Bu gün hər bir Azərbaycan gənci vətənpərvərlik nümunəsidir
11 Fevral 2021 17:41 SosialVətənpərvərlik hissi həm də Vətənini, dövlətini, xalqını sevmək deməkdir. Vətənpərvər olmadan canın qədər əziz olan ana torpağı sevmək mümkün deyil. Ancaq o da etiraf edilməlidir ki, vətənpərvərlik insanın xarakterində formalaşdırılmalıdır. Bu hissin formalaşdırılması, onun yüksəldilməsi üçün isə müəyyən tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Bu istiqamətdə ailədən başlayaraq məktəbdə davam etdirilən tədbirlər heç şübhəsiz ki, vətənpərvərlik hissinin yüksəlməsinə təsirsiz ötüşmür. Məlum olduğu kimi bu gün Azərbaycanda Vətənpərvərlik anlayışını bildirən məna torpağa, Vətənə bağlılığı ifadə edir. Bu hiss insanda anadangəlmə olsa da, digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir, artır. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olub. Ölkəmizin tarixi haqqında sistemli, uşaqların başa düşəcəyi tərzdə verilən məlumatlar da vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. İstər dərsliklərdəki ayrı-ayrı mətnlərdə, istərsə də aparılan tərbiyəvi söhbətlər, tədbirlər zamanı verilən belə məlumatlardan şagirdlər Vətənimizin zəngin tarixi, xalqımızın zaman-zaman öz varlığını qorumaq üçün apardığı mübarizələr, azadlıq və müstəqillik uğrunda gedən mücadilələr haqqında biliklər əldə edir, bu biliklər əqidəyə çevrilərək onlarda vətənpərvərlik hisslərini daha da artırır. Vətənpərvərlik tərbiyəsində xalqımızın qəhrəman oğulları, tarixi şəxsiyyətlər haqqında şagirdlərə verilən məlumatlar, aşılanan biliklər də güclü təsir qüvvəsinə malikdir. Şagirdlərlə aparılan vətənpərvərlik tərbiyəsi işi onların Vətənə məhəbbət və sədaqət ruhunda böyümələrinə, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə yiyələnmələrinə müsbət təsir göstərir.
Paralel olaraq gənclərdə milli-mənlik şüurunun artırılması vətənpərvərlik hissinin tamamlanması ilə nəticələnir. Milli mənlik şüuru, milli özünüdərk Vətənlə, torpaqla, mədəniyyətlə, incəsənətlə bağlı gerçəkliyin təzahürü olub, sosial-iqtisadi, mədəni və mənəvi mühitin qavranılması, dərk edilməsi və təsdiqidir. Özündə minli mənlik şüurunu daşıyan gəncin vətənpərvər olması təbii haldır. Etiraf edilməlidir ki, Azərbaycan gənclərinin mütləq əksətiyyəri vətənpərvər olması ilə öyünməyə layiqdir. Elə 44 günlük Vətən Müharibəsi gənclərimiz barədə söylədiyimiz fikri bir daha təsdiq etmiş oldu. Şuşa şəhərində hərbçilərlə görüşdə prezident, Ali Baş Komandan İlham Əliyev qeyd edib ki, Qəhrəman Azərbaycan övladları mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etmişlər: "Əminəm ki, Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaqdır. Artıq məndə məlumat var ki, inkişaf etmiş bir çox ölkələrin mütəxəssisləri 44 günlük Vətən müharibəsinin hər bir gününü təhlil edirlər. Çünki 44 günlük müharibənin hər bir günü qələbə, zəfər günüdür. Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi. Çünki düşmən hesab edirdi ki, Şuşanı azad etmək mümkün deyil və yəqin ki, müəyyən dərəcədə haqlı idi. Çünki Pənahəli xan bu şəhəri elə salmışdır ki, hər tərəfdən sıldırım qayalar və təbii landşaft Şuşanı mühafizə edir. 1992-ci ilin mayında o vaxtkı Azərbaycan rəhbərliyinin və hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa işğal altına düşdü. O vaxt ermənilər öz dırnaqarası əməliyyatına bir ad vermişdilər - dağlarda toy. Halbuki heç əməliyyat da keçirilməmişdi. Şuşa şəhəri boşaldılmışdı. O vaxtkı müdafiə naziri demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam, qorxaqcasına Şuşadan qaçmışdı. Ondan sonra isə ermənilər guya bu əməliyyat haqqında əfsanələr uydurmuşdular - dağlarda toy. İndi biz onlara elə toy tutmuşuq ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar. Qəhrəman Azərbaycan övladları mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etmişlər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırılmışdır".
