“Binə” Ticarət Mərkəzindən dövlətə vergi badalağı
Sahibkarlarla bağlı yoxlamaların aradan qaldırılması ölkədə vergidən yayınma hallarının artmasına səbəb olub. Vergidən yayınma halları ilə bağlı son zamanlar aparılan təhlillər göstərir ki, bu cür pozuntular daha çox ticarət, ictimai-iaşə, tikinti və hətta bəzi istehsal sahələrində dövriyyələrin azaldılması hallarına rast gəlinir.
17 Sentyabr 2020 13:30 SosialKəbirə Məmmədova istintaqa cəlb olunub?
Sahibkarlarla bağlı yoxlamaların aradan qaldırılması ölkədə vergidən yayınma hallarının artmasına səbəb olub. Vergidən yayınma halları ilə bağlı son zamanlar aparılan təhlillər göstərir ki, bu cür pozuntular daha çox ticarət, ictimai-iaşə, tikinti və hətta bəzi istehsal sahələrində dövriyyələrin azaldılması hallarında rast gəlinir. Aparılan təhlillər deməyə əsas verir ki, əsasən, sadələşdirilmiş verginin əhatə dairəsinin genişləndirilməsindən sui-istifadə edən bəzi sahibkarlar dövriyyələrinin həcmini kiçiltməklə, ortada olan pul vəsaitlərini ayrı-ayrı kiçik müəssisələrin adına rəsmiləşdirərək özlərini sadələşdirilmiş vergi ödəyicisi kimi təqdim etməyə çalışırlar. Başqa sözlə, onlar vergidən yayınmağın yeni üsulu kimi, dövriyyələrin bölüşdürülməsindən istifadə edirlər. Belə hallar əsasən iri ticarət şəbəkələrində, ictimai-iaşə xidməti obyektlərində və bəzi istehsal sahələrində qeydə alınır.
Xatırladaq ki, Prezident İlham Əliyev dəfələrlə vergi sistemi qarşısında duran prioritet məsələlərdən bəhs edərkən vergi qanunvericiliyinə əməl olunmasının vacibliyini, vergilərin tam şəkildə dövlət büdcəsinə ödənilməsini, vergidən yayınma hallarına son qoyulması istiqamətində qətiyyətli tədbirlərin həyata keçirilməsini xüsusi vurğulayıb. Çox təəssüf ki, nəinki iri ticarət şəbəkələri, ictimai-iaşə xidməti obyektləri, hətta vergi qanunvericiliyinin əməl olunmasına nəzarət edən dövlət qurumları tərəfindən cinayət tərkibli əməllərə yol verilir. Yeri gəlmişkən qeyd edək ki, əldə olunan məlumata görə, hələ də ölkədə bütün topdan və pərakəndə satış əməliyyatları elektron vergi hesab-fakturaları vasitəsilə rəsmiləşdirilməyib. Məhz bu kimi səbəbdən ən böyük ticarət mərkəzləri olduqca rahat şəkildə vergidən yayına bilirlər.
Azərbaycanda vergidən yayınma ilə bağlı ən çox problemi olan obyektlər sırasında "Binə" ticarət mərkəzlərinin adı çəkilir. Məlum olduğu kimi sözügedən ticarət mərkəzndə milyardlarla vəsaitin dövr etməsindən söhbət gedir ki, onun vergiyə cəlb edilməsi nəticəsində dövlət büdcəsinin həcmini xeyli artırmaq olar. Lakin qeyri-müəyyən səbəblərdən illərlədir ki, cavabdeh dövlət qurumları sözügedən ticarət mərkəzində real dövriyyənin müəyyən olunması üçün lazımi addımlar atmaqda maraqlı görünmürlər. Sadəcə, ötən il həyata keçirilən tədbirlər nəticəsində bu ticarət mərkəzindən büdcəyə cüzi miqdarda vergi cəlb olunub, külli miqdarda vəsait isə ciblərə axıb. Yayılan məlumata görə, hazırda "Binə" Ticarət Mərkəzində total şəkildə yoxlama aparılır. Hətta "Binə" Ticarət Mərkəzinin sahibəsi Kəbirə Məmmədovanın istintaq altında olduğu deyilir. Ticarət mərkəzinin mühasibatlığında ciddi nöqsanların olduğu, vergidə dövlətə fırıldaq gəldikləri deyilir. Məlumata görə, ticarət mərkəzində onlayın alverlə məşğul olanlardan yer pulu, digər satıcılardan isə məcburi qaydada anbarlarda saxlanc pulu yığılsa da əldə olunan böyük vəsaitin hesabatı aparılmayıb. Bir müddət əvvəl sahibkar bu qaydaların bazar rəhbərliyi tərəfindən qoyulduğunu və dəyişmək gücündə olmadıqlarını açıqlamışdı: "Müdirin "pulyığan"ları deyir ki, narahat olmayın, verilən pullar sistemə oturur. Əgər bir gün yerhaqqını, vergini və digər haqları gecikdirsək, sabah müdiriyyətin adamları mağazamızı bağlayar. Ümumiyyətlə, bazarda sahibkarın vergidən yayınması mümkünsüz bir şeydir. Qanunla verginin tələb olunmasının tərəfdarıyıq, biz işləmək istəyirik. Bazarın "pulyığan"ları nə istəyirsə, sahibkar da həmin məbləği ödəyir. Sahibkarın vergidən yayınması mümkün deyil". Aydın məsələdir ki, ticarət mərkəzlərində xırda sahibkarların ödəmə etmədən fəaliyyət göstərməsi qeyri-mümkündür. Amma həmin pullar hara gedir sualı uzun illər idi ki, açıq idi. 2019-cu ilin mayında Azərbaycanda vergidən yayınma ilə bağlı ən çox problemi olan obyekt "Binə" ticarət mərkəzinin vergidən yayınmasının qarşısının demək olar ki, alınması haqda xəbərlər yayıldı. Həmin xəbərlərdə deyilirdi ki, vergi və gömrük orqanlarının birgə həyata keçirdikləri islahatlar nəticəsində idxal əməliyyatlarının sahibkarların öz adlarına rəsmiləşdirilməsinə nail olunub.
