Bakının yükünü azaltmaq üçün TƏKLİF: “Xankəndidə böyük teleşirkət yaradılmalıdır”- ÖZƏL
12:41 SosialBakıda son günlər müşahidə olunan nəqliyyat sıxlığı şəhərin yol infrastrukturuna düşən yükü yenidən gündəmə gətirib. Xüsusilə günün pik saatlarında əsas prospekt və küçələrdə yaranan tıxaclar hərəkətin təşkilində əlavə çətinliklər yaradır. Bir sıra universitetlərin Bakıdan kənara köçürülməsi və ali təhsil müəssisələrinin regionlarda yerləşdirilməsi məsələsi yenidən aktuallaşıb. Ekspertlər hesab edir ki, şəhərin yükünün azaldılması üçün nəqliyyat, təhsil və şəhərsalma siyasətinin kompleks şəkildə nəzərdən keçirilməsi vacibdir.
"Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Olaylar.az-a açıqlamasında Bakının nəqliyyat və şəhərsalma yükünün azaldılması üçün bir sıra təkliflər irəli sürüb. O bildirib ki, paytaxtda əhali sıxlığının artmasının əsas səbəblərindən biri mühüm dövlət qurumlarının, ali təhsil müəssisələrinin və digər böyük kollektivlərin Bakıda cəmləşməsidir. Onun sözlərinə görə, bu yükün azaldılması üçün ali məktəblərin bir hissəsinin regionlara köçürülməsi məqsədəuyğun ola bilər. Ekoloq Xankəndi, Şirvan, Şamaxı, Quba və Lənkəran kimi şəhərlərin ali təhsil mərkəzlərinə çevrilməsini təklif edib. O qeyd edib ki, universitetlərin bölgələrdə yerləşdirilməsi həm paytaxtdakı sıxlığın azalmasına, həm də regionların sosial-iqtisadi inkişafına töhfə verə bilər:
"Bunun üçün bölgələrə rahat və sürətli nəqliyyat imkanları yaradılmalıdır. Bakı ilə regionlar arasında sürətli qatarların hərəkətə gətirilməsi tələbələrin, müəllimlərin və digər vətəndaşların gediş-gəlişini əhəmiyyətli dərəcədə asanlaşdıra bilər", - deyə E. Cəfərli bildirib. O, həmçinin dövlət qurumlarının da mərhələli şəkildə regionlara köçürülməsinin nəzərdən keçirilməsini təklif edib. Onun fikrincə, xüsusilə kənd təsərrüfatı ilə bağlı əsas idarəetmə strukturlarının Yevlax kimi mühüm aqrar mərkəzlərdən birində yerləşdirilməsi bu sahənin regionlarla əlaqəsini gücləndirə bilər.
"Yalnız universitetlərin deyil, bəzi kolleclərin və nüfuzlu orta təhsil müəssisələrinin də bölgələrdə fəaliyyət göstərməsi nəzərdən keçirilməlidir. Xarici dillərin tədrisi üzrə ixtisaslaşmış məktəblərin regionlarda yaradılması da təhsil imkanlarının coğrafiyasını genişləndirə bilər. Bölgələrdə güclü təhsil və ictimai informasiya mərkəzlərinin formalaşdırılması vacibdir. Xankəndidə böyük yaradıcı və texniki kollektivə malik televiziya kanalının yaradılması da bu baxımdan mühüm addım ola bilər", -ekoloq əlavə edib. Onun sözlərinə görə, belə bir televiziya yalnız informasiya yayımı ilə məhdudlaşmamalı, regionun ictimai, mədəni və iqtisadi həyatının işıqlandırılmasına xidmət etməlidir. E. Cəfərli hesab edir ki, ali məktəblərin, dövlət qurumlarının və digər böyük kollektivlərin bölgələrə mərhələli şəkildə paylanması uzunmüddətli şəhərsalma siyasətinin bir hissəsi kimi nəzərdən keçirilə bilər.
İbrahim Məmmədli