Dənizkənarı Bulvar İdarəsindən skuter qadağası ilə bağlı - AÇIQLAMA
23 Aprel 2021 14:49 SosialBakı bulvarında skuterlə hərəkət etmək istəyən vətəndaşa Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları mane olub.
Olaylar.az xəbər verir ki, vətəndaşın dediyinə görə, buna səbəb kimi skuterin bulvara aid olmaması göstərilib.
Orxan Əkbərov adlı şəxs bu haqda məlumatı öz "Facebook" səhifəsində paylaşıb:
"Dünən, dostumla Neftçilər prospektində, "D&G" mağazasının arxasında yerləşən bir yerdən pulumuzu ödəyərək elektrik skuter kirayə götürdük.
Yeraltı keçidlə Dənizkənarı Bulvara keçdik və yeni bulvarda velosiped və skuterlər üçün ayrılmış yerə getdik. Elə təzə başlamışdıq prosesdən zövq almağa Dənizkənarı Bulvar İdərəsinin (DBİ) mühafizəsi başladı hər addım başı bizi saxlamağa. Səbəb sadə idi, skuteri bulvardakı kirayə yerindən götürməmisinizsə, burada sürməyə icazə yoxdur.
Deyirəm skuter özümündür, deyir sübut elə, yəni cibində onu aldığına dair çeklə gəz. Uzun uzadı yazmağa ehtiyac yoxdu, məntiqsizlik məsələnin hər bir hərfində özünü göstərir".
O.Abbasov bu məsələ ilə əlaqədar bəzi sualların da ortaya çıxdığını bildirib:
"İndi növbəti suallar ortaya çıxır:
1. Bunun üçün ayrılmış yerdə niyə başqa yerdən gəlmiş skuter sürmək olmaz?
2. Bu qadağa yazılıdırmı? (öyrəndim, deyil)
3. Bulvar ictimai yerdir və buna baxmayaraq DBİ niyə belə inhisarçı siyasət apararaq əhalini narahat edir?
4. DBİ-nin belə bir qayda qoymağa ümumiyyətlə qanunla tənzimlənən haqqı varmı?".
Məsələni dəqiqləşdirmək üçün Bakı Şəhər Bulvar İdarəsi ilə əlaqə saxladıq. Qurum rəsmisi Rafael Niftəliyev vətəndaşların şəxsi velosiped yaxud skuterlə hərəkətinə məhdudiyyət qoyulmadığını bildirdi:
"Dənizkənarı Milli Park ərazisinin müəyyən hissələri var ki, orada insanların kütləviliyini nəzərə alaraq velosipedlərə və.s qadağa qoymuşuq. Bu da həmin ərazilərdə olan uşaq və yaşlı şəxslərin zədə almaması üçün tətbiq olunur. Qalan yerlərdə isə velosiped zolaqları var və vətəndaşlara qarşı bu istiqamətdə məhdudiyyət qoyulmayıb". sfera