Sumqayıt Kimya Sənaye Parkı yeniləşən, güclənən Azərbaycanın simvollarından birinə çevrilir

Dünyanı bürüyən koronavirus pandemiyası və bunun ölkələrin, eləcə də dünya iqtisadiyyatına mənfi təsirlərinə baxmayaraq Azərbaycan iqtisadiyyatı öz inkişaf, tərəqqi yolunu davam etdirir. Düzdür, pandemiyanın Azərbaycan iqtisadiyyatına da mənfi təsirləri oldu.

Dünyanı bürüyən koronavirus pandemiyası və bunun ölkələrin, eləcə də dünya iqtisadiyyatına mənfi təsirlərinə baxmayaraq Azərbaycan iqtisadiyyatı öz inkişaf, tərəqqi yolunu davam etdirir. Düzdür, pandemiyanın Azərbaycan iqtisadiyyatına da mənfi təsirləri oldu. Ancaq buna baxmayaraq ölkə iqtisadiyyatı günümüzdə də öz inkişaf yolunu davam etdirir.  Elə bu günlərdə "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin nəzdindəki Peşə Təhsil Mərkəzinin açılışı bunun əyani sübutudur. Məlumat üçün qeyd edək ki, sözügedən müəssisənin açılış mərasimində dövlət başçısı da iştirak edib.

Sözügedən hadisə ilə bağlı fikirlərini ifadə edən Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, Sumqayıt Kimya Sənaye Parkı yeniləşən, güclənən Azərbaycanın simvollarından birinə çevrilir. Onun sözlərinə görə, Sumqayıt bu gün nəinki Azərbaycanın, hətta Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir: "Sumqayıt şəhərinin sənaye potensialı imkan verir ki, ölkəmiz daxili tələbatını ödəsin, eyni zamanda ixrac imkanlarını da reallaşdırsın. Perspektiv planda isə Sumqayıt Kimya Sənaye Parkının xüsusi rolu var. Təsadüfi deyil ki, son müddət ərzində görülmüş işlərin nəticəsində Sumqayıt Kimya Sənaye Parkı yeniləşən, güclənən Azərbaycanın simvollarından birinə çevrilir. Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika mövcuddur. Məsələn, 2019-cu ildə 823 milyon manatlıq məhsul istehsal edilib. Bunun da 276 milyon manatı ixrac olunub. Bu ilin ilk 6 ayı ərzində isə 534 milyon manatlıq məhsul istehsalı olub ki, bunun da 182 milyon manatı ixrac olunub. Bu ilin əvvəlindən koronavirus pandemiyasının başlanmasını nəzərə alsaq, bu, yaxşı göstərici hesab edilə bilər. Bir halda ki, bütün dünyada pandemiyadan irəli gələn bir tənəzzül prosesi var və bu tendensiya Azərbaycandan da yan keçməyib. Lakin əsas məsələ ondan ibarətdir ki, zamanında atılmış doğru addımlar nəticəsində ölkə iqtisadiyyatı bir çox dünya dövlətlərindən fərqli olaraq potensialını tam tükətmədi. Elə təkcə Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti timsalında görürük ki, ölkə iqtisadiyyatı, xüsusilə də qeyri-neft sektoru dayaqlıdır. Düşünürəm ki, postpandemiya dövrü artıq reallıqdır və ölkə iqtisadiyyatının gücləndirilməsi üçün müvafiq tədbirlər görülür. Məqsəd də ondan ibarətdir ki, yeni inkişaf dinamikasına sahib olmaqla postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında olmalıyıq".

Deputat bildirib ki, hazırda Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən müəssisələrdə 5500-dən çox insan daimi işlə təmin olunub: "Parkın nəzdində açılmış Peşə Təhsil Mərkəzi buradakı müəssisələrin kadr formalaşdırma mərkəzinə çevriləcək. Əlbəttə ki, Sumqayıt Kimya Sənaye Parkında Peşə Təhsil Mərkəzinin açılışı bir yenilikdir və presedentdir. Çünki burada tələbələrə dövrün tələblərinə uyğun bacarıqlar, peşə vərdişləri aşılanacaq, eyni zamanda təlim-tədris prosesində iştirak edəcək mütəxəssislər elə parkın rezidentlərinin yüksəkixtisaslı işçilərindən olacaq və əlbəttə ki, öz növbəsində tələbələr də Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində təcrübə keçməklə, iş yeri əldə etmək imkanı qazanacaqlar. Bu, təcrübə perspektivdə bütün iri şirkətlər, müəssisələr üçün bir nümunədir. Bu yolla həm peşəkar işçilərin formalaşması, həm də yeni iş yerlərinin yaradılması mümkün olacaq".

