YƏMƏNDƏ ÖLƏN KİMDİR, QAZANAN KİM? –3-cü yazı- Cavid İSMAYIL yazır 

Cavid İsmayıl

Davamı.Əvvəli burada https://olaylar.az/news/siyaset/642334

Böyük güclər müharibəni yaradır, yoxsa ondan istifadə edir?
Bu sualın bir cümləlik cavabı yoxdur.
Yəməndəki böhranın bütün səbəblərini xarici güclərlə izah etmək doğru deyil. Ölkənin daxili siyasi parçalanması, iqtisadi zəifliyi, regional ziddiyyətləri və hakimiyyət uğrunda mübarizə müharibənin əsas daxili səbəblərindəndir.
Amma xarici müdaxilələr bu böhranı dəfələrlə dərinləşdirib və ona daha böyük geosiyasi ölçü verib. Böyük güclər bəzən müharibəni yaratmır. Onlar mövcud münaqişəyə daxil olur, ondan istifadə edir, tərəflərdən birini dəstəkləyir və öz maraqları üçün yeni imkanlar yaradırlar.
Yəmənin bugünkü mənzərəsi bu baxımdan xüsusilə maraqlıdır. Soyuq müharibə dövründə burada ABŞ və SSRİ-nin rəqabəti görünürdü. Sonrakı mərhələdə İran və Səudiyyə Ərəbistanı əsas regional rəqiblərdən birinə çevrildi. Bu gün isə həmin coğrafiyada ABŞ, İran və Səudiyyə Ərəbistanı ilə yanaşı, Türkiyə və Pakistanın da yeni təhlükəsizlik hesablamaları ön plana çıxır.
Burada Rusiyanın maraqlarını da ayrıca nəzərə almaq lazımdır. SSRİ dövründə Ədən və Sokotra istiqamətində formalaşan strateji maraqlar Sovet İttifaqının dağılması ilə tamamilə yox olmadı. Moskvanın bugünkü imkanları əvvəlki Sovet miqyasında olmasa da, Yəmən, Qırmızı dəniz və Ədən körfəzi Rusiyanın daha geniş Yaxın Şərq siyasətinin diqqətində qalmaqda davam edir. İsrail üçün isə Husilərin hərbi imkanlarının zəiflədilməsi və Qırmızı dənizdə gəmiçiliyin təhlükəsizliyi birbaşa milli təhlükəsizlik məsələsidir. Avropa dövlətləri üçün əsas narahatlıq ticarət yollarının təhlükəsizliyi və qlobal təchizat zəncirinin davamlılığıdır. ABŞ isə həm dəniz yollarının təhlükəsizliyini, həm müttəfiqlərinin müdafiəsini, həm də İranın regional təsirinin məhdudlaşdırılmasını öz strateji maraqları sırasında görür.
Beləliklə, Yəməndə maraqları toqquşan güclərin məqsədləri eyni deyil. Biri hökumət qüvvələrini dəstəkləyir, digəri Husilərlə əlaqələr qurur, başqası dəniz yollarını qorumağa çalışır. Lakin bütün bu fərqli strategiyaların ortaq nəticəsi uzun illər ərzində Yəmənə davamlı sabitlik gətirməyib. Müxtəlif güc mərkəzlərinin rəqabəti dəyişib, tərəflər dəyişib, amma Yəmən xalqının çəkdiyi ağrı dəyişməyib.
Yəni oyun dəyişir, aktorlar dəyişir, maraqların forması dəyişir, amma meydan yenə eynidir. Yəmənin coğrafiyası isə bütün bu dəyişikliklərin fonunda dəyişməz olaraq qalır.
Məhz buna görə Türkiyənin regionda artan roluna yalnız başqa bir güc mərkəzinin yüksəlişi kimi baxmaq kifayət deyil. Əsas məsələ Ankaranın bu qanlı coğrafiyada hansı təhlükəsizlik modelini təklif etməsidir. Əgər məqsəd regional dövlətlərin öz təhlükəsizlik imkanlarını formalaşdırması, qarşılıqlı müdafiə mexanizmləri yaratması və xarici güclərdən asılılığı azaltmasıdırsa, Türkiyə-Pakistan-Səudiyyə Ərəbistanı xəttinin əhəmiyyəti daha da artır.
