Müasir yol infrastrukturu artıq Azərbaycanda özünün layiqli yerini tutub
2004-cü ildən etibarən ölkədə mərhələli şəkildə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində görülən işlər sırasında ölkədə yol infrastrukturunun yenilənməsi xüsusi diqqət çəkir.
10 Sentyabr 2020 13:26 Sosial2004-cü ildən etibarən ölkədə mərhələli şəkildə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində görülən işlər sırasında ölkədə yol infrastrukturunun yenilənməsi xüsusi diqqət çəkir. Ötən illər ərzində bu sahədə həyata keçirilən tədbirlər və görülən işlər nəinki ölkənin şəhər və rayonlarından keçən əsas magistral yolların təmiri, yenidən qurulması ilə nəticələnib, eyni zamanda hər bir şəhər və rayonlardakı kəndlərarası yollar da yenilənib, müasirləşib. Əgər 2000-ci illərin əvvəllərinə qədər bir sıra dağ rayonlarının avtomobil yolları həddən artıq bərbad vəziuyyətdə idisə, bu gün həmin bərbad vəziyyətdə olan yolları müasir standartlara cavab verən yollar əvəzləyib.
Ölkədə yol infrastrukturunun inkişaf etdirilməsi, qəzalı vəziyyətdə olan yolların təmiri, yeni yolların çəkilişi heç şübhəsiz ki, ölkədə turizmin inkişafına da öz müsbət təsirjni göstərib. Xınalıq, Basqal, Tufandağ, Göygöl, Maralgöl kimi çətin keçilən və hətta avtomovilin hərəkəti qeyri-mümkün olan yolların günümüzdə müasir standartlara uyğun yollarla əvəzlənməsi həm Azərbaycanda turzimin inkişafına zəmin yaradıb, həm də əhalinin rahat gediş-gəlişinə vəsilə olub. Heç kəsə sirr deyil ki, dövlətin yol infrastrukturu sahəsində atdığı addımlar ilk növbədə insanların, vətəndaşların rahatlığına, onların təhlükəsiz və rahat şəkildə gediş-gəlişinə hesablanıb.
Yol infrastrkturunda həyata keçirilən tədbirlər, görülən işlər sırasında heç şübhəsiz ki, yeraltı və yerüstü piyada keçidlərinin inşası da mühüm əhəmiyyət kəsb edir. Ötən illər ərzində həm paytaxt, həm paytaxtətrafı kənd və qəsəbələrdə, eləcə də respublikanın regionlarında bu istiqamətdə xeyli işlər görülüb ki, bütün bunlar da qeyd etdiyimiz kimi insanların təhlükəsizliyi və rahatlığına hesablanıb. Onu da xüsusi qeyd etmək lazımdır ki, yeraltı və yerüstü piyada keçidlərinin inşası yol nəqliyyat hadisələrinin azalması və piyada qəzalarının da sayının azalmasına əsaslı dərəcədə təsir göstərir.
Məlumat üçün qeyd edək ki, təkcə keçən il respublikanın ümumi istifadədə olan avtomobil yollarında 14 yeni körpü tikilib, 17 qəzalı vəziyyətə düşmüş körpü bərpa olunub, 7 yeraltı və 6 yerüstü piyada keçidində təmir işləri aparılıb. Ümumilikdə 2019-cu il ərzində cənab Prezidentin imzaladığı Sərəncamlara uyğun olaraq 54 layihə, o cümlədən 5 respublika əhəmiyyətli, 39 kəndlərarası, 10 Bakı şəhərinin qəsəbələrarası avtomobil yolu layihələri üzrə tikinti və yenidənqurma işləri başa çatıb.
Bundan əlavə "Avtomobil Yolları" Məqsədli Büdcə Fondu vəsaiti hesabına uzunluğu 43,8 km oln 3 Respublik əhəmiyyətli, uzunluğu 79,3 km olan 13 kəndlər arası avtomobil yolu layihəsi, habelə uzunluğu 197,6 km olan Bakı şəhər yollarının tikintisi, yenidən qurulması və təmiri işləri yerinə yetirilib. Bakı şəhərində isə 113 piyada keçiridi tikilib istifadəyə verilib. Onlardan 41-i yerüstü piyada keçidi, 72-si yeraltı piyada keçididir. Ölkənin respublika əhəmiyyətli magistral yollarında 64 ədəd yeraltı və yerüstü piyada keçidi tikilərək istifadəyə verilib. Rayon və şəhərlərin daxilində - 3 ədəd (Quba, Zaqatala, Qəbələ) piyada keçidi tikilərək istifadəyə verilib. Ümumilikdə bu günədək ölkədə 180 ədəd piyada keçidi tikilərək istifadəyə verilib. Hazırda isə ölkə üzrə avtomobil yollarında 9 ərazidə piyada keçidinin inşası davam etdirilir.
