YƏMƏNDƏ ÖLƏN KİMDİR, QAZANAN KİM? – 2-ci yazı- Cavid İSMAYIL yazır 

Cavid İSMAYIL

Davamı...Əvvəlini  buradan  https://olaylar.az/news/siyaset/642228  oxuya  bilərsiniz

2014-cü il - dönüş nöqtəsi
2014-cü ildə Husilərin paytaxt Sənanı ələ keçirməsi Yəmən böhranını tamamilə başqa mərhələyə keçirdi. Dövlət institutlarının zəifləməsi, siyasi parçalanma və müxtəlif silahlı qrupların meydana çıxması ölkəni faktiki olaraq çoxmərkəzli silahlı mübarizə meydanına çevirdi.
Ardınca Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya hərbi müdaxiləyə başladı. Beləliklə, Yəməndəki daxili qarşıdurma regional qarşıdurmaya çevrildi. İran bir tərəfdən Husilərə dəstək verir, Səudiyyə Ərəbistanı isə öz təhlükəsizlik maraqlarını qorumağa çalışırdı. ABŞ və digər Qərb dövlətləri də prosesə müxtəlif formalarda cəlb olundular.
Yəmən isə bütün bu geosiyasi hesablamaların ortasında qaldı. Ölkənin daxili siyasi böhranı artıq regional güclərin rəqabəti ilə birləşmiş, Yəmən isə həmin rəqabətin əsas meydanlarından birinə çevrilmişdi.
Bab əl-Məndəb artıq sadəcə boğaz deyil
Husilərin əsas üstünlüyü bütün Bab əl-Məndəbə tam və mübahisəsiz nəzarət etmələri deyil. Əsas məsələ ondan ibarətdir ki, onlar bu boğazı təhlükəli və baha başa gələn marşruta çevirmək imkanına malikdirlər.
Bu fərq çox vacibdir. Çünki müasir geosiyasətdə hər hansı marşrutu tam bağlamaq həmişə tələb olunmur. Bəzən həmin marşrutdan istifadə edən tərəflərdə təhlükə hissi yaratmaq belə kifayətdir. Gəmi şirkəti risk görürsə, sığorta haqqı artır. Sığorta artırsa, daşıma bahalaşır. Daşıma bahalaşırsa, bunun nəticəsi son məhsulun qiymətinə qədər gedib çıxır.
Beləliklə, Yəməndəki müharibə təkcə hərbi və siyasi deyil, qlobal iqtisadiyyat üçün də real xərc yaradır.
2026 - köhnə coğrafiyada yeni mərhələ
2026-cı ilin sentyabrında Yəməndə baş verənlər göstərdi ki, münaqişə yeni və daha təhlükəli mərhələyə daxil olur. Sentyabrın 10-da Husilər Qırmızı dəniz sahilində strateji Mokha liman şəhərini ələ keçirdilər. Ardınca Mayun, yaxud Perim adasına çatdılar. Sentyabrın 14-də isə Böyük və Kiçik Haniş adalarının da Husilərin nəzarətinə keçdiyi barədə məlumatlar yayıldı. Beləliklə, Husilər Qırmızı dənizin cənub hissəsində sahil və ada mövqelərini genişləndirərək Bab əl-Məndəbə təzyiq imkanlarını daha da artırdılar. Reuters bu irəliləyişi qlobal gəmiçilik üçün ciddi yeni təhlükə kimi qiymətləndirib.
Bu hadisələri ayrı-ayrı taktiki uğurlar kimi qiymətləndirmək düzgün olmaz. Mokha, Perim və Haniş xətti Husilərin Qırmızı dənizin cənub hissəsində strateji mövqelərini genişləndirməsi deməkdir. Bu, onların Bab əl-Məndəb üzərində təzyiq və nəzarət imkanlarını artırır. Lakin bunu boğazın tam və maneəsiz nəzarətə götürülməsi kimi təqdim etmək də düzgün deyil.
Bu yeni hərbi dalğa artıq yalnız strateji xəritəni deyil, humanitar vəziyyəti də ağırlaşdırır. Sentyabrın əvvəlindən bəri on minlərlə insanın evini tərk etdiyi, 82 mindən çox insanın didərgin düşdüyü və iki mindən çox insanın Cibutiyə keçdiyidə bir faciəli faktdır.