Xatırladaq ki, hələ 2019-cu ilin yanvar ayından Vergi Məcəlləsinə dəyişikliklər qüvvəyə minəndən sonra Vergilər Nazirliyi bəyan edib ki, əsas hədəflərdən biri Azərbaycanda kölgə iqtisadiyyatının həcmini azaltmaqdır. Ölkədə kölgə iqtisadiyyatının həcmi böyükdür. Kölgə iqtisadiyyatı o deməkdir ki, hər hansı bir istehsal olunan məhsul və yaxud da xidmət uçota alınmır, yəni heç bir uçotu həyata keçirilmir. İstehsal olunan məhsul və yaxud da xidmət uçotdan kənardırsa, deməli, bunu hökumət görmür, yəni kölgədə qalır. Hazırda çox obyektlər var ki, müxtəlif səbəblər ucbatından kölgə iqtisadiyyatının tərkibində qalıblar. Normalda isə ticarət və istirahət mərkəzləri, eləcə də digər obyektlər xidmət göstərirsə və yaxud mal və məhsul istehsal edirsə, satış zamanı hamısı rəsmiləşməlidir. Mədaxil qəbzi, elektron qaimə və yaxud kassa çeki ilə rəsmiləşmə aparılmalıdır. Lakin bu proses həyata keçirilmədiyindən "Binə" ticarət mərkəzində olan obyektlər vergi ödəmə məsələlərindən kənarda qalıblar. Əslində isə ticarət mərkəzində çalışan sahibkarların vergi məsələsi ilə bağlı rəhbərlik arasında ümumu razılığın əldə olduğu bildirilir. Lakin qanunsuz, qeyri-rəsmi çəkildə ödənilən verginin kimlərin cibnə axdığı sual altında qalır.
İddialara görə, bürokratik əngəllər səbəbindən sahibkarların ödədiyi məbləğ dövlət büdcəsinə çatmayıb. Məsələ burasındadır ki, "Binə" ticarət mərkəzində çalışan sahibkarlar illərlə vergini ümumiləşmiş şəkildə bazar rəhbərliyinə ödəyiblər. 1 ay olsun belə, bu məsələ ilə bağlı sahibkarlara heç bir güzəşt tətbiq olunmayıb. Əksinə, get-gedə vergi tarifləri artırılıb, mağazanın kvadratmetrinə, sahibkarların ticarət dövriyyəsinə baxıb bazar müdiriyyəti tərəfindən vergi müəyyənləşdirilib. Hətta bazarın işlək cərgələrinə uyğun vergi tətbiq olunub. Tutaq ki, bazarın 5-ci və 6-cı cərgəsi ilə 7-8-ci cərgələrinin vergisi eyni olmur. Bütün bu qaydalar Azərbaycan Vergi Məcəlləsində nəzərdə tutulmuş prinsiplər əsasında yox, "Binə" Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədovanın müəyyənləşdirdiyi "vergi qaydaları" əsasında aparılıb. Birmənalı şəkildə sahibkarlara heç bir güzəşt olunmayıb. Burada bütün məsuliyyət birmənalı olaraq bazar rəhbərlərinin üzərinə düşür. Sahibkarlardan vergi şəklində toplanılan ümumi məbləğin dövlət büdcəsinə çatdırılıb-çatdırılmaması illərlə sual altında olub. Hazırda koronavirus pandemiyası səbəbindən ölkədəki iri ticarət mərkəzlərinin fəaliyyətinə qadağa qoyulub. Elə bu səbəbdən də dövlət tərəfindən sahibkarlara dəyən ziyanın ödənilməsi prosesi həyata keçirilir. Ticarət sahibləri nəinki həmin vəsaiti ciblərinə qoyur, üstəlik işçilərdən yer pulu, saxlanc pulu da tələb edirlər. Şübhəsiz ki, belə bir tələb aylarla fəaliyyəti dayanan, heç bir yerdən qazancı olmayan sahibkarlar üçün böyük bir yükdür. Belə bir yükün öhdəsindən gələ bilməyən sahibkarların nə vaxtsa dövlətin əlehinə yönələcəyi şübhə doğurmur.
Tərlan
Olaylar.az