Bu yanaşma Türkiyənin Yaxın Şərqdəki rolunu da fərqli müstəviyə çıxarır. Ankara artıq yalnız ayrı-ayrı böhranlara reaksiya verən dövlət deyil. Türkiyə regional dövlətlərin təhlükəsizlik imkanlarını genişləndirdiyi, müdafiə sənayesi və texnoloji əməkdaşlığın inkişaf etdiyi, siyasi və iqtisadi əlaqələrin təhlükəsizlik arxitekturası ilə tamamlandığı daha geniş bir model formalaşdırmağa çalışır. Bu modelin nəticəsi yalnız Türkiyənin deyil, onunla əməkdaşlıq edən regional dövlətlərin də strateji imkanlarını genişləndirə bilər.
Ölən də müsəlmandır, öldürən də
Yəmən müharibəsinə yalnız məzhəb qarşıdurması kimi baxmaq böyük səhvdir. Əlbəttə, dini və məzhəbi faktor mühüm rol oynayır. Lakin müharibənin arxasında hakimiyyət, ərazi, limanlar, enerji resursları, sərhədlər, dəniz yolları və regional güc uğrunda mübarizə də dayanır.
Əslində məsələ daha dərindir. Yəməndə eyni xalqın nümayəndələri bir-birinə qarşı vuruşur. Bir tərəfdə Husilər, digər tərəfdə müxtəlif hökumət və yerli silahlı qüvvələr var. Onların arxasında isə fərqli regional və beynəlxalq aktorlar dayanır.
Ona görə də "ölən də müsəlmandır, öldürən də" ifadəsi yalnız dini faciəni deyil, daha böyük bir geosiyasi paradoksu göstərir. Yerli qarşıdurmalar xarici güclərin strategiyalarında alətə çevrildikcə, müharibənin yükünü daşıyan da, həyatını itirən də yenə Yəmən xalqı olur. Böyük güclər üçün bu müharibə geosiyasi hesablamaların bir hissəsinə çevrilə bilər, amma Yəmənli üçün onun adı dağılan ev, itirilən həyat və gələcəyi məhv olan bir nəsildir.
Yəməndə müharibənin ən ağır nəticələrindən biri uşaqların aclıq və qidalanma çatışmazlığı ilə üzləşməsidir. 2018-ci ildə Save the Children 2015-ci ilin aprelindən 2018-ci ilin oktyabrına qədər ağır aclıq nəticəsində 85 minə yaxın 5 yaşadək uşağın ölmüş ola biləcəyini hesablamışdı. Bu gün də vəziyyət dəyişməyib. UNICEF-in 2026-cı il məlumatlarına görə, Yəməndə 10,8 milyon uşaq humanitar yardıma ehtiyac duyur və 2026-cı ildə təxminən 500 min uşağın ağır qidalanma çatışmazlığından əziyyət çəkəcəyi proqnozlaşdırılır.
Bəs kim qazanır?
Bu suala cavab vermək üçün müharibəyə yalnız cəbhə xəritəsindən baxmaq kifayət deyil.
Yəmənli üçün cavab çox aydındır. O, evini itirir, köçkün düşür, işini itirir, ərzaq çatışmazlığı ilə üzləşir və yaxınlarını itirir. Sentyabrın əvvəlindən bəri on minlərlə insanın yenidən köçkün vəziyyətinə düşməsi bunu bir daha göstərir.
İran üçün isə məsələ başqa cür görünür. Tehran regionda birbaşa böyük hərbi bazaya sahib olmadan, ona yaxın qüvvələr vasitəsilə strateji təzyiq imkanlarını genişləndirir. Yəmən bu baxımdan İranın regional güc layihəsində mühüm coğrafi nöqtəyə çevrilir.
Səudiyyə Ərəbistanı üçün əsas məsələ milli təhlükəsizlik və enerji ixracının qorunmasıdır. ABŞ üçün Qırmızı dənizdə naviqasiya azadlığı, müttəfiqlərin müdafiəsi və İranın regional imkanlarının məhdudlaşdırılması ön plandadır. Avropa üçün məsələ ticarət yollarının təhlükəsizliyi və enerji təminatıdır.
Türkiyə və Pakistan üçün isə yeni vəziyyət daha fərqli məna daşıyır. Məkkə sazişi onların qarşısına yalnız Səudiyyənin müdafiəsində iştirak etmək məsələsini deyil, yeni regional təhlükəsizlik sisteminin formalaşmasında daha fəal rol almaq imkanını da qoyur. Husi hücumlarının sazişdən sonrakı dövrdə kəskinləşməsi bu mexanizmin kağız üzərindəki sənəddən real təhlükəsizlik sisteminə çevrilməsi məsələsini daha da aktuallaşdırır.
