Sahil Babayev: “Yeni publik hüquqi şəxsin yaradılması ekspertiza və reabilitasiya sahəsində xidmətlərin keyfiyyətli, effektiv təşkilinə yönəlib”
Sentyabrın 15-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şirvan şəhərində Reabilitasiya Mərkəzini əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verib.
15 Sentyabr 2020 18:30 SosialSentyabrın 15-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şirvan şəhərində Reabilitasiya Mərkəzini əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verib. Müəssisənin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov iştirak ediblər. "Olaylar" xəbər verir ki, nazir S.Babayev tədbirdə çıxış edərək Prezident İlham Əliyevin göstərişi ilə ölkəmizdə reabilitasiya infrastrukturunun müasirləşdirilməsi istiqamətində son illərdə görülən işləri qeyd edib. Bildirib ki, 2019-cu ildə Yevlax, Naftalan Reabilitasiya Mərkəzləri, Mərdəkan Reabilitasiya Pansionatı, Protez-Ortopedik İstehsalat Mərkəzi, bu ilin avqust ayında isə Lənkəran, Şəki və Xaçmaz Reabilitasiya Mərkəzləri əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib, bu gün isə daha bir müasir reabilitasiya müəssisəsi Şirvan şəhərində açılır. Bu da həm ardıcıl sosial inkişafın, həm də əlilliyi olan şəxslərə qayğının bir təzahürüdür.
Nazir diqqətə çatdırıb ki, bu ilin sonunadək Sumqayıt Reabilitasiya Mərkəzi, Şağan Reabilitasiya Pansionatı əsaslı təmir-yenidənqurmadan sonra açılacaq. Həmçinin Qəbələ və Şəmkirdə inşa olunan Uşaq Reabilitasiya Mərkəzlərinin açılışının da bu il olması planlaşdırılır. Hazırda Nazirliyin 14 reabilitasiya müəssisəsi var ki, bu il əlavə iki uşaq reabilitasiya müəssisəsi yaradılmaqla bu say 16-ya çatacaq. Nəticədə ildə reabilitasiya xidmətləri ilə təmin edilənlərin illik sayı iki dəfə artaraq 28 minə çatacaq. Ümumilikdə, ölkəmizin bölgələrində reabilitasiya müəssisələri şəbəkəsi növbəti illərdə də əhəmiyyətli dərəcədə genişləndiriləcək.
Reabilitasiya sahəsində aparılan islahatlardan bəhs edən S.Babayev qeyd edib ki, cənab Prezidentin Fərmanı ilə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin yaradılması ekspertiza və reabilitasiya sahəsində xidmətlərin yeni optimal və təkmil model üzərində qurulmaqla daha çevik və keyfiyyətli, effektiv təşkilinə yönəlib. Bu islahat müvafiq sahədə mövcud resurslardan səmərəli istifadəyə, bərpa xidmətlərinin çeşidlərinin və əhatə dairəsinin genişlənməsinə xidmət edir. Nazir reabilitasiya mərkəzlərində sosial-psixoloji reabilitasiya xidmətlərinin genişlənəcəyini deyib. O, reabilitasiya sistemində də elektron texnologiyaların geniş tətbiqi işlərinin aparıldığını bildirib. Diqqətə çatdırıb ki, "Reabilitasiya" altsistemi, ona uyğun veb-əsaslı növbəlilik sistemi, Reabilitasiya Mərkəzləşdirilmiş Məlumat Sistemi qurulur. Bu da reabilitasiya müəssisələrinə qəbulun e-qaydada şəffaf, obyektiv təşkilinə, reabilitasiya xidmətlərinə nəzarətin təkmil qurulmasına, reabilitasiya xidmətləri ilə bağlı bütün məlumatların e-platformada toplanmasına və s. imkan verəcək. S.Babayev bildirib ki, əsas hədəf əlilliyi olan vətəndaşların məmnun qala biləcəyi effektiv, keyfiyyətli, tam şəffaf xidmətlər sisteminin yaradılması, reabilitasiya müəssisələrinin fəaliyyətinin əlilliyi olan şəxslərin yenidən əmək qabiliyyətli insanlar kimi cəmiyyətə qazandırılması prinsipi üzərində qurulmasıdır. Reabilitasiya müəssisələri müasirləşdirildiyi kimi, bu mərkəzlərdə çalışan işçi heyətinin də bilik və peşəkarlığının artırılması, reabilitasiya sahəsində effektiv metodlara, müasir nailiyyətlərə yiyələnməsi vacibdir. Eyni zamanda, bu mərkəzlərdə əlilliyi olan şəxslərə diqqət və qayğı ilə yanaşılmalı, onlar bu mərkəzlərdə özlərini doğma mühitdə hiss etməlidir.