Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib

Sentyabrın 18-də Xankəndi şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin insan resurslarının inkişafı üzrə səlahiyyətli qurum rəhbərlərinin "İnsan resursları rəqəmsallaşma və süni intellekt dövründə: inkişaf, perspektivlər və çağırışlar" mövzusunda V görüşü keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-in Qarabağ bürosuna verilən məlumata görə, tədbirdə TDT-yə üzv dövlətlərin aidiyyəti qurumlarının rəhbər və nümayəndələri iştirak ediblər.

Görüşdə rəqəmsal transformasiya və süni intellektin insan resurslarının inkişafına təsiri, insan resurslarının idarə edilməsində yeni yanaşmalar, müasir çağırışlara uyğun kadr potensialının formalaşdırılması, eləcə də TDT-yə üzv dövlətlər arasında bu istiqamətdə təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Tədbirdə çıxış edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycanda insan resurslarının inkişafı, dövlət qulluğunda müasir idarəetmə mexanizmlərinin tətbiqi, rəqəmsallaşma və süni intellektdən istifadə istiqamətində həyata keçirilən işlər barədə məlumat verib.

Daha sonra TDT-yə üzv türk dövlətlərinin aidiyyatı qurumlarının rəhbərləri çıxış ediblər. Çıxışlarda Xankəndidə belə bir mühüm tədbirin keçirilməsinin əhəmiyyəti vurğulanıb, iştirakçılar şəhərdə olmaqdan məmnunluqlarını ifadə ediblər.

Qeyd olunub ki, rəqəmsal texnologiyaların sürətli inkişafı əmək bazarına və insan resurslarının idarə edilməsinə yeni tələblər formalaşdırır. Bu baxımdan üzv dövlətlər arasında təcrübə mübadiləsinin aparılması, qabaqcıl yanaşmaların öyrənilməsi və gələcəyin əmək bazarına uyğun kadr potensialının formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Görüş çərçivəsində TDT-yə üzv dövlətlərdə insan resurslarının inkişafı, rəqəmsal transformasiya və süni intellekt sahəsində görülən işlərə dair təqdimatlar keçirilir, qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31