Məhz burada Türkiyənin mövqeyi ayrıca diqqət çəkir. Ankara Yəməndəki müharibənin tərəfi kimi deyil, regionda uzunmüddətli sabitliyin formalaşmasında maraqlı olan və bunun üçün regional əməkdaşlıq mexanizmləri quran aktor kimi çıxış edir. Türkiyənin artan müdafiə sənayesi imkanları, diplomatik əlaqələri və müxtəlif regional tərəfdaşlıqları bu rolu daha da gücləndirir.
Və tarix yenidən təkrarlanır
Soyuq müharibə dövründə Yəmənin cənubu Sovet İttifaqının, bölgənin digər hissələri isə Qərb və ərəb monarxiyalarının geosiyasi maraqları ilə kəsişirdi. Bu gün Sovet İttifaqı yoxdur. Amma onun vaxtilə diqqət yetirdiyi eyni coğrafi xətt yenə böyük güclərin maraq dairəsindədir.
Bu dəfə oyunun əsas aktorları fərqlidir. İran var, Səudiyyə Ərəbistanı var, ABŞ var, Türkiyə var, Pakistan var, Avropa var. Regiondakı müxtəlif silahlı və siyasi qruplar da bu rəqabətin ayrı-ayrı hissələrinə çevrilib.
Soyuq müharibə dövründə böyük güclər Ədənə və Sokotraya ona görə baxırdılar ki, həmin məkanlar Hind okeanına və Qırmızı dənizə çıxış verirdi. Bu gün isə eyni coğrafiya qlobal enerji və ticarət marşrutlarına nəzarət, İranın regional təsiri, Səudiyyənin təhlükəsizliyi və Türkiyənin yüksələn regional rolu baxımından yenidən ön plana çıxıb.
Lakin bugünkü mərhələni əvvəlki dövrlərdən fərqləndirən mühüm bir amil də var. Türkiyə artıq yalnız başqa güclərin yaratdığı təhlükəsizlik sisteminin daxilində hərəkət edən regional dövlət deyil. Ankara öz müdafiə imkanlarını, diplomatik əlaqələrini və regional tərəfdaşlıqlarını birləşdirərək müstəqil təhlükəsizlik arxitekturasının formalaşmasında daha fəal rol almağa başlayıb. Türkiyə-Pakistan-Səudiyyə Ərəbistanı xətti də bu dəyişimin ən diqqətçəkən nümunələrindən biridir.
Bu baxımdan Yəmən ətrafında baş verənlər daha geniş bir geosiyasi dəyişimin yalnız bir hissəsi kimi görünür. Bir tərəfdə köhnə rəqabətlərin və xarici təhlükəsizlik asılılığının yaratdığı problemlər qalır, digər tərəfdə isə regional dövlətlərin öz təhlükəsizlik imkanlarını artırmaq cəhdi meydana çıxır. Türkiyənin yüksələn rolu məhz bu ikinci prosesin ən mühüm göstəricilərindən biridir.
Lakin xəritə yenə eynidir. Ədən körfəzi yenə oradadır. Bab əl-Məndəb yenə oradadır. Sokotra yenə həmin yerdədir. Qırmızı dəniz yenə dünya ticarətinin əsas damarlarından biridir.
Dəyişən aktorlardır, dəyişməyən isə coğrafiyanın yaratdığı strateji gücdür.
Əsl güc haradadır?
Yəmən bizə bir daha göstərir ki, XXI əsrdə hərbi güc yalnız tankların və raketlərin sayı ilə ölçülmür. Bəzən bir ada, bir liman, bir boğaz və ya bir dəniz yolu bütöv dövlətlərin strateji hesablamasını dəyişə bilər.
Bu gün Mokha, Mayun, Perim və Haniş istiqamətində baş verənlər Yəmən müharibəsinin strateji xəritəsini dəyişməklə yanaşı, Bab əl-Məndəb ətrafında təhlükəsizlik arxitekturasına da təsir edir.
Bu gün Husilərin əldə etdiyi əsas üstünlük yalnız silah deyil. Onların əsas üstünlüyü coğrafiyadır.
Müasir dünyada artıq hərkəsə aydındır ki, bəzən böyük bir dövlətin milyardlarla dollarlıq donanmasının yaratdığı təzyiqi strateji coğrafi mövqeyə nəzarət edən daha kiçik bir silahlı qüvvənin bir neçə raketi, dronu və mövqeyi də yarada bilir.
Bu, müasir geosiyasətin ən sərt reallıqlarından biridir.
ARDI VAR...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31