Mayis Səfərli: “Təhsil sistemindəki 2 milyon insanın sıx təması yoluxmaların sayını sürətlə artıra bilər”
“Pandemiya səbəbindən tətbiq edilən sərt karantin qaydaları son aylarda dünyanın əksər ölkələrində xeyli yumuşaldılmağa başlandı.
14 Sentyabr 2020 11:09 Sosial"Pandemiya səbəbindən tətbiq edilən sərt karantin qaydaları son aylarda dünyanın əksər ölkələrində xeyli yumuşaldılmağa başlandı. Bunun nəticəsi olaraq, hərəkətlilik artdı, insanların təmasları, yaxın kontaktları da çoxaldı. Mütəxəssislər vaksin tapılmayınca məhdudiyyətlərin götürülməsini infeksiyanın yenidən geniş yayılma səbəbi kimi qiymətləndirir və ehtiyatlı olmağa çağırırdı. Bu gün onların fikirlərinin doğru olduğu təsdiqlənir". Bunu "Olaylar"a deyən Yurddaş Partiyasının sədri Mayis Səfərlinin sözlərinə görə, son günlər bəzi ölkələrdə yoluxmaların uğursuz dinamikası müşahidə olunmaqdadır. Hətta ÜST nümayəndələri də xəstəliyin yeni dalğasının başlandığını etiraf edirlər: "Ən son statistikaya görə, dünyada 30 milyona yaxın insan koronavirusa yoluxmuşdur, qurbanların sayı isə 1 milyona yaxınlaşmaqdadır. İkinci dalğanın başladığı ABŞ, Hindistan, Braziliya, Fransa, Iran, Ukrayna, Səudiyyə Ərəbistanı, Ermənistan və digər ölkələrdə yoluxma kütləviliyi ilə seçilir. Qonşularımız Gürcüstanda, Türkiyədə, Rusiyada da yeni dalğa ciddi fəsadlar yaratmışdır. COVID - 19-a qarşı peyvəndin hazırlandığı bildirilən Rusiyada xəstə insanların sayı 1,1 milyonu ötüb. Orada 18,5 min adam virusun pəncəsindən xilas ola bilməyib. Epidemiyanı dünyada ilk nəzarətə götürənlər sırasında olan ölkəmizdə də vəziyyət təhlükəli olaraq qalır. Şübhə yoxdur ki, yumşalma tədbirləri, bir çox insanların qaydalara riayət etməməsi, yaxud onları düzgün yerinə yetirməməsi Azərbaycanda da yeni dalğanın yaranma ehtimalını artırır".
Onun sözlərinə görə, ən təhlükə kəsb edən məsələ təhsil ocaqlarında əyani dərslərin başlaması ola bilər: "Bildiyiniz kimi, ölkəmizdə tədris sisteminin əhatə etdiyi insanların (təhsil alan və təhsil verənlər ) sayı 2 milyona yaxındır. Bu qədər insanın gün ərzində fəal hərəkətləri, sıx təmasları yoluxmaların və ölənlərin sayını sürətlə artıra bilər. Dövlətimizin belə vəziyyətə hazırlığı var. Yeni tibb müəsissələrinin istifadəyə verilməsi, xəstə çarpayılarının sayının artırılması, ölkəyə yeni süni nəfəs aparatının gətirilməsi, maska, dezinfeksiya vasitələrinin, dərman preparatlarının yetərli ehtiyatlarının yaradılması bundan xəbər verir.Ictimaiyyətin də, hər bir insanın da diqqətli olması vacibdir. Qayda və tövsiyələrə əməl etmək təkcə borcumuz deyil, həm də bizi xilas edən yoldur".