Bu gün şəhid Dmitri Solnsevin doğum günüdür
15 Aprel 2021 12:57 SosialBu gün Vətən müharibəsinin şəhidi Dmitri Solnsevin doğum günüdür.
Milliyyətcə rus olan Dmitri Solnsev 1995-ci ilin aprelin 15-də Bakı şəhərində anadan olub. Uşaq yaşlarında həm anasını, həm də atasını itirən Solnsevin bir bacısı var. Dmitri subay idi.
O, 2001-2012-ci illərdə Nəsimi rayonunda 240 nömrəli tam orta məktəbdə ilk təhsilini alıb. Dmitri Solnsev ali təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində alıb. Magistraturanı qırmızı diplomla bitirib. Hətta koronavirusla mübarizə dövründə TƏBİB-də könüllü kimi çalışıb.
Dmitri 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Nəsimi Rayon Hərbi Komissarlığına müraciət edib və Azərbaycan Ordusu sıralarına yazılıb.
Vətən müharibəsi başlayanda Dmitri könüllü olaraq cəbhəyə yollanır. O, Hadrut qəsəbəsi, Füzuli, Zəngilan və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Dmitriy Solnsev oktyabrın 25-də Qubadlı döyüşləri zamanı şəhid olub. Şəhidimizin məzarı II Fəxri Xiyabandadır.
Prezidenti İlham Əliyevin sərəncamına əsasən Dmitriy Solnsev ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Allah təhmət eləsin!

Gülər Seymurqızı