Azərbaycan dövləti infeksiyanın yayıldığı ilk günlərdən vəziyyəti nəzarətə götürüb
Anar Məmmədov: “Yoluxma hallarının artım dinamikasına yol verilməməsi üçün vətəndaşlar məsuliyyətli davranmalı, maksimum özünü və ətrafını qorumağa davam etməlidir”
11 Sentyabr 2020 12:03 SosialAnar Məmmədov: "Yoluxma hallarının artım dinamikasına yol verilməməsi üçün vətəndaşlar məsuliyyətli davranmalı, maksimum özünü və ətrafını qorumağa davam etməlidir"
Bütün dünyanı bürüyən və hələ də aradan qaldırılması qeyri-mümkün görünən koronavirus pandemiyasına qarşı Azərbaycan dövlətinin, onun müvafiq qurumlarının həyata keçirdiyi tədbirlər tədricən öz müsbət nəticəsini verir. Həm virusa yoluxma, həm də bu səbəbdən ölüm saylarının minimum səviyyədə qeydə alınması aparılan mübarizənin effektivliyindən xəbər verir.
Azərbaycan dövlətinin koronavirus pandemiyasına qarşı apardığı mübarizənin effektivliyi, nəticəliliyi təkcə ölkə vətəndaşları tərəfindən deyil, eləcə də beynəlxalq aləm, dünya birliyi, ayrı-ayrı beynəlxalq təşkilatlar tərəfindən təqdir olunur. Bu da səbəbsiz deyil. Çünki Azərbaycan dövləti koronavirusa qarşı mübarizə istiqamətində beynəlxalq aləmdə nümunəvi ölkə kimi xarakterizə edilir. Həm rəsmi Bakı, xüsusilə də Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə başda BMT olmaqla bir sıra nüfuzlu beynəlxalq təşkilatların pandemiyaya qarşı mübarizə məqsədilə videokonfranslarının keçirilməsi, pandemiyadan zərər çəkən bir sıra ölkələrə Azərbaycanın maddi və tibbi avadanlıqlar baxımından dəstək olması ölkəmiz barədə beynəlxalq aləmdə müsbət rəyin formalaşmasına yol açıb. Bütün bunlar Azərbaycanın beynılxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilməsi, onların hazırladıqları hesabatlarda ölkəmizin qabaqcıl yerləri bölüşdürməsinə imkan yaradır. Eyni zamanda bu müsbət tendensiya Azərbaycanın pandemiya baxımından ən təhlükəsiz ölkələr sırasında qərarlaşmasını şərtləndirir. Bu günlərdə daha bir beynəlxalq təşlkilat tərəfindən koronavirusa qarşı ən effektiv mübarizə aparan və bununla da təhlükəsiz ölkə olan ölkələrin adları açıqlanıb. Belə ki, "Deep Knowledge Group" təşkilatı tərəfindən koronavirusla bağlı dünyanın ən təhlükəsiz 100 ölkələrinin siyahısında Azərbaycan 59-cu yeri tutub və pandemiya ilə bağlı ən təhlükəsiz ölkələr siyahısına daxil edilib. Qonşu ölkələrdən Türkiyə 36-cı, Gürcüstan 40-cı, Rusiya 45-ci, Ermənistan isə 73-cü sırada qərarlaşıb. Araşdırma müəlliflərinin də qeyd etdiyi kimi, reytinq bir sıra tibbi, iqtisadi və siyasi aspektlər nəzərə alınaraq tərtib edilib. Bu günədək ölkəmizdə 500 mindən çox test aparılıb ki, adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada təxminən 40-cı yerdə qərarlaşıb.
Sözügedən məsələ barədə fikirlərini bildirən Milli Məclisin deputatı Anar Məmmədov deyib ki, Azərbaycan dövləti infeksiyanın yayıldığı ilk günlərdən vəziyyəti nəzarətə götürüb, genişmiqyaslı tədbirlər həyata keçirməyə başlayıb, istər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələləri uğurla həll edib: "Belə ki, səhiyyə sisteminin restruktizasiyası, tibbi sənayenin inkişafı fonunda COVID-19 virusunun diaqnostikası, habelə bu xəstəliyin müalicəsi üçün zəruri olan Avropa istehsalı olan laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr Azərbaycana gətirilib, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar, karantin zonaları yaradılıb, eləcə də modul tipli xəstəxanalar qurulub". Deputat deyib ki, Azərbaycan dövləti pandemiya dövründə əhalinin sosial müdafiəsinin təmin edilməsi ilə bağlı böyük maliyyə tutumuna malik qərarlar qəbul edərək yenə də öz vətəndaşlarının yanında olmaq nümunəsi sərgiləyir: "İndiki şəraitdə həssas qruplardan olan, eləcə də pandemiyanın təsirlərinə məruz qalan sahələrdə çalışan insanların sosial müdafiəsinin gücləndirilməsinə yönələn genişmiqyaslı dəstək tədbirləri diqqəti xüsusi olaraq cəlb edir. Bu məqsədlə büdcədən böyük məbləğdə vəsait ayrılıb. Məhz məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 paket reallaşdırılıb və Prezident İlham Əliyev tərəfindən elan edilən dəstək tədbirləri ilə 5 milyona yaxın vətəndaşı əhatə edən məşğulluq, sosial rifah istiqamətinə təqribən 3,5 milyard manat vəsait ayrılıb. Həmçinin, işsizlərlə bağlı problemlər öz həllini tapıb, əhalinin sosial rifahını qorumaq üçün digər mühüm addımlar atılıb. Bütün bunlar bir daha dövlətimizin humanist mahiyyətini, onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını sübut edir".
Anar Məmmədov hesab edir ki, bu gün yoluxma hallarının artım dinamikasına yol verilməməsi üçün vətəndaşlar COVID-19 infeksiyasının müalicəsi üçün vaksin tapılana kimi mümkün qədər məsuliyyətli davranmalı, maksimum özünü və ətrafını qorumağa davam etməlidir: "Yalnız belə olan halda, virusa qalib gəlmək mümkündür".
Süleyman
Olaylar.az