Deputat Məzahir Əfəndiyev  isə bildirib ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də mühüm nailiyyətlər əldə edib: "Prezident İlham Əliyev tərəfindən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tapşırıqların verilməsi iqtisadiyyatın dayanıqlılığını təmin etməkdədir. 21 dekabr 2011-ci il tarixli 548 nömrəli fərmanla Sumqayıt Kimya Sənaye Parkının yaradılması Sumqayıtı nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqazda ikinci sənaye mərkəzinə çevirib. 2019-2020 - ci illərdə bir mlrd. manatdan artıq məhsul istehsal edilib ki, bunların da təqribən 33 faizi ixrac olunub, bu da öz növbəsində Azərbaycan iqtisadiyyatında Sumqayıt Kimya Sənaye Parkının xüsusi yerinin olduğunun bariz nümunəsidir".

Deputat qeyd edib ki, hazırda həmin parkın ərazisində fəaliyyət göstərən müəssisələrdə altı minə yaxın insanın daimi işlə təmin olunması sosial sahədə də rifahın yaxşılaşmasına köməklik göstərir: "Nəzərə alsaq ki, iqtisadi siyasətin əsas hədəfi ölkədaxili tələbatın yerli istehsal vasitəsi ilə təmin olunmasını, habelə Azərbaycanda istehsal olunan malların ixracını təşkil etmək, Azərbaycan brendinin dünya bazarlarında qərarlaşması və yer tutmasıdır, bu halda atılmış addımların yaxın vaxtlarda müsbət nəticələrini görəcəyik. Cənab Prezidentin Peşə Təhsili Mərkəzinin açılışında iştirakı bir daha onu göstərir ki, iqtisadi subyektlərin fəaliyyətində peşəkar kadrların hazırlanması, yeni müasir, innovativ yanaşmaların öyrənilməsində bu tədris müəssisəsinin xüsusi təsiri olacaqdır. Eyni zamanda burada yeni iş yerlərinin yaradılması gənc nəslin xüsusi peşəyə sahiblənərək özlərinə asanlıqla konkret iş tapması Azərbaycan vətəndaşının həyat şəraitinə daha da yaxşı, müsbət təsir göstərəcəkdir".

