Komitə qanunvericilik işləri planını Təsdiq Etdi
Sentyabrın 15-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2020-ci ilin payız sessiyasında ilk iclası keçirilib
15 Sentyabr 2020 15:23 SosialSentyabrın 15-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2020-ci ilin payız sessiyasında ilk iclası keçirilib. "Olaylar" xəbər verir ki, Komitə sədri Sadiq Qurbanov əvvəlcə yeni sessiyanın başlanması münasibəti ilə həmkarlarını təbrik etdi və onlara payız sessiyasındakı fəaliyyətlərində uğurlar arzuladı. Sonra o, 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlərə dair hesabatı təqdim etdi. Bildirildi ki, hesabat dövründə komitənin 5 iclası keçirilib. İclaslarda "İstehsalat və məişət tullantıları haqqında", "Heyvanlar aləmi haqqında", "Ekoloji təhlükəsizlik haqqında", "Bələdiyyələrin su təsərrüfatı haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Ovçuluq haqqında", "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi rejimin tətbiqi haqqında", "Sanitariya-epidemioloji salamatlıq haqqında", "Yerin təki haqqında", "Baytarlıq haqqında" və "Yeyinti məhsulları haqqında" qanunlarda, həmçinin, Torpaq Məcəlləsində, Mülki və İnzibati Xətalar Məcəllələrində dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirədən keçirilərək Milli Məclisə tövsiyə edilib. Komitə üzvləri hesabatı məqbul hesab etdilər.
Sonra komitənin 2020-ci ilin payız sessiyası üçün qanunvericilik işləri planı müzakirə edildi. Bildirildi ki, qarşıdakı sessiyada iş planına Azərbaycan Prezidentinin, Milli Məclisin deputatlarının, Respublika Ali Məhkəməsinin, Baş Prokurorun, Naxçıvan MR Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, bir sıra qanunlara əlavə və dəyişikliklər edilməsi barədə sənədlərin müzakirəsi daxil edilib. Komitəyə müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təkliflərin təhlili və ümumiləşdirilərək hazırlanması, komitənin əhatə etdiyi sahələrlə bağlı yerlərdə maarifləndirici tədbirlərin təşkili də görüləcək işlərin sırasına daxildir. Qanunvericilik işləri planı təsdiq edildi.