Ölkədə sosial narazılıq yaratmaq istəyən qüvvələr kimlərdir?

Gənclər  ordusu  niyə  işsizləşdirilir və  niyə dövlətə qarşı  qaldırılır?

Müasir çağırışlara, bazar iqtisadiyyatının tələblərinə uyğun oaraq Azərbaycanda kifayət qədər yeni iş yerlərinin yaradılmasına baxmayaraq hələ də vətəndaşların, xüsusən də gənclərin işə düzəlmək problemi yaşanmaqdadır. Məsələ orasındadır ki, sözügedən problemlər  işəgötürənlər tərəfindən sünii şəkildə yaradılır. Bu dəfə  dövlət qulluğuna qəbul prosesinin problemlərini bir yana qoyub ümumilikdə işsizliyi yaradan səbəblərə toxunmaq qərarına gəldik. Məlumat üçün qeyd edək ki, bəzi hallarda dövlət orqanlarındakı vakansiyalar gizlədilir ki, bu da işaxtaranların sayının artması ilə nəticələnir. Yaxud, özəl sektorda sahibkarlar qanunvericilikdə tələb olunmayan elə sənədlər tələb edirlər ki, bu da işaxtaranlar üçün əməlli-başlı problem yaradır. Araşdırmalar zamanı bəlli olub ki, işəgötürənlər işaxtaranlardan əmək kitabçası, əmək stajı və tibbi arayış kimi sənədlər tələb edirlər ki, bu da vətəndaşların işə düzəlməsində ciddi maneə yaradır. Xüsusən, ilk dəfə işə düzələn gənclərdən əmək stajının tələb edilməsi onların əmək hüququndan yararlanmasında çətinlik yaradır. Sözügedən tələb ali təhsil və hərbi xidməti başa vuran gənclər üçün əməlli başlı başağrısına çevrilib. Maraqlıdır, bəs qanunvericilik sözügedən məsələləri necə tənzimləyir? Ali məktəbi yenicə bitirənlər, həqiqi hərbi xidməti  başa vuranlar iş stajını haradan əldə etməlidirlər?

Təhsil müddəti və hərbi xidmət iş stajı hesab edilirmir? 

Mövcud qanunvericiliyə görə, əmək münasibətləri tərəflərin qarşılıqlı razılığı ilə bağladıqları müqavilə əsasında yaranır. Əmək stajı isə həmin münasibətlərə əsasən işçinin əmək müqaviləsi üzrə faktik işlədiyi müddətlərə və yalnız əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə ƏM-də nəzərdə tutulan hallarda iş yeri və orta əmək haqqı saxlanıldığı dövrlərə əsasən hesablanır. Əmək Məcəlləsi ilə yalnız hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə iştiraka, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezamamiyyətə göndərilməyə görə iş yeri və orta əmək haqqı saxlanılaraq həmin müddət əmək stajına daxil edilir. Hərbi xidmət hər bir vətəndaşın AR-nın Konstitusiyası ilə müəyyən edilmiş vəzifəsidir. Hərbi xidmətə çağırılan işçi ilə Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilir və belə olduğu təqdirdə əmək stajının müddəti həmin şəxsin yeni işə qəbul edildiyi tarixdən hesablanır. Onu da qeyd edək ki, 2006-cı ilə kimi orta ixtisas və ali təhsil müəssisələri əmək stajı məsələsində müəyyən rol oynayırdı. Həmin vaxta kimi təhsil dövrü vətəndaşlar üçün  sığorta  stajı sayılırdı.  2006-cı ildən artıq sığorta stajı kimi nəzərə alınmır. Belə təhsil 2006-cı ildən sonra olmuşsa, əmək stajı kimi  nəzərə alına bilər. Amma bu, nə işçiyə, nə işəgötürənə, nə də Dövlət Sosial Müdafiə Fonduna heç nə verməyəcək, daha doğrusu, nəzərə alınmayacaq. Çünki təhsil müddəti əmək kitabçalarında qeyd olunmur. Sadəcə pensiyaya çıxanda tələb olunarsa, diplom təqdim edilir. Məlumat üçün qeyd edim ki, əmək kitabçasında ancaq işçinin işə qəbul olunması, bir vəzifədən başqa vəzifəyə keçirilməsi və işdən azad olunması qeyd olunur.

Prezidentin məşğulluq siyasətinə qarşı çıxanlar

Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr, birliklər, sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən müəyyən olunur. Təbii fəlakət, qəza, dağıntı və başqa fövqəladə hallar nəticəsində sənədlərin tamamilə saxlanılmadığı və ya qismən saxlanıldığı, həmçinin milli münaqişə zəminində onların məhv olduğu, yaxud əldə edilməsi  mümkün olmadığı hallarda iş stajının təsdiq edilməsi Nazirlər Kabineti və yaxud yerli icra hakimiyyəti orqanlarının təşkil etdiyi iş stajını müəyyən edən komissiyalar tərəfindən həyata keçirilir. Çox təəssüf ki, hazırda işəgötürənlər qanunun bu imkanlarının tətbiqində qətiyyən maraqlı deyillər. Mövcud vəziyyət təkcə işəgötürənlərin vətəndaşlara laqeyid münasibəti, öz vəzifələrini layiqincə yerinə yetirməmələri deyil, eyni zamanda ölkə başçısının həyata keçirdiyi məşğulluq  siyasətinə kölgə salmaqdan ibarətdir. Məlum olduğu ki, Prezident İlham Əliyev  "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Tədbirlər Planında layiqli əməyin təmin olunması və qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə minimum əməkhaqqının mərhələlərlə artırılmasına dair təkliflərin hazırlanması, İşəgötürənlərin işçilərin bacarıqlarının artırılmasında və kadr hazırlığında iştirakını stimullaşdırmaq üçün müvafiq normativ hüquqi bazanın və iqtisadi həvəsləndirmə mexanizmlərinin yaradılmasına dair təkliflərin hazırlanması, işaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslərin vahid reyestrinin yaradılması və sair məsələlər əksini tapıb. Həmin vəzifələrin icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası kimi aidiyyati təşkilatlara həvalə edilib. Fakt isə ondan ibarətdir ki, əllərində ali təhsil diplomu olan gənclərimiz "staj axtarışına" cıxıblar. Hələ özəl təşkilatların işaxtaranlardan ən müxtəlif sahələri əhatə edən beynəlxalq sertifikat tələb etmələrini demirik. Nəticə isə ondan ibarətdir ki, hazırda istər özəl, istərsə də dövlət sektorunda olan işəgötürənlər ölkədə işsizlik ordusu yaratmaqla vətəndaşları dövlətdən narazı salmaq yolunu tutublar. Heç şübhəsiz ki, vəziyyətin belə davam etməsi sosial partlayışa səbəb ola bilər. Bu isə təbii ki, hazırda Azərbaycanda həyata keçirilən sosial iqtisadi islahatlar fonunda heç də arzuolunan deyil.

Natiq  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31