Beynəlxalq təşkilatlar Azərbaycan Prezidentinin çıxışından nəticə çıxarmalıdırlar- Milli Vəhdət Partiyası

MVP: “Əks təqdirdə Azərbaycan məcburiyyət qarşısında qalaraq düşmənin cəzasını özü verməli olacaq”

MVP: "Əks təqdirdə Azərbaycan məcburiyyət qarşısında qalaraq düşmənin cəzasını özü verməli olacaq"

"Son vaxtlar müşahidə etdiyimiz müsbət tendensiya ondan ibarətdir ki, Azərbaycan Respublikası və onun rəhbəri, Prezident İlham Əliyev hər kəslə öz dili ilə danışmağa üstünlük verir. Dövlət başçımızın nümayiş etdirdiyi bu siyasi iradə, qətiyyət təbii ki, hər bir ölkə vətəndaşı tərəfindən təqdir edilir, alqışlanır". "OLAYLAR" xəbər verir ki, bu fikirlər Milli Vəhdət Partiyasının Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışına münasibətində yer alıb. Partiya bildirib ki, Azərbaycan rəhbəri son bir neçə gündə ard-arda dünya birliyini, beynəlxalq aləmi, təşkilatları çətin suallar, fakt qarşısında qoyub: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxış edərkən də hər zaman olduğu kimi Ermənistanın işğalçılıq, təcavüzkar siyasətindən danışdı, real faktları səsləndirdi. Dövlət başçısı haqlı olaraq bildirdi ki, Azərbaycan ərazilərinin 20 faizini işğala məruz qoyan, 1 milyona yaxın soydaşlarımızı öz evlərindən didərgin salan, terrorizm və separatizmi dəstəkləyən bir ölkəyə, Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir. Milli Vəhdət Partiyası hesab edir ki, Azərbaycan Prezidentinin Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı çıxışından nəticə çıxarılmalı, beynəlxalq təşkilat və qurumlar bu istiqamətdə konkret addımlar atmalıdırlar".

Milli Vəhdət Partiyasının açıqlamasında daha sonra qeyd edilir: "İraqda, Suriyada, eləcə də digər ərəb ölkələrində öz maraqlarının təmin edilməsi məsələsi ortada olanda dərhal həmin ölkələrə qarşı sanksiya tətbiq edilir, ancaq Ermənistanın işğalçılıq və təcavüzkarlıq siyasəti, terrorizmə dəstəyinə göz yumulur. Yaxud İran, Rusiya, eyni zamanda Belarusa qarşı müxtəlif vaxtlarda, həm də qısa zamanda sanksiyaların tətbiq edilməsi təmin edilir, ancaq Ermənistana qarşı münasibətdə bunu təəssüf ki, görmürük. Çünki Ermənistan sanksiya tətbiq edilən digər ölkələrlə müqqayisədə həmin ölkələrin, təşkilatların maraqlarına zidd addım atmaq gücündə, iqtidarında deyil. Ona görə də hətta Ermənistanın terrorçu yetişdirməsinə də göz yumulur, ona mane olmağa çalışılmır".

Milli Vəhdət Partiyası bildirir ki, təkcə bir fakt, Azərbaycanın işğal edilmiş ərazilərində Suriya və Livandan gətirilən terrorçuların, eləcə də PKK-çıların yerləşdirilməsi faktı kifayət edir ki, İrəvana qarşı sanksiya tətbiq olunsun: "Beynəlxalq terrorizmə qarşı mübarizə adı altında yürüdülən fəaliyyətlər də belə təəssüf ki, ikili yanaşma, standartlar mövcuddur. Dünyada sülh və sabitlik olmasını arzuladıqlarını iddia edənlər hətta terrorizmə qarşı mübarizədə də qeyri-səmimidirlər. Əks təqdirdə işğal edilmiş Azərbaycan ərazilərində Ermənistan tərəfindən terrorçuların yerləşdirilməsinə dərhal reaksiya verilər, İrəvana qarşı sanksiya tətbiq olunardı. Görünür, beynəlxalq təşkilatlar, dünya birliyi üçün yaxşı və pis terrorçu məfhumu da var və Ermənistanın Dağlıq Qarabağda yerləşdirdiyi terrorçular "yaxşı" terrorçulardır. Çünki nəticə etibarilə onlar Ermənistan Ordusunun tərkibində Azərbaycana, eyni zamanda situasiya daha geniş xarakter daşıyarsa Türkiyəyə qarşı döyüşəcəklər".

MVP hesab edir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT tribunasından çıxışı və dünya birliyinə, beynəlxalq təşkilatlara ünvanlanan haqlı iradları Azərbaycan xalqının mövqeyi, münasibətidir: "Dövlət başçısı məhz xalqın narazılığını, iradlarını, etirazlarını dünyaya bəyan edir. Və dünya birliyi, beynəlxalq təşkilatların da borcudur ki, bu iradları nəzərə alıb günahkarı cəzalandırsın. Əks təqdirdə Azərbaycan məcburiyyət qarşısında qalaraq düşmənin cəzasını özü verməli olacaq".

MVP bəyan edir ki, partiya dövlət başçısının BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışını təqdir edir, dəstəkləyir. Partiya bu kimi məsələlərdə hər zaman dövlət başçısının yanında yer alacağını bildirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31