YƏMƏNDƏ ÖLƏN KİMDİR, QAZANAN KİM? –1-ci yazı- CAVİD İSMAYIL YAZIR
11:46 SiyasətCAVİD İSMAYIL
Bir ölkənin coğrafiyası necə böyük güclərin rəqabət meydanına çevrilir və niyə müharibənin bədəlini çox vaxt həmin oyunun müəllifləri deyil, yerli insanlar ödəyir?
Bəzən bir ölkənin taleyini onun ərazisində yaşayan insanların sayı və iqtisadi gücü deyil, dünya xəritəsində tutduğu geosiyasi mövqe müəyyənləşdirir. Yəmən məhz belə ölkələrdəndir. Bu ölkə Ərəbistan yarımadasının cənubunda, Qırmızı dənizin Hind okeanına açılan strateji keçidinin yanında yerləşir. Bir tərəfdə Ədən körfəzi, digər tərəfdə Qırmızı dəniz, qarşısında isə Afrika buynuzu. Yəmənin yerləşdiyi bu coğrafiya onu təkcə regional deyil, qlobal rəqabətin də mühüm nöqtələrindən birinə çevirir. Bu coğrafiyanın ən mühüm nöqtəsi isə Bab əl-Məndəb boğazıdır.
Bab əl-Məndəb sadəcə dar bir su keçidi deyil. O, Qırmızı dənizi Ədən körfəzi və Hind okeanı ilə birləşdirən, dünya ticarətinin və enerji daşımalarının ən həssas marşrutlarından biridir. Buna görə Yəməndə baş verən hadisələr çoxdan yalnız Yəmənin daxili problemi olmaqdan çıxıb. Burada hərbi əməliyyatların nəticəsi bir ölkənin sərhədləri ilə məhdudlaşmır, dəniz ticarətindən enerji bazarlarına, sığorta xərclərindən böyük dövlətlərin təhlükəsizlik strategiyalarına qədər uzanır. Yəni Yəməndə atılan bir raketin və ya bağlanan bir dəniz yolunun təsiri bəzən minlərlə kilometr uzaqda hiss olunur.
Bu gün Yəmənə baxanda bir sual xüsusilə adamı düşündürür. Burada kim ölür, kim öldürür və bütün bu savaşın sonunda kim qazanır, yaxud kim qazanacaq?
Yəmənin coğrafiyası niyə bu qədər qiymətlidir?
Yəmənin geosiyasi əhəmiyyətini anlamaq üçün yalnız xəritəyə baxmaq kifayət etmir. Əsas məsələ bu coğrafiyanın böyük güclərə hansı imkanları verdiyidir.
Bu səbəbdən Yəməndə hərbi gücə malik olan tərəf yalnız quru ərazilərinə nəzarət etmək imkanına sahib olmur. O, eyni zamanda dəniz nəqliyyatına təzyiq göstərmək, gəmilərin marşrutlarını dəyişdirmək və böyük iqtisadi gücləri əlavə təhlükəsizlik xərclərinə məcbur etmək imkanına da yiyələnir.
Husilərin Qırmızı dənizdə gəmilərə qarşı hücumları bunun nə demək olduğunu artıq göstərdi. Gəmilərin bir hissəsi Afrika ətrafından, Ümid burnu istiqamətindən keçməyə məcbur oldu. Bu isə yolun uzanması, yanacaq və sığorta xərclərinin artması, çatdırılma müddətlərinin böyüməsi və qlobal təchizat zəncirinə əlavə təzyiq deməkdir. Bir sözlə, bu marşrut iqtisadi baxımdan əvvəlki qədər səmərəli deyil.
Deməli, Yəməndə atılan bir raketin təsiri Yəmən sərhədlərindən minlərlə kilometr uzaqda hiss oluna bilər.
Bu oyun dünən başlamayıb
Yəmənin geosiyasi əhəmiyyəti Husilərdən də, bugünkü İran-Səudiyyə qarşıdurmasından da əvvəl mövcud idi. 1990-cı ilə qədər Yəmən iki ayrı siyasi qurumdan ibarət idi. Şimali Yəmən və Cənubi Yəmən arasında yalnız siyasi sistem deyil, xarici geosiyasi istiqamətlər də fərqli idi.
