Vətənpərvər gənclərimiz torpaqlarımızı işğaldan azad etməyə hazır olduqlarını dünyaya sübut etdilər

Ölkəmizdə Aprel döyüşlərinin beşinci ildünümü qeyd edildi. Əslində bu günün qeyd edilməsi heç də təsadüfi deyildi. Çünki, Azərbaycanın cəsur əsgər və zabitləri beş il əvvəl hərb tariximizin qəhrəmanlıq səlnaməsini yazmışdılar, vətənpərvər gənclərimiz hər an torpaqlarımızı işğaldan azad etməyə hazır olduqlarını sübut etmişdilər. Məlumat üçün qeyd edək ki, 2016-cı ilin Aprel döyüşləri erməni işğalçıları üzərində 2020-ci ilin sonlarında əldə etdiyimiz Böyük Qələbənin başlanğıc nöqtəsi idi. Aprel döyüşləri Azərbaycan xalqının və Ordusunun tarixi ərazimiz olan Qarabağın işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu bütün dünyaya sübut etdi. Qeyd edək ki, Aprel döyüşləri 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayıb. Aprelin 5-dək davam edən döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnib. Silahlı Qüvvələrimiz Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyini işğaldan azad edib, bununla da Cocuq Mərcanlı kəndində böyük abadlıq işləri başlayıb. Bu kəndə köç Qarabağa böyük qayıdışın başlanğıcı olub. Birmənalı şəkildə qeyd edilməlidir ki, Aprel döyüşləri Azərbaycan gənclərinin əsil qəhrəmanlıq nümunəsi idi. Bu hadisə bir daha göstərdi ki, Azərbaycanda vətənpərvər  gənclər yetişməkdədir.  

Təsadüfi deyil ki, ölkə prezidemti, Ali Baş Komandan İlham Əliyev  Gənclər Günü ilə bağlı müraciətində qeyd edib ki, Azərbaycan gəncləri milli ruhda böyüyürlər:  "Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Əsrlər boyu bizim xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşamışdır. Ancaq biz milli mənsubiyyətimizi, adət-ənənələrimizi qorumuşuq. Nəyə görə?! Ona görə ki, biz həmişə öz dəyərlərimizə bağlı olmuşuq və bugünkü gənclər daim bu məsələyə çox böyük diqqət yetirsinlər. Azərbaycan dəyərləri bizim üçün ən başlıca dəyərlərdir. Bizi bir xalq kimi, millət kimi qoruyan, əsrlər boyu assimilyasiyadan qoruyan məhz bizim dəyərlərimiz, ana dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz olubdur. Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Hesab edirəm ki, bu iki əsas amil hər bir gənc üçün çox vacibdir. Mən bir daha demək istəyirəm ki, bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir və bu əməliyyatlarda iştirak edənlərin mütləq əksəriyyəti gənclərdir. Biz bu əməliyyat nəticəsində uzun illər ərzində işğal altında qalan torpaqları işğalçılardan azad etdik. O torpaqlarda - Lələtəpədə, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının dağlarında Azərbaycan bayrağını ucaltdıq. Bu, böyük tarixi qələbədir. Bu qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq, Azərbaycan əsgəri, Azərbaycan zabiti Vətən uğrunda, torpaq uğrunda canından keçməyə hazırdır. Bu qələbə ermənilərin uzun illər ərzində yaratdıqları mifi tamamilə darmadağın etdi. Bu qələbə göstərdi ki, biz döyüş meydanında da onlardan üstünük. Bu qələbə göstərdi ki, ən əlverişsiz hərbi mövqelərdən əks hücum əməliyyatı apararaq biz çox strateji mövqelərə sahib olduq. Bu gün ordu quruculuğu istiqamətində atılan addımlar təbiidir, zəruridir. Çünki biz müharibə şəraitində yaşayırıq, müharibə hələ bitməyib. Biz hər an hazır olmalıyıq ki, torpaqlarımızı işğalçılardan azad edək. Bizim gənclərimiz bu gün sərhədlərimizi qoruyur. Sərhədçilərimizin böyük əksəriyyəti gənclərdir. Bizim gənclərimiz ictimai asayişi qoruyur. Bu gün Azərbaycan dünya miqyasında ən təhlükəsiz ölkələrdən biridir. Bizim gənclərimiz müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir".