Qənimətə çevrilən xarici texnika
Husilərin sürətli irəliləyişi zamanı hökumət qüvvələrinin geri çəkilməsi onların əlinə xeyli hərbi texnikanın keçməsi ilə də nəticələnib.  Mediada yayılan görüntülərdə ABŞ istehsalı MRAP tipli zirehli maşınların və BƏƏ istehsalı NIMR AJBAN patrul avtomobillərinin ələ keçirildiyi görünür.
Bu görüntülərin simvolik mənası da var. Bir vaxtlar Yəməndə sabitlik yaratmaq və Husiləri zəiflətmək məqsədilə istifadə olunan xarici hərbi texnika indi həmin qüvvələrin əlinə keçir. Müharibələrin ən böyük paradokslarından biri də budur. Bir tərəfin təhlükəsizlik üçün gətirdiyi silah sabah qarşı tərəfin üstünlüyünə çevrilə bilər. Sizcə, bu, sadəcə təsadüfdürmü?
Sokotra yenidən yada düşür
Yəmənin geosiyasi xəritəsinə baxarkən Sokotranı ayrıca nəzərə almaq lazımdır. Ədən körfəzinə çıxışın qarşısında yerləşən bu ada Hind okeanına doğru uzanan dəniz yolları baxımından strateji mövqeyə malikdir.
Soyuq müharibə dövründə Sovet İttifaqının Sokotra ətrafındakı lövbər və təminat imkanlarından istifadə etməsi təsadüfi deyildi. Bu ada o vaxt da böyük güclərin diqqətində idi, bu gün də həmin strateji əhəmiyyətini itirməyib.
Beləliklə, coğrafiyanın bir xüsusiyyəti var. Dövlətlər dəyişir, ittifaqlar dəyişir, ideologiyalar dəyişir, amma strateji coğrafiya dəyişmir.
Səudiyyə dəyişir, regionun təhlükəsizlik xəritəsi də dəyişir
Yəmən məsələsini yalnız İran-Səudiyyə qarşıdurması çərçivəsində oxumaq artıq kifayət etmir. Səudiyyə Ərəbistanının özü son illərdə ciddi transformasiya keçirir. Riyadın ənənəvi dini-siyasi modeldən ciddi şəkildə uzaqlaşması, dövlət idarəçiliyində milli kimliyi və modernləşmə xəttini önə çıxarması və təhlükəsizlik siyasətini şaxələndirməsi ölkənin regional davranışına da təsir edir.
Bu dəyişikliklərin ən mühüm göstəricilərindən biri Türkiyə və Pakistanla qurulan yeni müdafiə xəttidir. 7 avqust 2026-cı ildə Məkkədə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında Birgə Müdafiə Sazişi imzalandı. Sazişə əsasən üç ölkədən birinə qarşı silahlı hücum digər ikisinə qarşı da hücum kimi qiymətləndirilir. Avqustun 31-də İstanbulda keçirilən ilk strateji siyasi və müdafiə komitəsi toplantısında isə tərəflər əməkdaşlığı institusionallaşdırmaq, birgə müdafiə imkanlarını, müdafiə sənayesini və birgə istehsal və texnologiyaları inkişaf etdirmək barədə razılığa gəldilər.
Bu artıq sadəcə diplomatik sənəd deyil. Bu, Yaxın Şərqdə təhlükəsizlik arxitekturasının dəyişməyə başladığını göstərən ciddi geosiyasi hadisədir. Beynəlxalq Strateji Araşdırmalar İnstitutu (IISS) da sazişi regionda müdafiə əməkdaşlığında baş verən dəyişikliklərin göstəricisi kimi qiymətləndirir.
Burada Türkiyənin rolu xüsusilə diqqət çəkir. Ankara artıq yalnız hadisələrə reaksiya verən tərəf deyil. Türkiyə Səudiyyə Ərəbistanı və Pakistanla birlikdə yeni regional təhlükəsizlik mexanizminin formalaşmasında birbaşa iştirak edən əsas aktorlardan birinə çevrilir.
Husilər niyə məhz indi bu qədər fəallaşdı?