Milli Məclisin deputatı Anar Məmmədov ölkədə yol infrastrukturu sahəsində görülən işlərə nəzər salaraq bildirib ki, müasir yol infrastrukturu artıq Azərbaycanda özünün layiqli yerini tutub. Onun sözlərinə görə, magistral yollarımız ölkə iqtisadiyyatının şaxələndirilməsinə, regionlarımızın sürətli inkişafına, ən əsası isə, xalqın sosial rifahının yüksəldilməsinə öz töhfəsini verməkdədir: "Bir sözlə, müasirləşən yol şəbəkəsi infrastrukturu insanlara həm rahatlıq verir, həm də turizmin və regionların sosial-iqtisadi inkişafı üçün mühüm amilə çevrilir. "Azərbaycanda ən müasir nəqliyyat-yol infrastrukturu yaradılacaq", - deyən ölkə başçısı İlham Əliyevin sərəncamları və tapşırıqları ilə ölkəmizdə yol infrastrukturu ildən-ilə müasirləşir. Ölkə iqtisadiyyatının infrastruktur sahələri olan enerji, rabitə, təhsil, səhiyyə ilə yanaşı, nəqliyyat cəmiyyətin həyat fəaliyyətinin ilkin tələbatını təmin etməklə sosial, iqtisadi, xarici siyasət və digər dövlət prioritetlərinə nail olmaq üçün mühüm rol oynayır. Bu baxımdan nəqliyyat şəbəkəsinin təkmilləşdirilməsi və inkişafı ölkə üçün xüsusi əhəmiyyət daşıyır. Nəqliyyat sektorunun formalaşdırılması ölkənin beynəlxalq aləmə çıxışını təmin etməklə yanaşı, Azərbaycan məhsullarının xarici bazarlara çıxışını reallaşdırır. Artıq Azərbaycan beynəlxalq nəqliyyat sistemində əhəmiyyətli rol oynayan ölkəyə çevrilib. Buna ölkəmizin yerləşdiyi coğrafi mövqe və iqtisadi potensialı zəmin yaradır. Elə ölkə daxilində yeniləşdirilən yol infrastrukturu da dövlətin prioritet məsələlərindən hesab olunur. Beynəlxalq standartlara cavab verən bugünkü magistral yollarımız ölkəmizin simasını başdan-başa dəyişdirib. Respublika iqtisadiyyatının qüdrətini artıran bu yollar indi Avropa ölkələrinin yollarından heç də geri qalmır. Fərəhlidir ki, avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ilbəil artır. Hazırda ölkədə yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi hesabına da irimiqyaslı layihələr icra olunur".
Deputat deyib ki, dünyada neftin qiymətinin aşağı düşməsinə və iqtisadi çətinliklərə baxmayaraq, ölkəmizdə dövlət başçısının rəhbərliyi ilə sosial-iqtisadi inkişafla bağlı nəzərdə tutulan bütün işlər uğurla və vaxtında icra olunur. Hətta demək olar ki, Azərbaycanda yol infrastrukturunun inkişafı dövlətin əsas prioritetlərindən birinə çevrilib: "Məlum olduğu kimi, dünən Prezident İlham Əliyev Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidinin açılışında iştirak etdi. Həyata keçirilən məqsədyönlü işlər nəticəsində yol-nəqliyyat kompleksinin ayrı-ayrı qurğuları yüksək keyfiyyətlə tikilərək istismara verilir. Ümumiyyətlə Bakı şəhərində 113 piyada keçidi tikilib istifadəyə verilib. Onlardan 41-i yerüstü piyada keçidi, 72-si yeraltı piyada keçididir. Ölkəmizin respublika əhəmiyyətli magistral yollarında 64 yeraltı və yerüstü piyada keçidi, rayon və şəhərlərin daxilində 3 ədəd, ümumilikdə isə bu günədək ölkədə 180 ədəd piyada keçidinin tikilərək istifadəyə verilməsi yol infrastrukturunun yaxşılaşdırılması sahəsində çox mühüm və ardıcıl işlərin həyata keçirilməsinin göstəricisidir. Bu gün ölkəmizdə avtomobil yollarında hərəkətin təhlükəsizliyini və vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə kompleks tədbirlər icra olunur. Bu baxımdan, yerüstü və yeraltı piyada keçidlərinin tikintisi işləri xüsusi əhəmiyyəti ilə seçilir. Görülən işlər ümumilikdə paytaxtımızın nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə töhfə verir və ölkəmizin artan iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, Azərbaycanda dövlət səviyyəsində sosial sahəyə olan diqqəti də aydın göstərir".
Süleyman İsmayılbəyli
Olaylar.az