Mayis Səfərli: “Gənclərimizi xaricdən ötürülən zərərli informasiyalardan çəkindirməliyik”
Sentyabrın 15-də Prezident Ilham Əliyev dərs ilinin başlaması və Bilik Günü münasibətilə ictimaiyyətə müraciətində bir sıra məsələlərə toxunub.
17 Sentyabr 2020 10:38 SosialSentyabrın 15-də Prezident Ilham Əliyev dərs ilinin başlaması və Bilik Günü münasibətilə ictimaiyyətə müraciətində bir sıra məsələlərə toxunub. Onların içərisində xüsusi vacibliyi ilə seçilənlərdən biri müasir informasiya texnologiyalarının gənc nəslin tərbiyəsinə, sosiallaşmasına mənfi təsiri ilə bağlıdır. Yurddaş Partiyasının sədri Mayis Səfərli "Olaylar"a bildirilib ki, hər kəs yaxşı bilir ki, bugünkü nəslin uşaqları, yeniyetmələri, gəncləri vaxtlarının önəmli bir hissəsini telefon, planşet və digər qadjetlər vasitəsilə internet üzərindən yayımlanan şəbəkələrdə, platformalarda keçirirlər: "Maraq dairəsinə uyğun informasiyalar almaq, keçdikləri dərslərə dair yeni məlumatlarla tanışlıq, əlbəttə ki, normaldır, zəruridir. Bilikləri genişləndirmək, dünya görüşünü artırmaq üçün internetdə zəngin resurslar var. Şagirdlər, tələbələr bir çox hallarda lazım olan mövzuları evdə, əlinin altındakı planşetdən, yaxud telefondan tapa bilir, yararlanır və kitabxanaya getməyə ehtiyac qalmır. Vaxta qənaət gənclərimiz üçün çox vacibdir. Əldə olunan asudə saatlar başqa məqsədlərə - idmana, yaradıcılığa, müxtəlif maraq dərnəklərinə, dostlarla görüşə, bədii qiraət və s . yönəldilə bilər. Amma, sirr deyil ki, bəzi hallarda heç də belə olmur. Valideynləri işdə olan, nəzarətsiz qalmış yeniyetmə və gənclərin çoxu bundan sui - istifadə edirlər. Internetə ifrat bağlılıq, yanlış informasiya qaynaqlarına daxil olmaq bəzən onlara mənfi təsir göstərir, uşaqları düzgün olmayan istiqamətlərə yönəldir, müəyyən mənəvi -psixoloji problemlər yaradır. Prezidentin qeyd etdiyi kimi, qloballaşma pərdəsi altında bəzi xarici dairələr tərəfindən gənclərin beyni zəhərlənir, onlar yoldan çıxarılır, yanlış informasiyalar, böhtan, şər təxribat xarakterli məlumatlarla üzləşirlər. Gənclər ayırd edə bilmirlər ki, hansı informasiyalar doğrudur, yalan olan nədir. Bunları tənzimləmək, övladlarımızı düzgün istiqamətləndirmək , ilk növbədə, ailənin və məktəbin vəzifəsidir. Elə etməliyik ki, gənc nəsil yaxşını pisdən seçə bilsin. Onları məqsədyönlü şəkildə xaricdən ötürülən zərərli informasiyalardan, meyllərdən, milli adət -ənənələrimizə, dəyərlərimizə zidd olan əməllərdən, vərdişlərdən çəkindirməliyik".