Səhiyyə komitəsi payız sessiyasında ilk iclasını keçirib
Sentyabrın 18-də Milli Məclisin Səhiyyə komitəsi payız sessiyasında ilk iclasını keçirib.
18 Sentyabr 2020 15:07 SosialSentyabrın 18-də Milli Məclisin Səhiyyə komitəsi payız sessiyasında ilk iclasını keçirib. "Olaylar" xəbər verir ki, Komitənin sədri Əhliman Əmiraslanov Milli Məclisin payız sessiyasının başlanması münasibətilə deputatları təbrik etdi, onlara qanunvericilik fəaliyyətində uğurlar arzuladı və gündəliyi təqdim edib. Öncə Milli Məclisin yaz və növbədənkənar sessiyaları dövründə Səhiyyə komitəsində görülən işlərin hesabatı dinlənildi. Məlumat verildi ki, hesabat dövründə komitədə 8 iclas keçirilib, 21 məsələ müzakirə olunub. Həmin məsələlərdən 17-si qanun layihəsi olub. Komitədə üç oxunuşda müzakirədən keçən həmin qanun layihələrinin hamısı Milli Məclisin plenar iclasında qəbul edilib. Hesabat dövründə komitəyə 140 ərizə və şikayət daxil olub. Həmin müraciətlərin araşdırılaraq tədbir görülməsi üçün müvafiq təşkilatlara 100 məktub göndərilib. Yekunda Səhiyyə komitəsinin parlamentin yaz və növbədənkənar sessiyaları dövründə gördüyü işlərin hesabatı məqbul sayıldı.
Sonra komitə sədri 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı barədə məlumat verdi. Qeyd etdi ki, qarşıdakı sessiyada müxtəlif qurumlardan komitəyə daxil olacaq qanun layihələri, 2021-ci ilin dövlət büdcəsinin müzakirəsi ilə yanaşı komitədə "İnsan orqanlarının transplantasiyası haqqında" və "Reproduktiv sağlamlıq haqqında" qanun layihələri də Milli Məclisin müzakirəsinə çıxarılacaq. Həmçinin komitədə COVID-19, icbari sığortanın tətbiqi, onkoloji xəstəliklər və digər mövzularda dinləmələr keçiriləcək, müxtəlif orqanlardan və vətəndaşlardan daxil olan təkliflərlə bağlı tədbirlər təşkil olunacaq. Komitədə baxılan məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olundu.