YOLUN DÜŞSƏ, BU DÜNYAYA BİR DƏ GƏL…

33 il bundan qabaq, 1988-ci ilin əvvəllərində, ermənilər, yagışdan sonrakı göbələklər kimi boş başlarını qaldıraraq, bizim laləzar torpaqlarımıza baxıb ağızlarının suyunu axıdırdılar. Və biz hələ olacaqlardan xəbərzizdik.

Elə həmin il, 1988-ci il fevral ayının 10-da Yevlax şəhərində sürücü  işləyən  Xalıqverdi kişinin ailəsində bir oğlan uşağı dünyaya göz açır.

Gəlişi ilə ailəyə sevinc, xoşbəxtlik gətirən balaya Elnur adı verilir. Heç kəs, nə ata, nə ana bilməzdi ki, vaxtı gələcək bu oğlan öz şücayəti ilə əli  nura boyayacaq, azadlıq nuruna!

Şirinzadə Elnur Xalıqverdi oğlu Yevlax şəhəri 5 saylı tam orta məktəbin  məzunu olub. Təhsildə fərqlənib, nizam-intizamlı şagird olur.

5 iyul 2018-ci ildə Agdam Dövlət Sosial İqtisadiyyat kollecində təhsilini  davam  etdirir. Kolleci də yaxşı qiymətlərlə bitirən Elnur həqiqi hərbi xidmətə  yollanır.  Hərbi xidmətdən qayıtdıqdan sonra Yevlaxın "İdeal"  mərkəzində komputer - operator ixtisasına yiyələnir. 

Elnur uşaqlıq arzusunu reallaşdırmaq ücün sənədlərini Azərbaycan Memarlıq və İnşaat Univerisitetinə verir. Axı, o  gələcəkdə yaxşı memar olub, gözəl şəhərlər, kəndlər salmaq istəyirdi. Arzusuna catır, Univeristetə qəbul olur. Dünya bəlası pandemiya ilə əlaqədar tələbə olması barədə cavab gec gəlir. Elnur cavabı almadan könüllü olaraq 21 sentiyabr 2020-ci ildə vətənimizin torpaqlarını murdan düşmənlərin tapdağından xilas etmək üçün cəbhəyə yola düşən orduya qoşulur.

27 sentiyabrda mənfur düşmən elan olunmamış müharibəni başladır.

Elnur həmin gündən Talış, Suqovuşan istiqamətlərində gedən qızğın döyüşlərdə mərdliklə vuruşur. Heç nədən qorxmurdu Elnur: nə yagış kimi yağan güllədən, nə snayper gülləsinə tuş gəlməkdən, nə yaralanmaqdan, nə ölməkdən. 

Qorxmazlığı bəzən döyüş yoldaşlarını narahat edirdi. Tez-tez ona deyirdilər ki, döyüşdə çox irəli getmə, məqamı gözlə, ara sakitləşəndə yaralıları, şəhidləri  çıxararıq. 

Elnur isə düşmənə nifrətdən alışıb-yanırdı. Ürəyi ona pıçıldayırdı: dayanma Elnur, kişilik dəmidir, gecikmə, yaralıların harayına çat. Və Suqovuşanda şidddətli döyüşlərdə yaralanan yoldaşlarını döyüş nöqtəsindən çıxarırdı. 3 yaralanmış yoldaşını döyüş bölgəsindən çıxarıb gətirir və yenidən geri qayıdır. 4 cü yaralını xilas etmək istəyərkən şəhid olur.

Suqovuşanın azadlığı uğrunda qəhrəmancasına döyüşüb ən uca zirvədə,  şəhidlik zirvəsində özünə yer tutan  Elnur, özü də ucaboy idi. 1m 80 sm boyu düşmənin gözünə girib!

Anası Gültəkin xanım göz yaşları içərisində danışır.

-27 sentiyabrda, yəni döyüşlər başlayan anda qorxmadan, çəkinmədən  qızğın döyüşlərə qatılır, şücayət göstərır. Oktyabrın 8-də evə zəng vurub məni soruşur. Həmin gün mən Bakıda Elnurun Univeristetə qəbul olması barədə təsdiq olunmuş sənədi alırdım, sevinə - sevinə, yaraşıqlı balamın gələcəyin ən tanınmış memarı olacağı xəyalı ilə...