Sözün həqiqi mənasında Azərbaycan gəncləri vətənpərvərdirlər və bunu Aprel döyüşlərində sübut etdilər. Aprel döyüşlərində qəhrəmanlıq göstərən gənclərimizdən biri də şəhid  Elimdar Səlimxan oğlu Səfərovdur. Aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhid olan igid Vətən oğlu Səfərov Elimdar Səlimxan oğlu 1992-ci il iyulun 26-da Yardımlı rayonunda  anadan olub. Elimdarın bir yaşı olanda-yəni 1993-cü ildə ailəsi ilə birlikdə Neftçala rayonunun Aşağı Qaramanlı kəndinə köçürlər. Elimdar 1998-ci ildə Neftçala rayonu Sakit Kərimov adına Qədimkənd kənd orta məktəbinin birinci sinifinə gedib. 2009-cü ildə məktəbi bitirir və 2010-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə gedir. Sonradan o Xüsusi Təyinatlı Qüvvələr kursu keçmək üçün N saylı hərbi hissəyə ezam olunur. Elimdar Səfərov hərbi xidməti başa vurduqdan sonra yenidən öz arzusu ilə Azərbaycan Ordusunun sıralarına qayıdır. Xidmətdə fərqləndiyi üçün komandanlıq tərəfindən bir sıra mükafatlar, medallarla təltif olunub. Axı Elimdar hərbçi peşəsini çox sevirdi. Onun ürəyində bir arzusu var idi. İşğal altındakı torpaqlarımızın qaytarılması. ANA, Vətən, torpaq sevgisi ilə ürəyi döyünən Elimdar azda olsa arzusuna çatır. 2016-cı ilin martından başlayaraq, Ermənistan silahlı qüvvələrinin birləşmələri cəbhəboyu zonadakı yaşayış məntəqələrini daha sıx atəşə tutmağa başlamışdı. Vəziyyəti gərginləşdirmək məqsədilə erməni hərbi birləşmələri artilleriya qurğularından həm döyüş mövqelərimizi, həm də təmas xəttinə yaxın olan yaşayış məntəqələrini atəşə tuturdu. Düşmən aprelin 2-nə keçən gecə bütün mövqelərimizi, eyni zamanda, mülki əhalini atəşə tutub. Azərbaycan tərəfindən dərhal adekvat tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edilib və qəti cavab zərbələri endirilib. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən koordinatlar müəyyənləşdirilib, Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Aprel hadisələrində cəbhənin ən gərgin istiqaməti Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqaməti olub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri aprelin əvvəlində qısa müddətdə düşmənin ön və dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirib və qəti zərbələrlə sıradan çıxarıb. Uğurlu əməliyyatlar nəticəsində Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizləndi. Həmçinin Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi də ələ keçirilib. Bu uğurları təbii ki, Azərbaycan Ordusu, Azərbaycanın qəhrəman oğulları qazanıb. Elə qəhrəmanlarımızdan biri də Elimdar Səfərovdur.Talış kəndi istiqamətindəki döyüşlərdə Elimdar da iştirak edirdi. Buradakı postların alınmasında o, çox böyük fədakarlıq göstərərək düşmən əsgərlərini məhv edib, yaralı yoldaşlarını döyüş meydanından çıxarıb. Amma düşmən gülləsi Elimdardanda yan keçmir. O, aprelin 2-də qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Şəhid Elimdar Səfərov aprelin 4-də yaşadığı Neftçala rayon Aşağı Qaramanlı kəndində böyük izdihamla dəfn edilib. Elimdar Səfərov ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" üçüncü dərəcəli medalı ilə təltif edilib.

Böyük Qarabağ zəfərinin başlanğıcı olan Aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhid olan igid Vətən oğullarından biri də Nurəddin Mirzəyev Ehtimad oğludur. Nurəddin Mirzəyev Ehtimad oğlu 20 dekabr 1996-cı ildə Yardımlı rayonunun Honuba kəndində dünyaya göz açmışdır.Uşaqlıq və gənclik illərini çətinliklə, zəhmətə qatlaşaraq keçirib. Uşaqlığından bəri həyatın hər üzünü gördüyündən əsl İnsan, Vətənpərvər bir gənc kimi formalaşmışdı.

