Partiya sədri çağırış etdi- “Elmimizin çırağını sönməyə qoymayaq!”

 “Tarix boyu insanları, dünyanı böyük bəlalardan, acılardan elm qurtarmışdır. Hazırda planetimizdə fəlakətli vəziyyət yaradan koronavirusla mübarizənin ön cəbhəsində dayanan elə elmdir. Bəlkə də, dünya alimlərinin nailiyyətləri, kəşfləri, tədqiqatları olmasaydı, itkilərin miqyası ölçüyə gəlməzdi”.

 "Tarix boyu insanları, dünyanı böyük bəlalardan, acılardan elm qurtarmışdır. Hazırda planetimizdə fəlakətli vəziyyət yaradan koronavirusla mübarizənin ön cəbhəsində dayanan elə elmdir. Bəlkə də, dünya alimlərinin nailiyyətləri, kəşfləri, tədqiqatları olmasaydı, itkilərin miqyası ölçüyə gəlməzdi".

"Olaylar" xəbər verir ki, bunu deyən Yurddaş Partiyasının sədri Mayis Səfərli bildirib ki, pandemiyanın pik vaxtında dostlarından olan bir tibb alimini telefonla arayıb: "-Vəziyyət nə yerdədir? Çoxmu qalıb virusa qarşı dərmanın hazırlanmasına? Milli elmimiz nə düşünür?

-Gedin, milyonlar verib ölkəyə gətirilən futbolçulardan, böyük pullar qarşılığında hansısa tədbirlərimizdə də bir-iki ağız oxuyan xarici müğənnilərdən soruşun. Bizə 500-600 manat məvacib verirlər, amma çox şey istəyirlər-deyən alimin cavabı məni heç təəccübləndirmədi. Elmimizin durumu hər kəsə bəllidir. Vaxtilə bir çox sferalarda, xüsusilə də neft-kimya sahəsində ciddi araşdırmalar aparan, uğurlara imza atan elmimizdə bir durğunluq, hətta geriləmə var. Durub desəm ki, dövlətin elmə diqqəti azdır, doğru olmaz. Hökumət elmi qızıla tutmasa da, onun inkşafına, irəliləməsinə xeyli vəsait ayırır. Axı, bir də ki, elm özü qazanc gətirməlidir. İnkşaf etmiş dövlətlərdə, elmi mərkəzlərin, institutların qazancı yüz milyonlarla, milyardlarla ölçülür. Böyük maddi-texniki imkanlara, potensiala malik Azərbaycan Milli Elmlər Akademiyası isə dövlətdən pul umur, onun hesabına yaşayır".

Partiya sədrinin qənaətinə görə, problemin kökündə ilk növbədə köhnə idarəçilik üsulu durur: "Bizim Akademiya hələ də Sovetlər dönəmindəki qaydalarla idarə olunur. Orada hər şey sosializmi xatırladır. Elə onun indiki rəhbərinin özü də. Prezident Administrasiyasının keçmiş rəhbəri, illərdir akademik titulunu daşıyan R.Mehdiyev AMEA-ya prezident təyin olunanda çoxları fikirləşirdi ki, bu adam işə başlayan kimi, qollarını çırmalayıb islahatlara başlayacaq. Yanıldılar. Heç nə dəyişməyir. Ramiz Mehdiyevin özünə yaxın insanları və həyat yoldaşını Akademiyada hansısa vəzifəyə təyin etməkdən başqa yaddaqalan fəaliyyəti yoxdur... Qəribədir, Azərbaycanda son illərdə müxtəlif elmi adlara malik insanların sayı həndəsi silsilə ilə artsa da,  ortaya dünya səviyyəsinə çıxarılacaq nə bir sanballı kəşfimiz, nə də tədqiqatımız var. Soy adlarına elmi titullar əlavə etmək sanki bir dəbə, moda fəryadına çevrilmişdir. Dövlət məmurları, deputatlar, iş adamları, zənginlər də həvəslə belə adlara yiyələnməyə çalışırlar. Elə bil onlara vəh gəlib. Bir oğul istəyirəm ki, onların elmi irsini(?)araşdırıb ortaya qoysun. Onda kimin alim, kimin şöhrət düşkünü olduğu üzə çıxar. Bütün elmlərin mahiyyəti varlıqları, gerçəkliyi doğru şəkildə öyrənməkdir. Bu çox zəhmət tələb edən bir işdir. İstedad, dərin savad, elmə sevgi tələb edən bir işdir. Şöhrət düşkünü bunun öhdəsindən əsla gələ bilməz. Nə isə. Bir yerdə kiçik insanların böyük kölgələri varsa, deməli, o yerdə günəş qürub edir. Elmimizin çırağını sönməyə qoymayaq!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31