Apardığımız araşdırmadan gəldiyimiz qənaətə görə, burada əsas suallardan biri ortaya çıxır. Husilərin bu qədər sürətli şəkildə fəallaşması, Səudiyyəyə qarşı hücumları artırması və Bab əl-Məndəb istiqamətində ərazi qazanması məhz yeni regional təhlükəsizlik arxitekturasının formalaşdığı dövrə təsadüf edir. Bu zamanlama təsadüfdürmü?
Bu suala tələsik cavab vermək və Husilərin hansısa dövlət tərəfindən qəsdən fəallaşdırıldığını iddia etmək doğru olmaz. Bunun üçün açıq və etibarlı sübut lazımdır. Lakin geosiyasətdə yalnız "kim əmr verdi?" sualını vermək də kifayət etmir. Bəzən daha vacib sual "baş verənlərdən kim faydalanır?" olur.
Əgər Husi təzyiqi Səudiyyə Ərəbistanını yenidən ənənəvi xarici təhlükəsizlik təminatlarına daha çox ehtiyac duymağa məcbur edirsə, bundan ABŞ kimi ənənəvi təhlükəsizlik təminatçılarının müəyyən üstünlük əldə etməsi mümkündür. Əgər böhran Riyadı Türkiyə və Pakistanla qurduğu yeni müdafiə mexanizmini daha sürətlə işə salmağa vadar edirsə, bu, Türkiyə və Pakistanın yeni regional təhlükəsizlik sistemində rolunu daha da gücləndirə bilər. Əgər İranın regional təsir imkanları genişlənirsə, Tehran da bu vəziyyətdən strateji fayda götürür.
Deməli, məsələ yalnız Husilərin niyə fəallaşması deyil. Əsas məsələ onların fəallığından sonra Yaxın Şərqdə hansı yeni güc mərkəzinin meydana çıxacağıdır.
Yəməndən Egeyədək
Yəməndəki hadisələri daha geniş regional xəritəyə yerləşdirəndə diqqəti başqa bir istiqamət də cəlb edir. Eyni günlərdə Yunanıstanın Egey adalarında hərbi və siyasi fəallığının artması da diqqətdən kənarda qala bilməz.
Yunanıstanın baş naziri Kiryakos Mitsotakis sentyabrın 12-də Ro və Strongyli adalarına səfər edərək oradakı hərbi postlara baş çəkib, hərbçilər və çağırışçılarla görüşüb. Bu adalar Türkiyə sahillərinə yaxın Kastellorizo kompleksi daxilində yerləşir. Səfər sentyabrın 13-də Kastellorizoda keçirilən tədbirlərlə davam edib.
Bu hadisəni Yəməndəki proseslə birbaşa əlaqələndirib "eyni mərkəzin eyni əməliyyatıdır" demək üçün mövcud vəziyyətdə hələ ki, tutarlı əsasımız yoxdur. Amma hadisələrin zamanlaması diqqət çəkir. Bir tərəfdə Yəməndə Səudiyyə Ərəbistanına qarşı Husi təzyiqi artır, digər tərəfdə Türkiyə-Pakistan-Səudiyyə müdafiə xətti formalaşır, başqa bir istiqamətdə isə Türkiyənin ən həssas təhlükəsizlik sahələrindən biri olan Egeydə Yunanıstanın siyasi və hərbi fəallığı görünür.
Zənnimcə qarşımızda bir-birindən tam ayrı hadisələr deyil, Türkiyənin yüksələn regional rolunu həzm edə bilməyən qüvvələrin, müxtəlif istiqamətlərdən verdikləri fərqli reaksiyalar dayanır.
Bu mərhələdə Türkiyənin mövqeyinin genişlənməsi bəzi dövlətlər üçün yeni imkan, bəziləri üçün isə yeni geosiyasi çağırış deməkdir. Ankara Səudiyyə Ərəbistanı və Pakistanla müdafiə əməkdaşlığını dərinləşdirir, Qafqazdan Mərkəzi Asiyaya - Türk dövlətlərinə, Yaxın Şərqdən Şərqi Aralıq dənizinə qədər daha geniş geosiyasi xətt qurmağa çalışır. Belə bir yüksəlişin bütün regional aktorlar tərəfindən eyni rahatlıqla qəbul ediləcəyini gözləmək də real deyil.

ARDI  VAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31