Siqaret çəkmək və spirtli içkilər qəbul etmək intihara olan meylliliyi artıran faktorlardı

Son aylar intihar hadisəsi Azərbaycanda demək olar ki, ən ciddi problemlərdən birinə çevrilib. Demək olar ki, hər gün ölkə ərazisində intihar hadisəsinin baş verdiyini eşidirik.

Son aylar intihar hadisəsi Azərbaycanda demək olar ki, ən ciddi problemlərdən birinə çevrilib. Demək olar ki, hər gün ölkə ərazisində intihar hadisəsinin baş verdiyini eşidirik. Mənfi tərəfi ondan ibarətdir ki, intihar hadisəsi təkcə paytaxtda deyil, eləcə də  regionlarda da qeydə alınır. Bu mənfi tendensiyanın digər bir xoşagəlməz tərəfi də ondan ibarətdir ki, intihar hadisəsi müxtəlif yaş qruplarını əhatə edir. Həmçinin həm kişilər, həm də qadınlar arasında intihar halları baş verir. Əgər əvvəllər, bir neçə il bundan öncə intihar edən şəxslər əsasən qocalar, yaxud müxtəlif sağalmaz xəstəliklərdən əziyyət çəkənlərdən ibarət idisə, indi intihara əl atanların yaş kateqoriyaları da fərqlidir. Ən dəhşətlisi isə ondan ibarətdir ki, intihar halları da getdikcə gəncləşir və gənc oğlan və qızlar bu xoşagəlməz addımı atır. Artıq orta məktəb şagirdləri arasında belə intihar hallarının baş verdiyi xəbərlərini eşidirik. Təkcə cari ilin ilk 3 ayında onlarla belə faktın şahidinə çevrilmişik və istər orta məktəb, istərsə də ali təhsil müəssisəsinin tələbələri olan oğlan və qızlar intihara əl atıb. Ən son iki orta məktəb şagirdi olan qızların intihara əl atması cəmiyyətimizin nə dərəcəd ciddi problemlə üzləşdiyini ortaya qoyur. Bəs görəsən orta məktəb şagirdlərinin intihara əl atmasına səbəb olan amillər hansılardır və buna qarşı necə tədbirlər görülməlidir. Xüsusilə, hansı qurumlar bu məsələdə məsuliyyətli olmalıdır?

Son aylarda ölkədə artan templə gedən intihar hallarına diqqət çəkən hüquqşünas Əli İbrahimov hesab edir ki,  intiharın qarşısının alınmasında öhdəlik müəllimlər və valideynlərin üzərinə düşür.  Hüquqşünas bidirib ki,  müasir dovrümüzdə biz intihar xəbərlərinin get-gedə artdığının şahidi oluruq. Xüsusilə televiziya xəbərlərində bir intihar xəbəri eşidilən kimi, bir-birinin ardınca davamlı olaraq bu xəbəri eşidirik: "Diqqət yetirsək intiharın müəyyən bir yaş qrupunda yoluxucu xəstəlik kimi yayılması insanı heyrətləndirir. Axı intihar virusu yoxdur və hər kəsin özünə aid problemləri və yaşam tərzləri vardır. Necə olur bir intihar başqa bir intihara səbəb olur. 2013 -cü ildə Kanadada Colman tərəfindən aparılan tədqiqatlara əsasən intihar yüz illərdir keçici olma xüsusiyyətinə malikdir. Apardıqları tədqiqatlarda 12-18 yaş arası 8000 şagird və tələbə araşdırılır. Şagirdlərdən və tələbələrdən intihar haqqındakı düşüncələri  soruşulur. Tədqiqatçılar 2 il boyunca şagirdləri izləyir. 18 yaşa gəldikdə 4 uşaqdan birində intihara təşəbbüs edən bir məktəb yoldaşının olduğu görülür. Yoldaşlarından biri intihar etmiş 12-13 yaşlarındakı şagirdlər, intihara şahit olmamış uşaqlarla qarşılaşdırıldıqda 15%-nin özlərini ciddi şəkildə öldürməyi düşündüklərini, 7%-nin isə buna təşəbbüs göstərdiyini görürlər. İntihara ən çox yeniyetməliyin başlanğıcında olan uşaqlarda rast gəlinir".

Hüquqşünas bildirib ki, ilk olaraq bu anlamda boyük bir məhsuliyyət media işçilərinin üzərinə düşür: "İntihar xəbərini çatdırarkən bu xəbərin üstündə çox dayanmaq, dönə-dönə bu xəbəri vurğulamaq və bir sıxıntıdan çıxış yolu kimi göstərilməsi çox yanlışdır. Çünki bu xəbər bir çox insana mənfi təsir göstərə bilər. İkinci əsas öhdəlik müəllimlər və valideynlərin üzərinə düşür. Əgər yeniyetməlik dövründə belə bir vəziyyətlə qarşılaşmış, öz dostlarından, sinif yoldaşlarından belə bir addım görmüş uşaqlar varsa, mütləq müəllimlər və valideynlər tərəfindən dinlənilməli, bu haqda düşüncələri  öyrənilməlidir. Əgər, bu xəbərin ardından uşaqda özünə qapanma, məktəbin sosial işlərindən uzaqlaşma və yaxud depressiya əlamətləri gorülürsə, mütləq diqqətə alınmalı lazım gələrsə psixoloqa yönləndirilməlidir. Bunu da qeyd edim ki, siz özünüz də bu cür xəbərlər eşitdikdə və ya bu cür hadisə ilə rastlaşdıqda bu hadisə ciddi şəkildə ağlınızdan çıxmırsa və bu düşüncələr sizi narahat edirsə, siz özünüz də depresiyyada ola bilərsiniz". Hüquqşünas Əli İbrahimov onu da diqqətə çatdırıb ki, insanı intihara  yönəldən başqa amillər də var: "Siqaret çəkmək və spirtli içkilər qəbul etmək intihara olan meylliliyi artıran faktorlardı. Əgər ətrafınızda intihar barədə tez-tez danışan, bu haqda söhbətlər edən insanlar varsa, diqqətli olun. Çünki araşdırmalar göstərir ki, intihar edən insan intihardan əvvəl bu hərəkəti edə biləcəyi barədə tez-tez danışır, söhbətlər edir və bir növü ətrafdakıları bu barədə xəbərdar edir. Siz onları düzgün yönləndirərək bu addımdan yayındıra, fikrindən daşındıra və həyatlarını xilas edə bilərsiniz".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31