Həm Qəliz, həm Vacib Məsələ- KİNO

Məşhur filmdə - "Bəyin oğurlanması" filmində Hidayət bəyin dediyi kimi:

"Bu kino ki, var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki, vacib"

Bu dəfə filmlərimizdən danışacağıq. Ən əsası isə film sahəsində problemlərdən və boşluqlardan. Dünyaya baxdığımız zaman film sahəsində inkişafı biz öz filmlərimizdə çox da görə bilmirik. Əvvəlki illərin filmlərini bezmədən izləyirik. Bəlkə çoxumuz yüz dəfələrlə  o filmlərə baxmışıq. Hətta filmin epizodlarına qədər əzbər bilən bir auditoriya var. Bu gün isə reallıq başqadır. Çox zaman bizə təqdim edilən film  heç də  auditoriyanın marağına səbəb olmur. Nəticədə izləyici pultu götürüb kanalı dəyişir. 

Səbəb nədir? Çoxlarımızı bu sual düşündürür. Kimiləri  aktyor və ya aktrisaların peşəkar olmamasından gileylənir. "Bəyin oğurlanması" filminə qayıdaq. İsrafil  bəy demiş "Adə, bir az diri oynayın da". Bəlkə də izləyicilər bunu nəzərdə tutur ki,  aktyor və ya aktrisalar anı yaşada bilmirlər.  Kimiləri ssenarist, kimiləri də rejissor problemlərini ortaya qoyur. Bütün bunlarla bağlı rejissor, prodüser Əli  İsa Cabbarov  və rejissor, prodüsser Rec Rəvandan fikirlərini  soruşduq.

Rejissor  Əli İsa Cabbarova suallarımızı ünvanladıq.

Azərbaycanın  tamaşaçı  auditoriyası xarici filmlərə daha çox üstünlük verir və ya auditoriyanın dili ilə desək öz filmlərimizi çox "bəyənmirlər". Niyə bəyənilmir filmlərimiz?

- Tam demək olmaz ki,  Azərbaycan tamaşaçıları  xarici  filmlərə üstünlük verir. Çünki pandemiyadan öncə  kinoteatrlarda insan axını  var idi,  xüsusilə  də  komediyalara. Amma təbii ki,  xarici  filmlərə  üstünlük verilir. Müasir dövrdə  Azərbaycan filmlərinin təbliğatı çox keyfiyyətsiz gedir. Televiziyalarımız  filmlərimizi  düzgün konsepsiya ilə  göstərmirlər. Bu, Azəbaycan kinosuna layiqli münasibət deyil.  Bu gün Azərbaycan kinosunda belə  bir təsəvvür var: Məşədi  İbad  və Təhminə  filmi. Bu, yenə  televiziyalarımızın səhvidir.  Buna görə də aidiyyatı qurumlar kinomuzun inkişafına vəsait qoymalıdırlar.

-Bizim filmlərimizdə cəmiyyətin inkişafı üçün mesajlar varmı?

- Təəssüf ki ,   filmlərimizdə  cəmiyyətin inkişafı  üçün mesaj yoxdur.  Bizdə  əvvəllər milliliyimizin, dilimizin, azadlığımızın qorunması  üçün  mesajlar var idi.  Xüsusilə  də sovet dönəmində  bu kimi filmlər sistemə  qarşı mübarizə  üçün cəmiyyətə  çox yol  göstərirdi.  Son dövrlərdə  mesaj azdır. Nə qədər qəribə  olsa da,  bu  mesajlar müəyyən qədər komediyalarda özünü büruzə  verir.  Bu da həyatla mübarizə, "üzündə  həmiş  gülüş olsun" ilə  bağldır.

Rejissorun sözlərinə görə,  ssenarilər çox azdır. İndiyə qədər bu yöndə dərsliklərində  çap olunması  mövcud problemə təsir edir.

- Bu günədək  dünya standartlarına cavab verən  ssenari, rejissor dərslikləri  yoxdur. Problemlər bir yana, ssenarilərdə  cəmiyyətin rəngarəngliyi yoxdur. Real  həyatda gördüyümüz personajlar kinoya gələ bilmir. Bunun da tək səbəbi  var: ssenari, ssenari, ssenari.

-Film insanın duyğularına təsir etdiyi   və ya anı insana yaşatdığı zaman həqiqi film olur. Lakin bəzi səhnələr var ki, insan özü də bilmədən bu səhnələrin təsiri altına düşür, bəzən də qərarlarına təsir edir. Məsələn intihar, ailə münasibətləri, sevgi və s. Bütün bunları nəzərə alaraq bu kimi səhnələrdə nələrə diqqət etmək vacibdir?