Vətən müharibəsinin şəhidlərinədn biri də Böyükağa Savalan oğlu Şahverdiyevdir. Şəhidin qısa həyat tarixçəsi onun nə qədər vətənpərvər olduğunu bir daha sübut edir. Belə ki, əslən Cəbrayıl rayonundan olan Böyükağa 15 iyun 1998-ci ildə Biləsuvar rayonda məcburi köçkünlər üçün salınmış çadır şəhərciyində anadan olub. Böyükağa uşaq olarkən atasını itirib. Cəbrayıl rayon 10 nömrəli orta məktəbində təhsil aldığı müddət ərzində həmişə həmyaşıdlarından müsbət istiqamətdə seçilib. Savadı və bacarığı ilə fərqlənən Böyükağa Şahverdiyev həm də Vətən sevgisi ilə alışıb-yanırdı. Daimi şüarı "Qarabağ, Cəbrayıl, Şəhidlər ölməz Vətən bölünməz" olub. O şüarları hazırda Şəhid otağındakı guşəsində də yer alır. Dəfələrlə nümunəvi addımlarına görə diplom və serfikatlara layiq görülüb.
Böyükağa 2015-ci ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat fakültəsinə qəbul olunub.
2019-cu ildə universiteti bitirib hərbi hissəyə yollanıb. Azərbaycan Silahlı Qüvvələrinin Sumqayıt şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olarkən Vətən müharibəsi başlayıb. Böyükağa Şahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Böyükağanın müharibədəki vəzifəsi minaatan olub. Çoxsayda düşmənin canlı qüvvəsinin və texnikasının məhv edilməsində iştirak edib. Onda uşaqlıqdan Qarabağ sevgisinin yüksək olması bu ərazilərin dərindən öyrənin mənimsəməsinə böyük təsir etmişdi. Böyükağa Qarabağın coğrafi xəritəsini əzbər bilirdi və bu biliklərini döyüş zamanı çox dəqiqliklə tətbiq etmişdi. Böyükağa Şahverdiyev 2020-ci il oktyabrın 8-də Füzuli rayonu istiqamətində gedən döyüşlərində qəhrəmancasına şəhid olub. Oktyabrın 9-da Biləsuvardakı "Cəbrayıl qəsəbəsi"ndə salınmış Şəhidlər Xiyabanında dəfn olunub. Böyükağa Savalan oğlu Şahverdiyev Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən, ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Vətənpərvərliyi ilə gənc nəslə örnək ola biləcək digər bir gənc Əslən Qubadlı rayonunun Qaracallı kəndindən olan Cəbrayılov Fəxrəddin Mövsüm oğludur.
1958-ci il avqustun 12-də anadan olan Cəbrayılov Fəxrəddin 1975-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər məktəbinə daxil olur və 1979-cu ildə təhsilini müvəffəqiyyətlə başa vurur. Gənc komandir təyinatla Almaniyada yerləşən Sovet Qoşunları Qrupuna göndərilir. O, bir il 52262 saylı hərbi hissənin motoatıcı taqımında, dörd il isə 60366 saylı hərbi hissənin əlahiddə qumbaraatan taqımında komandir vəzifəsində çalışır. 1984-cü ildən öz fəaliyyətini Zaqafqaziya Hərbi Dairəsində davam etdirir. İllər ötür. F.Cəbrayılov doğma respublikaya dönür. O, Bakı şəhəri Nəsimi rayon Hərbi Komissarlığında bölmə rəisinin köməkçisi vəzifəsinə təyin edilir. Öz xidməti vəzifəsini uğurla davam etdirməklə o, hərbi biliklərə yiyələnməyi də unutmurdu, oxumaq, öyrənmək arzusu ilə yaşayırdı. Bu məqsədlə 1986-cı ildə Saratov şəhərində SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahı nəzdində yerləşən Ali Zabitlər Kursunu bitirdi. Onu Respublika Hərbi Komissarlığında 4-cü şöbənin rəis müavini vəzifəsinə təyin etdilər. 1992-ci ildə Müdafıə Nazirliyinin Beynəlxalq Əlaqələr İdarəsində müqavilələrin nizamlanması şöbəsinin rəisi vəzifəsinə irəli çəkildi. 1992-ci ilin oktyabr ayında Cəbhə bölgəsində vəziyyət gərginləşirdi. O, 656 saylı hərbi hissədə əlahiddə motoatıcı taborunun komandiri təyin olundu. Bir il sonra isə Naxçıvanda yerləşən motoatıcı alayın komandirliyi ona tapşırıldı. 1993-cü ildə isə Beyləqan istiqamətində qanlı döyüşlər gedirdi. 704 saylı motoatıcı briqadasında qərərgah rəisi idi. Beyləqan rayonu və onun mərkəzi tam təhlükə altında idi. Şəhərdə xeyli dağıntı və itki var idi. F.Cəbrayılovun təklifləri əsasında hazırlanmış əməliyyatlar öz bəhrəsini verdi. Erməni quldurları xeyli hərbi texnika və canlı qüvvə itirərək, geri çəkilməyə məcbur oldular. 1994-cü ilin fevral ayından isə o, Füzuli və Kəlbəcər istiqamətlərində döyüşən, Gəncə şəhərini qoruyan 172 saylı motoatıcı briqadasına komandir təyin olundu. Onun müxtəlif vaxtlarda komandiri olduğu tabor, motoatıcı alay və briqada düşmənə qarşı döyüşlərdə mərdlik və şücaət göstərmişdir.
