Azərbaycanda aqrar sığorta ekspertləri üçün imtahan keçirilir
Azərbaycanda aqrar sığorta üzrə müstəqil ekspertlərin seçimi və hazırlanması üzrə imtahanlar başlayır.
18 Sentyabr 2020 14:37 SosialAzərbaycanda aqrar sığorta üzrə müstəqil ekspertlərin seçimi və hazırlanması üzrə imtahanlar başlayır. "OLAYLAR"-a daxil olan məlumata görə, Dövlət İmtahan Mərkəzi aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının I mərhələsinə qeydiyyat elan edib.
Müstəqil ekspertlər ölkədə yaxın günlərdə işə düşəcək aqrar sığorta mexanizminin mühüm elementidir. Kənd təsərrüfatı heyvanları, əkinlər və məhsullar, eləcə də balıqların sığortalanması zamanı müstəqil ekspertlərin rəyi əsas götürələcək. Riskləri və hadisə zamanı dəyən zərərləri müstəqil ekspertlər müəyyən edəcək. Bu xidmətlər pullu olduğuna görə, müstəqil ekspert statusu qazanan şəxslər daimi gəlir mənbəyi əldə etmiş olacaqlar.
Dövlət İmtahan Mərkəzinin elanına əsasən, aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlərin qeydiyyatı sentyabrın 14-dən 27-dək aparılacaq.
İmtahanlar Bakıda və regionlarda DİM-regional bölmələrinin yerləşdiyi binalarda keçiriləcəkdir. Şərtlərə əsasən, müstəqil ekspert statusunu almaq üçün imtahanlara baytarlıq, aqronomluq və əlaqəli ixtisaslarda ali və orta ixtisas təhsilə malik olan şəxslər qatıla bilərlər.