Milli Məclisin deputatı Eldəniz Səlimov isə diqqətə çatdırıb ki, Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika mövcuddur. Onun sözlərinə görə, ümumilikdə 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında 823 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 276 milyon manatı - təqribən 33 faizi ixrac olunub: "2020-ci ilin ilk 6 ayı ərzində 534 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda (5,7 milyard manat) xüsusi çəkisi 9,3 faiz, 182 milyon manatlıq ixracla ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracında (910 milyon manat) xüsusi çəkisi 20 faiz təşkil edib. Hazırda Parkda fəaliyyət göstərən müəssisələrdə 5500-dən çox insan daimi işlə təmin olunub. Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Sumqayıtın potensialı daha da güclənir". Deputat bildirib ki, dövlət başçısının da qeyd etdiyi kimi bu il burada şüşə istehsalı zavodu da fəaliyyətə başlayacaq: "Oraya da böyük investisiyalar qoyulub və daxili tələbatımızı təmin edəcəkdir. Baxmayaraq ki, indi tikinti sektoru pandemiyaya görə bir qədər tənəzzülə uğrayıb, amma o, bərpa edilir və ediləcək. Biz özümüzü yerli şüşələrlə təmin edəcəyik. Bu da böyük nailiyyətdir. Azərbaycan özünü yerli istehsal məhsulları ilə təmin etməlidir". Deputat diqqətə çatdırıb ki, prezident çıxışı zamanı digər vacib məqamlara da toxunub. Dövlət başçısı bildirib ki, daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin edilməlidir: "Burada Sumqayıt şəhərinin və xüsusilə Kimya Sənaye Parkının mühüm rolu var. Çünki son illərdə bu işləri görməklə buna böyük dərəcədə müvəffəq olmuşuq. İndi əsas işimiz ondan ibarətdir ki, baxmalıyıq, harada bizdə idxaldan asılılıq daha böyükdür və bunu əvəzləmək mümkündürsə, bunun üçün xammal varsa, yaxud da texniki-iqtisadi əsaslandırma buna imkan verirsə, mütləq həmin sahələrə böyük diqqət göstərilməlidir. Belə təşəbbüs göstərən şirkətlərə həm rezident statusu verilməlidir, eyni zamanda, dövlət tərəfindən onlara kömək göstərilməlidir, güzəştli kreditlər ayrılmalıdır ki, idxaldan asılılığı maksimum dərəcədə azalsın. Çünki hər bir ölkə buna çalışır və xüsusilə əhalisi artan ölkə - Azərbaycan buna mütləq çalışmalıdır. Tədiyyə balansını müsbət səviyyədə saxlamaq üçün əlbəttə ki, bizə çox keyfiyyətli ixracyönümlü məhsul istehsal edən, valyuta gətirən müəssisələr lazımdır. Çünki bu gün tədiyyə balansının müsbət səviyyədə saxlanmasının əsas səbəbi neft-qaz amilidir. Amma çalışmalıyıq ki, bu amili kənara qoymaqla ixrac-idxal əməliyyatlarında həmişə müsbət saldoya malik olaq. Ona görə ixracyönümlü və idxalı əvəzləyə biləcək istehsalat sahələri mütləq yaradılmalıdır. Burada siqaret fabriki fəaliyyətə başlayıb və artıq statistikada görürük ki, idxaldan asılılıq nə qədər azalıbdır. Bu fabrik işə düşənə qədər daha çox idxaldan asılı idik. İndi 300 milyon manata qənaət edilib. Eyni zamanda, bu fabrikin inkişaf potensialı da var. Çalışmaq lazımdır ki, istehsalat artsın və bu məhsulu ixrac edilsin. O cümlədən təbliğat işlərimizi düzgün qurmalıyıq, bundan başqa, təbii ki, qadağalar qüvvəyə minibdir. Ona görə mən bu fabriki gələcəkdə sırf ixracyönümlü müəssisə kimi görürəm və belə misallar çox gətirmək olar. İndi bizim tütün istehsalımız, keyfiyyətli avadanlığımız var. Tütün istehsalı olmayan bəzi ölkələr nə üçün bizə məhsul ixrac edir. Onlar tütünü xaricdən alırlar və sonra onu emal edib satırlar. Siqaret istehsalında biz xarici tütündən də asılıyıq. Ancaq qarşıya vəzifə qoyulub ki, yerli tütünçülərdən də məhsul alınsın və beləliklə, kənd təsərrüfatının inkişafına da təkan verilsin".

Eldəniz Səlimovun sözlərinə görə, bu gün biz Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük. Deputat qeyd edib ki, dövlət başçısının müəssisənin açılışında diqqət çəkdiyi digər vacib məqam xaricdəki azərbaycanlı iş adamlara yönəlmiş müraciət idi: "Xaricdə yaşayan azərbaycanlı iş adamları da gəlib Azərbaycana vəsait qoysunlar. Azərbaycan onların vətənidir və onlar hər zaman Azərbaycanın dəstəyini görürlər, güclü Azərbaycan onların da gücünü artırır. Ona görə azərbaycanlılar müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə ediblər. Onlar da öz vətəninə vəsait qoymalıdırlar, öz vətəni ilə daim əlaqə saxlamalıdırlar.  Bütün bu amillər düzgün istiqamətə səfərbər edilsə, onda Azərbaycana investisiya axını dayanmayacaq. Əsas məqsədimiz budur. Xüsusilə dünyada yaşanan, pandemiya nəticəsində dərinləşən böhran, əlbəttə ki, bir çox şirkətlərə mənfi təsir göstərib. Ancaq məhz bu şəraitdə biz elə addımlar atmalıyıq ki, postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında olaq və dərhal, vaxt itirmədən yeni inkişaf dinamikasına sahib olaq. Sumqayıt Kimya Sənaye Parkının ümumi inkişaf tendensiyası yeniliklərə münasibətilə fərqlənir. Elə nəzdində açılışı olan Peşə Təhsil Mərkəzini də bu xüsusda fərqləndirmək olar. Çünki ilk dəfədir ki, ölkədəki sənaye parkı ərazisində peşə təhsili müəssisəsi yaradılır, bununla da bir neçə strateji hədəfə nail olunur: tələbələrə müasir infrastruktura malik mərkəzdə dövrün tələbinə uyğun bacarıqlar və peşə vərdişləri aşılanacaq. Təlim-tədris prosesində iştirak edəcək mütəxəssislər elə parkın rezidentlərinin yüksəkixtisaslı işçilərindən olacaq. Öz növbəsində tələbələr də Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində təcrübə keçməklə, iş yeri əldə etmək imkanı qazanacaqlar".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31