Koşta Aİ-nin növbəti yeddiillik büdcəsini 40 milyard avro azaltmağı planlaşdırır – ÖZƏL
14:29 SiyasətOlaylar.az xəbər verir ki, "Politico" nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta Aİ-nin növbəti yeddiillik büdcəsində genişmiqyaslı ixtisarlar etməyi hədəfləyir və müvafiq təklifini şənbə günü təqdim edəcək. Diplomatların sözlərinə görə, ümumi büdcə ixtisarı Şuraya sədrlik edən İrlandiyanın irəli sürdüyü əvvəlki layihə ilə müqayisədə 40 milyard avro təşkil edə bilər və bu çərçivədə regional siyasətin maliyyələşdirilməsi azaldılsa da, fermerlərə ayrılan subsidiyalara toxunulmayacaq. Nəşr qeyd edir ki, Avropa Komissiyasının hazırladığı və ümumi büdcənin artırılmasını, ilk dəfə ayrıca hərbi xərclər maddəsinin yaradılmasını, eləcə də kənd təsərrüfatı və zəif inkişaf etmiş regionlar üzrə xərclərin azaldılmasını nəzərdə tutan ilkin layihə üzv ölkələr və siyasi qüvvələr tərəfindən ciddi tənqid olunub. Hazırda Avropa siyasi məkanında hərbi xərclərin artırılmasına ciddi etiraz edilməsə də, əsas mübahisələr bu vəsaitin hansı sahələrin hesabına təmin ediləcəyi ətrafında gedir.