2014-cü ildə Honuba kənd tam orta məktəbindən məzun olur və bir müddət mülki işlərdə çalışır, Ailəsinə yardım edir. 2015-ci ilin yanvar ayının 14-də hərbi xidmətə çağrılan Nurəddin könüllü olaraq snayperçi olmağı seçir. Milli Ordu sıralarında, ön cəbhədə - Fizuli istiqamətində N saylı hərbi hissədə xidmətə başlayır. 2016 - cı ilin aprel ayının 2-dən 3-nə keçən gecə cəbhənin Fizuli istiqamətində düşmən təxribatının qarşısını alarkan gedən şiddətli döyüşlərdə qəhrəmancasına ŞƏHİD olur! 4 aprel 2016-cı il tarixində böyük izdihamla Yardımlı rayonunun Honuba kənd qəbiristanlığında dəfn edilmişdir. Nurəddin Mirzəyev ölümündən sonra göstərdiyi qəhrəmanları görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Aprel döyüşlərinin Qəhrəmanları sırasında Qazimiz- Polkovnik Leytenant Cəfərov Xəqani Vədud oğlu da var. Xəqani Cəfərov Vədud oğlu 1978-ci il yanvar ayının 15-də Yardımlı rayonunun Ostayır kəndində anadan olub. 1985-ci ildə şəhid Mahir İmanov adına Ostayır kənd Tam orta məktəbinə daxil olub və 1995-ci ildə həmin məktəbi bitirdikdən sonra Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olmuşdur. 1999-cu ildə hərbi təhsilini başa vururaq leytenant rütbəsində düşmənlə ön cəbhədə yerləşən Gədəbəy rayonunda xidmətini davam etdirib. Ayrı-ayrı vaxtlarda Bakıda, Gəncədə və Ağdamda xidmət etmiş leytenant rütbəsindən polkovnik-leytenant rütbəsinə, tağım komandirindən Briqadanın Artilleriya rəisi vəzifəsinə qədər yüksəlib. Aprel döyüşlərində yaralanandan sonra H.Əliyev adına AAHM-də Baş müəllim vəzifəsində xidmət edib. 2019-cu ilin dekabr ayında təqaüdə çıxıb. Qarabağ qazisi, müharibə veteranı, Prezident təqaüdçüsü ehtiyyatda olan polkovnik-leytenant Xəqani Cəfərov mütəmadi olaraq ixtisasartırma kursları keçmişdir. 2002-2003-cü illərdə Türkiyə Respublikasında ingilis dili, 2004-cü ildə batareya komandiri, 2008-ci ildə divizion komandirinin müavini, 2010-cu ildə divizionun qərargah rəisi, 2014-cu ildə divizion komandiri kurslarını uğurla başa vurmuşdur.

Xəqani Cəfərov xidməti dövründə Müdafiə naziri, onun müavinləri, Korpus komandiri və Hərbi hissə komandirləri tərəfindən 20-dən çox Fəxri Fərman, Azərbaycan SQ-nin 10, 90, 95, 100 illik medalları ilə, SQ-də Qüsursuz xidmətlərinə görə 1-ci, 2-ci və 3-cü dərəcəli medalları ilə təltif olunmuşdur. 2016-cı ilin aprel döyüşlərinin iştirakçısıdır. Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən "İgidliyə görə" medalı ilə mükafatlandırılmışdır. X.Cəfərov hal-hazırda Ali Hərbi Akademiyada baş müəllim kimi gənclərin hərbin sirlərini mənimsəmələri üçün çalışır.

Aprel döyüşlərinin qəhrəmanı olan Yardimli rayonu, Arvana kəndindən cəsur komandir Hesret Almasli bu döyüşdə düşmənin onlarla canlı qüvvəsini şəxsən özü sıradan çıxarıb. Özü isə bu döyüşdən möcüzə ilə qurtulub. Hərbi hospitalın həkimlərinin sayəsində Hesret Almasli bu gün həyatdadır. Aprel Döyüşləri qazisi baş-leytenant Azər Məmmədov yaralandığı zaman silahdaşı baş-leytenant Həsrət Almaslının göstərdiyi qəhrəmanlığı belə qeyd edir: "Səngər döyüşlərində iki erməni hərbçisi ilə üzbəüz döyüşdə onları məhv etdim. Həmin an qarşı tərəfdən bir erməni əsgəri üzərimə gəldi. Onu da vurduğum an yerə yıxıldı. Avtomatın tətiyi əlində çəkili vəziyyətdə qalmışdı. Açılan güllə sol böyrəyimdən girib, sağ tərəfdən çıxdı. Hiss etdim ki, ayağımın gücü qalmayıb. Yerə yıxıldım, məni güllə ilə vuran erməni həmin vaxt artıq ölmüşdü. Səngər döyüşləri isə davam edirdi. Digər istiqamətdə döyüşən baş-leytenant Almasov Həsrət yaralandığımı gördü. Sürünə-sürünə mənə tərəf gəlib, öz kəmərinə bağlayıb sürüməyə başladı. Çünki həmin anda döyüş gedirdi. Ərazidən məni çıxarmaq olduqca çətin idi. Hardasa yaralı vəziyyətdə iki saata yaxın döyüş gedən ərazidə qaldım. Daha sonra tibbi yardım heyətinin köməkliyi ilə ərazidən çıxarılıb hospitala aparıldım. Bu gün həyatda olmağıma görə döyüş yoldaşım Həsrət Almasova və həkimlərimizə minnətdaram. Həmin anda o zabit şərəfini layiqincə yerinə yetirdi". Sadalanan faktlar deməyə əsas verir ki, Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, qüdrətini, hərbçilərimizin qələbə əzmini daha da artırdı. Aprel döyüşləri dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Bu döyüşlər sübut etdi ki, Azərbaycan vətənpərvər oğulları öz torpaqlarını erməni işğalçılarından təmizləmək qüdrətindədir.

Alim Hüseynli

Yazı  Azərbaycan  Respublikasının  Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31