- Bu dediyiniz hər yaradıcı insanın etik məsələsidir. Bu,  məsuliyyətdir.  Şeiri, musiqini yazan necə məsuliyyət hiss edirsə,  bu da elə.  Deyim ki, məsələn filmdə  oğurluq səhnəsini elə çəkmək olar ki, insan oğurluğa təhrik olunsun və ya oğurluğu təkrar etsin. Yaradıcı  insan bilməlidir ki, dediyi söz də,  təsvir də  insanı xeyrə də,  şərə də təhrik edə  bilər. Kinonun bu cəhətdən gücü  çoxdur. Kino tarixində çoxlu hadisələr var ki, insan özünə  qəsd edib və yaxud  özünə  qəsddən imtina edib.  Ona görə də müəllif həmişə  məsuliyyətini hiss etməlidir.

Rejissor , prodüsser, vfx superviser Rec Rəvan çəkdiyi triller janrında olan "Aporia" filmi Avropa və Amerikada yayımlanıb. "Aporia" filmi Azərbaycanda çəkilən digər filmlərdən fərqlənib. Rejissorun hazırki film sahəsində baş verən prosesləridən  söhbəti  də   maraqlıdır.

-Rəvan bəy, sizcə, Azərbaycan filmlərinin auditoriyası nəyə görə xarici filmlərə daha çox üstünlük verir və ya auditoriyanın dili ilə  desək, öz filmlərimiz  bəyənilmir?

-  Sizinlə  razıyam,  bizim tamaşaçılarımız öz filimlərimizi bəyənmir. Əlbəttə ki, bu, hamısına aid deyil. Ya da bütün filmlərə. Düzdür, Azərbaycanda çəkilən filmlərin çoxunda  rejissor işi, operator işi və s. hiss olunmur. Çünki bilən də, bilməyən də bu işləri görür. Hərəsi əlinə bir kamera alıb düşüb meydana. Azərbaycanın kino sahəsi indi çox yaxşı inkişaf etməyib. Bir tərəfdən də izləyici auditoriyamız bayağı komediyalar, şit zarafat dolu səhnəciklər toplusu axtarırlar.

-Film insanın duyğularına təsir etdiyi zaman  və ya anı insana yaşatdığı zaman həqiqi film olur. Lakin bəzi səhnələr var ki, insan özü də bilmədən bu səhnələrin təsiri altına düşür, bəzən də qərarlarına təsir edir. Məsələn intihar, ailə münasibətləri, sevgi və s. Bütün bunları nəzərə alaraq bu kimi səhnələrdə nələrə diqqət etmək vacibdir?

- Bu, əslində qəliz məsələdir. Kommersiya filmi üçün deyə  bilərəm ki, çətindir. Bəzən izləyici filmdə yaşananı görmək istəyir və bu tip səhnələri  gizlətməklə və ya göstərməməklə  izləyicinin marağını itirirsən. Hər filmin öz auditoriyası var. Məsələn komediya filminə baxan insanlar demək olar ki, qorxu filmləri izləməzlər. Əgər filmdə yaş məhdudiyyəti varsa, bu, mütləq bildirilməlidir. Ailə filmi deyib sətiraltı söyüşlər dolu, xoşagəlməz səhnələr göstərməzlər.

-Bəs biz Əhmədləri, Mirzə Səfərləri, Leylaları nəyə görə filmlərimizdə görə bilmirik?

- Burada çox məqamlar var. Bir çoxları da öz qohumlarını daha çox səhnəyə gətirir ki, bu danılmaz həqiqətdir.   Ən əsas məsələ isə eyni aktyor, aktrisa demək olar ki, bütün filmlərdə oynayır. Yaradıcı, istedadlı gəncləri axtarıb üzə çıxarmaq lazımdır.

-Təkrarlanan ssenarilər auditoriyanı  yorur.  Son zamanlar izləyicilərin ən çox marağına səbəb olan tarixi filmləri Azərbaycan film sektorunda niyə  görmürük?

- Artıq təkrarlanan ssenarilər auditoriyanı çox yorur- bu sadəcə sözdədir. Təkrarlanan ssenarilər niyə deyirik bilirsiniz? Çünki Azərbaycanda filmlərin 90%-nin ssenarisini eyni insan yazır. 

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31