Elnur anasına deyirmiş ki, tez-tez zəng eləməyin. Özüm  mütləq sizə zəng vuracam döyüş səngiyən kimi. Əgər görsəniz ki, 2 gündür zəng etmirəm, onda özünüz mənə zəng vurarsız.

27 sentyabrdan 11 oktyabra kimi, yəni şəhidlik zirvəsinə ucalan ana qədər döyüşlərdə qəhrəmanlıq göstərir. Son nəfəsinəcən dogma  torpaqlarımızın azad olunması üçün canını fəda edir. 

Hərdən bu fikir gəlir ağlıma: torpaq əzizlərimizi ağuşuna aldığı üçünmü belə gözəl qoxuyur.?

11 oktyabr 2020-ci ildə şəhidlik zirvəsində özünə yer cecən Elnur, 12 oktyabr  2020-ci ildə canını fəda etdiyi torpağa tapşırılır. Dəfndə izdiham yaşanır. İnsanlar  öz əzizlərini dəfn edirdilər axı... Hamının  üzündə  hüzn, kədər özünə yer tutmuşdu.

Su Kanal idarəsində çalışan Gültəkin ana ilə, atası Xalıqverdi ilə söhbətimdə ucaboylu, yarlı-yaraşıqlı, mehriban, səmimi, ağıllı Elnuru mənə o, qədər sevdirdilər ki, sanki Elnuru çoxdan tanıyırdım.

Şəhidin Elmir adında 16 yaşlı bir qardaşı da var. Mənzillərində söhbətləşirik:- Mən həm qardaşımı, həm dostumu itirmişəm. Hər gün Şəhidlər xiyabanına gedib qardaşım əvəzinə qara daşla danışmalı oluram. Amma mən qardaşımın səsini eşidib, gözünə baxmaq istəyirəm. Hərdən az qala hayqırmaq istəyirəm: gəl qardaş, sənə ehtiyacım var. 

Mən nə edim ki,  atama, anama sənsizliyi az da  olsa  unutdura bilim?

Yazdıqca yazmaq istəyirəm arzuları yarımcıq qalan  Elnurdan!

Axı, anası ona xonçalar bəzəyəcəkdi, boyunu sevələyəcəkdi, qardaşı gəlinin ağappaq paltarına qırmızı lent bağlayacaqdı, atası toy qonaqlarını qarşılamaq ücün qapıda duracaqdı, qohumları qol qaldırıb oynayacaqdı...

Şəhidlərin qədəri-qisməti eynidir, amma hər biri ayrı ayrılıqda bir qəhrəmanlıq dastanıdır.!

İstəyirəm, bütün dünya tanısın, qəhrəman Azərbaycan oğullarını. Axı, onlar yaşamağı, yaratmağı, sevməyi, nakam qalmış arzularını hər şeylərini  canlarından  artıq sevdikləri  Vətən torpağaına dəyişmişdilər.

Bizi bağışlayın, oğul toyu görməyən analar, bizi  bağışlayın barmağında  nişan üzüyü nakam məhəbbətini xatırladan gözəllər, bizi bağışlayın, qara  yaylıga bürünən gəlinlər, vallah, əzrailin də xəbəri  yoxdu bu  amancızlıqdan...

Tanrım, adını belə dilinə gətirmək istəmədiyim iyrənc düşmənə lənət eləsin.

Bir də sizə bir nəsihətim var, şəhidlər, kim desə ki, yolun düşsə, bu dünyaya bir də gəl, özünüzü eşitməzliyə vurun, gəlməyin. Qoy elə həmişə məkanınız cənnət olsun.

Elnur Şirinzadənin həyat hekayəsindən yamanca kövrəlmişəm. Göz yaşlarıma hakim ola bilmirəm. Başımı qaldırıb, qarşımda gözlərində dərin kədər, çiyinlərində daşıya bilməyəcəyi yük olan Gültəkin xanıma baxıram. Başını dik tutub, qürurla dayanıb. Ağlamır da. Ürəyinə axan göz yaşlarını belə kiminsə duymasını istəmir. Mənə baxıb: "Təki Vətən sağ olsun" deyir. Düzü, göz yaşlarımdan utanıram. Mən də başımı dik tuturam. Doğrudan da şəhadətə yüksəlimiş, həmişə yaşayacaq bir oğulu ağlamazlar axı...  

Əminə YUSİFQIZI,

Respublikanın əməkdar jurnalisti

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31