Bizə necə filmlər lazımdır?

Əkrəm Bəydəmirli: "Kino iqtisadiyyatı" formalaşmalıdır"

"Ötən günlərdə İctimai TV-nin  "Sabaha saxlamayaq" verilişində  Azərbaycanda çəkilən filmlərlə bağlı maraqlı müzakirələr oldu. Müsbət haldır ki, həmin verilişdə mütəmadi olaraq bir sıra önməli məsələlərə diqqət  yetirilir. Gerçəkdən bu gün   Azərbaycanın kino sahəsində yaranmış boşluqlar, bəlkə də bərbad vəziyyət cəmiyyətə sirayət edir.  Təbii ki,  bütün bunlar nəticədir. Səbəbləri aradan qaldırmaq gərəkdir". "Olaylar" xəbər verir ki, bunu Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli qeyd. Bildirib ki, İbn Sina da deyirdi ki, bir adamın ruhu sağlamdırsa, onun bədəni də sağalmağa meyilli olur, əksinə, ruhunda xoşagəlməz nəsnələri yetişdirən adam xəstələnməyə məhkumdur. İnsanların ruhunu pərişan edən, zədələyən amillər çoxdur. Ruhumuzu təmizləyən faktorlar az deyil. Bunlardan biri ruhumuza yaxın olan filmlərdir: "Nəhayət, biz millət olaraq oz tarixi-bədii filmlərimizi ortalığa qoymalıyıq. Milli düşüncəmizə yad olan, heç bir informasiya yükü olmayan bu gün bəzi serialları çəkib televiziyalarda nümayiş etdirənlər nəhayət, papaqlarını qabaqlarına qoyub düşünməlidirlər. Bu gün kino ssenariləri ilə bağlı aktul mövzular kifayət qədərdir. Niyə görə bizim  tariximizlə bağlı, xüsusilə, 1918-ci il hadisələri haqqında, ümumilikdə ermənilərin Cənubi Qafqaza köçürülməsi prosesini özündə ehtiva edən qanlı tarix haqqında bədii filmlərimiz yoxdur? Regionun faciələrinin bir çox səbəbləri məhz ermənilərin bu torpaqlarda məskunlaşmasından qaynaqlanır.

Bizə necə filmlər lazımdır? 

İnsanların, xüsusilə, gənclərin özünə dərkə, daha çox öyrənməyə, başqalarını anlamağa yardımçı olan, mənəviyyatı gücləndirən, həm də Zəfər Tariximizdən, II Qarabağ savaşında misilsiz qəhrəmanlıqlar göstərən gənclərimizin döyüş yolundan və digər mövzularıla bağlı bədii filmlərə ehtiyac var. Həmçinin Azərbaycanın ağlı-qaralı tarixindən, taleyindən bəhs edən filmlərə zərurət var. Kino sahəsinin yalnız dövlət büdcəsi hesabına inkişafı qeyri mümkündür. Dövlət yalnız inkişafa təkan verə bilər, müxtəlif formada yardımlar göstərər.  Bu sahənin rentabelli işləməsi üçün "Kino iqtisadiyyatı" formalaşmalıdır. Kifayət qədər intellektual potensialın və kapitalın olduğu şəraitdə müəyyən standartlara uyğun filmlər çəkib xarici ölkələrin  bazarlarına yol tapmaq olar. Əgər istehsal olunan filmlərin xaricdə satış bazarı möhkəmlənərsə, şübhəsiz, kino iqtisadiyyatı formalaşar".

Onun sözlərinə görə, Azərbaycan çərçivəsində kinofilmlər çəkib ciddi gəlir götürmək real görünmür: "Dünyaya çıxmaq üçün Azərbaycanın kino adamları beynəlxaq kodları tapmalıdır. Musiqi sahəsində ustad sənətkarımız Alim Qasımov, digər  tanınmış ifaçılarımız beynəlxalq kodları  öz ifalarında nümayiş etdirərək dünyaya çıxıblar. Belə    uğurlu təcrübəni kino sahəsində də tətbiq olunmalıdır.  Digər önəmli məsələ ondan ibarətdir ki,  kino çəkilişlərinə ayrılan vəsaitlərin şəfaf bölgüsü olmalıdır. Yerlibazlıq, dostbazlıq  və digər xəstəliklərdən uzaq olmaq vacib məsələdir. Onu da qeyd etmək istərdim, hər əli qələm tutan, hər yazıçı  ssenari yaza bilməz.  Bədii əsərdə, xüsusilə, romanlarda müəllif uzun-uzadı fikirlər yazar, öz real və qeyri real obraz  yaradar. Ancaq kino ssenarilərində müasir tamaşaçınının gözündən heç bir məqam yayınmır. Burada hər hansı uzunçuluq, boşluq, qeyri  peşəkar yanaşma  ssenarinin zəifliyini bir daha artırır. Nəhayət bir çox sahələrdə olduğu kimi, kino çəkilişlərində uraçılıqdan, kampaniyaçılıqdan uzaq olmaq gərəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31