Xüsusilə Cənubi Yəmən Soyuq müharibə dövründə Sovet İttifaqı ilə yaxın münasibətlər qurmuşdu. Ədən limanı və ölkənin cənub sahilləri SSRİ üçün Qırmızı dənizə, Ədən körfəzinə, Ərəbistan yarımadasına və Hind okeanına çıxış baxımından strateji əhəmiyyət daşıyırdı. Sovet hərbi-dəniz qüvvələrinin bölgədəki fəaliyyəti Yəmənin coğrafiyasının böyük güclər üçün nə qədər vacib olduğunu açıq göstərirdi.
Sokotra adası da həmin geosiyasi hesablamaların mühüm hissəsi idi. Sovet gəmilərinin adanın yaxınlığındakı lövbər və təminat imkanlarından istifadə etdiyi barədə tarixi sənədlər mövcuddur.
Burada tarixin əsas dərsi aydındır. Yəmənin əhəmiyyəti hansı ideologiyanın hakim olmasından asılı olmayıb. Monarxiyalar, respublikalar, sosialist rejimlər, regional güclər və qlobal supergüclər dəyişib, amma Yəmənin yerləşdiyi coğrafiya dəyişməyib. Ədən və Bab əl-Məndəb üzərində nəzarət uğrunda rəqabətin kökü də məhz buradan gəlir.
1990-cı ildə Yəmənlər birləşdi. Bir il sonra isə Sovet İttifaqı dağıldı. Lakin xəritə dəyişmədi. Yəmənin geosiyasi əhəmiyyəti əvvəlki kimi qaldı. Dəyişən yalnız həmin xəritə üzərində hesab aparan güclərin tərkibi oldu.
Sovet İttifaqından İrana qədər
Soyuq müharibənin başa çatmasından sonra Yəməndə ABŞ, Səudiyyə Ərəbistanı və İranın maraqları daha qabarıq görünməyə başladı. Bununla yanaşı, Yəmənin öz daxilində qəbilə münasibətləri, regional qarşıdurmalar, siyasi parçalanma və dini-siyasi ziddiyyətlər də dərinləşirdi.
Husilər məhz bu mürəkkəb daxili mühitdən meydana çıxdılar. Onların kökləri 1990-cı illərdə Yəmənin şimalındakı zeydi şiə mühitinə gedib çıxır. Hüseyn əl-Husi ətrafında formalaşan hərəkat sonradan silahlı mübarizəyə çevrildi və 2004-cü ildə onun öldürülməsindən sonra qarşıdurma daha da sərtləşdi.
Burada mühüm bir məqamı nəzərdən qaçırmaq olmaz. Husilər xarici dövlət tərəfindən sıfırdan yaradılmış bir təşkilat deyildi. Onların Yəmənin daxilində sosial, dini və siyasi dayaqları var idi. Lakin İranın sonrakı dəstəyi bu hərəkatın imkanlarını əhəmiyyətli dərəcədə genişləndirdi.
İranın Husilərə silah, maliyyə, texnologiya, kəşfiyyat və hərbi məsləhət baxımından verdiyi dəstək barədə uzun illərdir müxtəlif məlumatlar mövcuddur. Son hadisələrlə bağlı bir sıra dünyanın aparıcı mətbuat kanalları o cümlədən Reuters-in məlumatında da İran İslam İnqilabı Keşikçiləri Korpusunun bəzi yüksək rütbəli komandirlərinin Yəmənə səfər etdiyi və İran tərəfindən silah və məsləhət dəstəyi göstərildiyi barədə regional mənbələrin iddiaları yer alıb. Tehran isə Husilərə birbaşa hərbi rəhbərlik etdiyini inkar edir.
Burada nəticə sadədir. İran Husiləri yaratmayıb, amma onları regional güc balansında mühüm hərbi-strateji alətə çevirib.
ARDI VAR ...