Fiziki platforma olan SABAH.city innovasiya ekosistemi üçün nə dərəcədə zəruri idi?-Özəl

5-ci Baku ID-nin ilk dəfə yeni yaradılan SABAH.city innovasiya şəhərciyində keçirilməsi, məncə, builki tədbirin ən diqqətçəkən məqamlarından biri idi. Builki Baku ID-yə maraq da əvvəlkilərlə müqayisədə xeyli böyük görünürdü. 

Bir neçə nazir, Prezidentin köməkçisi Şahmar Mövsümov, SOCAR və PAŞA Holding rəhbərliyi, dövlət qurumlarının, universitetlərin, texnologiya şirkətlərinin, investorların, startapların və innovasiya ekosisteminin digər əsas iştirakçılarının rəhbərləri burada idi.

Ötən gün SABAH.city-də olarkən bəzən belə fikirlər də eşidirdim ki, indiki dövrdə belə nəhəng fiziki məkana o qədər də ehtiyac olmaya bilər.

Əslində isə ötən gün baş verənlər bunun əksini göstərirdi. SABAH.city kimi platforma çox vacibdir. Düzünü desəm, biz belə bir platformanın yaradılmasında hətta 5-10 il gecikmişik.

Düşünürəm ki, universitet, elm, dövlət, biznes, investor, startap və texnologiya şirkətlərinin bir araya gəlməsi üçün ölkədə belə vahid fiziki platformanın formalaşması çox əhəmiyyətlidir. SABAH.city də məhz bunun üçün unikal imkan yaradır.

Qlobal təcrübə göstərir ki, innovasiya yalnız onlayn əlaqələrdən və ayrı-ayrı startap proqramlarından yaranmır. İnsanların, ideyaların, elmin, kapitalın və biznesin davamlı olaraq qarşılaşdığı fiziki mühit də ekosistemin inkişafında ciddi rol oynayır.

SABAH.city-nin üstünlüyü də məhz burada ola bilər. Tələbə laboratoriyadan çıxıb startapla, startap investorla, alim texnologiya şirkəti ilə, biznes universitetlə, dövlət isə bütün bu tərəflərlə eyni məkanda qarşılaşa bilir.

Təsadüfi deyil ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov da Baku ID-də bu məkanı uzun müddətdir ehtiyac duyulan iqtisadi subyektlərin, təhsil ekosisteminin, innovatorların, maliyyə və icmanın bir araya gəldiyi nöqtə kimi qiymətləndirdi.

ETN-nin, onun Yüksək Texnologiyalar Parkının bazasında SABAH.HUB komandası tərəfindən belə böyük miqyaslı innovasiya məkanının bir ildən də az müddətdə bu səviyyəyə gətirilməsi özü çox ciddi nəticədir və təqdirəlayiqdir.

Bir neçə gün əvvəl Prezident İlham Əliyevin şəhərciyin açılışında iştirakı, indi isə Baku ID kimi böyük innovasiya tədbirinin burada keçirilməsi artıq məkanın real fəaliyyətə başladığını göstərir.

İndi əsas məsələ bu infrastrukturu işləyən ekosistemə çevirməkdir. Universitet tədqiqatları kommersiyalaşmalı, startaplar yaranmalı, investorlar gəlməli, qlobal texnologiya şirkətləri burada tədqiqat və inkişaf mərkəzləri açmalı və buradan beynəlxalq bazara çıxan məhsullar yaranmalıdır.

YTP-nin Ekspertlər Şurasının üzvü olaraq qeyd edə bilərəm ki, artıq bu istiqamətdə də bir sıra addımlar atılıb.

Əgər bu proses ardıcıl və düzgün qurularsa, SABAH.city sadəcə innovasiya ekosisteminin toplandığı məkan deyil, həmin ekosistemin inkişafını sürətləndirən əsas mərkəzlərdən birinə çevrilə bilər. 

Osman Gündüz

Azərbaycan İntürnet Forumunun rəhbəri

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31