu. Mən onun yaxşı oxuyacağına ümid etmədim. Şəraitimizə görə apardığım sual cavablara dolğun cavabları məni qane etdi. Sonralar onu dərslərə verdiyi cavablar məni heyran etdi. Onun Vətənə məhəbbəti uşaqlığdan bəlli idi. "Həmişə hazıram" ,"Çalğıçı Yanko" və başqa hekayələri keçərkən tez-tez suallar verir, vətən keşiyində duranlara heyran olduğunu bildirirdi. Sadiq sinifdə tapışırılan bütün işlərdə fəaliyət göstərirdi. Bəs buna görə ki, onun Vətənə məhəbbəti bu gün açıq aydın özünü biruzə verdi. Biz Sadiqin timsalında bütün şəhidlərin qarşısında baş əyib, onlara Allahdan rəhmət diləyirik. Şəhidlərimizlə fəxr edirik!!!" Şəhidin dostu Aqil Fətullayev qeyd edib ki, onların uşaqlığı bir yerdə keçib: "Biz Sadiqlə uşaqlıqdan bir yerdə böyümüşük. O, çox dürüst və mərd biri idi. Bizim həm məktəb, həm hazırlıq dövrümüz də birlikdə keçib. Sadiq istədiyi kimi hərbi felderş ixtisasına daxil olduqdan sonra bir birimizi tez tez görməsəkdə daim əlaqə saxlayırdıq". Sadiq igid, qorxmaz, mərd biri olmaqla yanaşı, həm də yoldaşları arasında daim ruh yüksəkliyi yaradır, yoldaşlarını döyüşə ruhlandırırdı" bu məluumatı döyüş yoldaşları vermişdi. Göründüyü kimi Vətən müharibəsində hər bir Azərbaycan gənci canını fəda etməyə hazır olub. Bu isə deməyə əsas verir ki, Azərbaycan əsgəri əsil vətənpərvərlik  nümunəsidir. İkinci Qarabağ müharibəsi isə bizim şanlı tariximizdir.  Elə bu səbədən də Azərbaycan xalqı əsirlər boyu bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Çünki artıq biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etməyi bacarmışıq.

Prezident İlham Əliyev Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən "Xarıbülbül" musiqi festivalında çıxışı zamanı əsgərlərimizin qəhrəmanlıqlarını, müharibədə göstərdikləri şücayəti lazımı səviyyədə qiymətləndirdi: " 44 günlük müharibə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Azərbaycan tam Qələbə qazandı, işğalçıları qədim Azərbaycan torpaqlarından qovdu və azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağını ucaltdı. 44 günlük müharibə bizim şanlı tariximizdir. 44 günün hər bir günü qəhrəmanlıq dastanı idi, hər bir gündə biz şəhidlər verirdik, qan tökürdük və irəliyə gedirdik. Hər gün biz irəliyə gedirdik. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq. Ancaq irəli gedirdik, şəhidlər verərək, qan tökərək, xalqımız birləşərək və biz birləşib bu Qələbəni şərtləndirdik. 300-dən çox şəhər və kənd döyüş meydanında işğalçılardan azad edildi və Şuşanın - alınmaz qalanın alınması ayrıca bir qəhrəmanlıq dastanıdır. Şuşada olan hər bir insan və artıq Şuşaya gələn Azərbaycan vətəndaşları görürlər ki, Şuşanı götürmək, işğaldan azad etmək böyük qəhrəmanlıq, şücaət, fədakarlıq tələb edirdi. Bizim qəhrəman hərbçilərimiz bu sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşdə Şuşanı işğalçılardan azad etdi. Baxmayaraq ki, işğalçılar bizə qarşı tanklardan, toplardan atəş açırdılar. Biz Şuşa uğrunda gedən döyüşlərdə şəhidlər verdik. Ancaq bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi. Şuşanın azad edilməsi faktiki olaraq Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi. Çünki ondan bir gün sonra Ermənistan məcbur olub bizim şərtlərimizə əsasən formalaşmış kapitulyasiya aktına imza atıb və biz bir güllə atmadan Laçın, Kəlbəcər və Ağdam rayonlarını geri qaytardıq. Təsadüfi deyil ki, Şuşanın azad edilməsi günü - 8 noyabr günü Azərbaycanda rəsmi dövlət bayramı elan edildi, Zəfər bayramı elan edildi və biz bu bayramı hər il qeyd edəcəyik". Göründüyü kimi ölkədə həyata keçirilən vətənpərvərlik tədbirləri gənclərin vətənpərvər ruhda yetişməsində mühüm rol oynayıb. Elə bu səbədən də hazırda analoji tədbirlər davam etdirilməkdədir.

Alim Hüseyinli

Yazı  Azərbaycan  Respublikasının  Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31