Karantin qaydalarının yumşalması yoluxma sayının artmasına səbəb olur
Bütün cəhdlərə, aparılan mübarizəyə rəğmən hələ də dünya koronavirus bəlasından xilas ola bilmir. Eyni ilə dünyanın bir parçası olan Azərbaycanda da pandemiya qalmaqdadır.
15 Sentyabr 2020 14:32 SosialBütün cəhdlərə, aparılan mübarizəyə rəğmən hələ də dünya koronavirus bəlasından xilas ola bilmir. Eyni ilə dünyanın bir parçası olan Azərbaycanda da pandemiya qalmaqdadır. Baxmayaraq ki, Azərbaycan bu virusa qarşı vaxtında qabaqlayıcı tədbirlər həyata keçirdi və pandemiyaya qarşı səmərəli mübarizə reallaşdırdı, buna rəğmən ölkəmiz də hələ də koronavirus təhlükəsi qalmaqdadır. Bu təhlükə bir tərəfdən virusun yayılmağa başladığı 2019-cu ilin dekabr ayından bu günə qədər keçən müddətdə ona qarşı peyvənd və ya vaksinin tapılmamasıdırsa, digər tərəfdən insanların məsuliyyətsiz davranışlarıdır. Elə Azərbaycan da daxil olmaqla dünyanın hər bir ölkəsində ayrı-ayrı fərdlərin virusa qarşı ciddi önləyici tədbirlər almaması, uzun müddət davam edən sərt karantin tədbirlərindən sonra tətbiq edilən yumşalmalardan insanların sui-istifadə etməsi pandemiyanın kökünün kəsilməsinə əngəl olur.
Məlum olduğu kimi, mart ayından etibarən Azərbaycanda tətbiq edilən sərt karantin rejimində tədricən, mərhələ-mərhələ yumşalma baş verdi və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar əsasında bir sıra sahələrdə yumşalma siyasəti həyata keçirildi. Artıq sentybarın 15-dən etibarən təhsil müəssiləri, bağçaların da fəaliyyətinə icazə verilib. Eyni zamanda bundan əvvəl tətbiq edilən yumşalmalara əsasın iaşə obyektləri, kafe-restoranlarda yerində xidmətə icazə verilmişdi. Ancaq ötən müddət ərzində, daha dəqiq desək indiyə qədər tətbiq edilən yumşalmalar fonunda Azərbaycanda koronavirusa yoluxanların statistikasına nəzər yetirdikdə təəssüf hissi ilə onu görürük ki, yoluxma hallarında artım qeydə alınır. Bu da qeyd etdiyimiz kimi vətəndaşların yumşalmalara adekvat addım nümayiş etdirməməsi ilə bağlıdır. Onu da qeyd etmək lazımdır ki, karantin qaydalarının yumşaldılmasından sonra virusa yoluxma hallarının artması təkcə Azərbaycan üçün xarakter deyil. Məsələn, qardaş Türkiyədə son günlər koronavirusa yoluxanların sayında qeydə alınan artım təəssüf hissi ilə qeyd edilməkdədir. Qeydə alınan artım dinamikası Türkiyədə yenidən bir sıra sahələrdə sərt tədbirlərin həyata keçirilməsi zərurəti yaradıb. Belə ki, okyabr ayından etibarən Türkiyənin ali və orta təhsil ocaqlarında dərslərin bərpası nəzərdə tutulsa da, lakin son günlər virusa yoluxma sayında qeydə alınan artım dərslərin fevral ayına qədər ertələnməsi zərurəti yaradıb. Yaxud toy mərasimlərinin keçirilməsinə verilən icazə bir qədər məhdudlaşdırılıb və bu tipli toplantılarının minimum sayda, həm də nişan xarakterli olması qərara alınıb.
Yaxud qonşu Gürcüstanda da anoloji proseslər müşahidə edilməkdədir. Bir neçə ay əvvəl hətta Gürcüstanda gündəlik virusa yoluxma sayı bir rəqəmli olaraq qeydə alınsa da, son günlər bu ölkədə də koronavirusa yoluxanların sayında artım tendensiyası baş verib. Elə bu səbəbdəndir ki, yenidən bir sıra ərazilərdə karantin qaydaları tətbiq edilib, Acarıstanda isə dərslərin başlaması təxirə salınıb.
Yumşalma hallarından sonra virusa yoluxma sayının artması təkcə qonşu ölkələr üçün xarakterik deyil. Diqqət etsək görərik ki, Avropa ölkələri, şimal qonşumuz Rusiya belə eyni mənfi tendensiya ilə üz-üzədir. Əgər yumşalmadan sonra Fransada virusa yoluxma sayı minimuma enmişdisə, indi bu ölkədə gündəlik yoluxma sayı 7 minə çatır. Vəziyyət o həddə çatıb ki, Fransanın 40-a yaxın bölgəsi koronavirusa görə, qırmızı zolağa daxil edilib. Rusiya da virusla mübarizədə çətinliklə üz-üzədir.
Göründüyü kimi, karantin qaydalarının yumşaldılması, eyniu zamanda mpvsümi dəyişikliklər müxtəlif ölkələrdə pandemiyanın yenidən alovlanmasına yol açır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu mənti tendensiya Azərbaycan üçün də xartakterik ola bilər. Ona görə də indiki vəziyyətdə yenidən virusa yoluxma sayının artmaması, sərt karantin tədbirlərinin tətbiq edilməməsi üçün hər birimiz ciddi şəkildə tətbiq edilənm qaydalara əməl etməli, tibbi maskadan istifadə edərək sosial məsafə saxlamalıyıq. Yalnız bu halda həm özümüzü, həm də yaxınlarımızı, ətrafımızı qoruya bilərik.
Süleyman
Olaylar.az