Bakının Qaradağ və Lerik rayonlarında Hərbi Komissar vəzifəsində çalışan F.Cəbrayılov bu gün də polkovnik rütbəsində 4-cü Ordu korpusunda fərdi qərargah rəisi vəzifəsində hərb peşəsini şərəflə davam etdirir. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə F. Cəbrayılov 1994-cü ilin oktyabr ayında "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Cəbrayılov Fəxrəddin Mövsüm oğluna "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Təkcə bu iki gəncin keçdiyi həyat yolu, Vətən uğrunda döyüşə atılaraq qəhrəmanlıq nümayiş etdirmələri gənclərimiz üçün əsil vətənpərvərlik nümunəsidir. Deməli, vətənpərvərlik bir fərdin ölkəsinə duyduğu sevgi və bağlılığıdır. Bu anlayış tarixin müəyyən dönəmlərində fərqli mənalarda işlədilib və bunun mənası dövrün şərtlərinə, coğrafiya və cəmiyyətlərinə fəlsəfəsindən asılıdır. Beləliklə, Vərənpərvərlik anlayışı millətçi zəmində etniklər arasında qarşıdurma yaradan anlayış yox, xalqın, dövlətin milli maraqlarının müdafiəsi yönündə birləşməsini təmin edən sistemdir. Tarixin bütün dönəmində Azərbaycan ərazilərində türklərlə birgə yaşamış bütün millətlər dövləti qorumaq üçün birlikdəlik nümayiş etdiriblər. Bu ənənə Azərbaycan ərazilərində ilkin dövlətlərin yaranmasından günümüzə qədər davam edib. Vətənpərvərlik ən məşhur mənasıyla, Vətənini sevmək və Vətən üçün hər cür fədakarlığı etmək hissləridir. Bu gün Azərbaycan xalqının hər bir nümayəndəsi vətənpərvər olmağı bacarmalıdır. Yazıçı qələmi, əsərləri, kitabları müğənni mahnısı, şair şeiri, şagird və tələbələr elmi, alimi kitabları, vətəndaşı dövlətə olan borcları və sədaqətilə Vətənpərvər olmalıdır. Çünki qloballaşan dünyanın yad dəyərlərinin ölkəmizə hücuma keçdiyi dönəmdə Azərbaycanın milli maraqlarının müdafiəsinə ehtiyacı var. İstənilən halda bir dövlətin gələcəyi onun vətəndaşının öz ölkəsinə olan sədaqət borcunu layiqlincə yerinə yetirməsindən asılıdır. Xüsusilə gənclər öz fəaliyyətlərində ehtiyatlı olmalıdırlar. Çünki istənilən təsirlərə daha tez onlar düşürlər. Son illərdə gənclərin fəaliyyətlərinin müsbət yöndə stimullaşdırılması üçün hazırlanmış müxtəlif dövlət proqramlarının uğurla həyata keçirilməsi Azərbaycan üçün yaxşı gələcək vəd edir. Bütün bunlar cəmiyyətdə milli-mənlik şüurunun və vətənpərvərlik hisslərinin inkişafına təkan verir.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir